Azərbaycan səfiri Amerika generallarına “İsgəndər” təhlükəsi haqda danışdı
14.04.2017 18:01 Sosreaksiya 1223
ABŞ-ın Milli Müdafiə Universitetinin (MMU) dəvəti əsasında Azərbaycanın səfiri Elin Süleymanov Şimali Karolina ştatında yerləşən Fort Brəq hərbi mərkəzinə səfər edib. E.Süleymanov ABŞ Ordusunun Con Kennedi adına Xüsusi Əməliyyatlar üzrə Mükəmməllik Mərkəzinin rəhbəri, general Ceyms Linder, MMU-nun Birgə Xüsusi Əməliyyatlar Magistratura Proqramının rəhbəri Dr. David Valtonla görüşüb, Fort Brəqdə yerləşən müxtəlif hərbi qərargahların şəxsi və akademik heyətinin iştirakı ilə təşkil olunan tədbirdə xüsusi qonaq qismində çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
AzərTAc bildirir ki, Mükəmməllik Mərkəzinin rəhbəri, general Ceyms Linder ilə görüşdə səfir E.Süleymanov Azərbaycanın xarici siyasət prioritetləri və onun üzləşdiyi çağırışlar barədə danışıb, həmçinin qlobal terrorçuluğa qarşı mübarizə sahəsində göstərdiyi səylər və ölkəmizin bu sahədə töhfələri barədə fikir mübadiləsi aparılıb.
MMU-nun proqram rəhbəri Dr. David Valtonla görüşdə proqram çərçivəsində həyata keçirilən akademik fəaliyyət və regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Mərkəzin və digər komandanlıqların 200-ə yaxın əməkdaşının iştirak etdiyi tədbirdə Azərbaycan diplomatı dinləyicilərə ölkəmizin strateji-coğrafi mövqeyi barədə məlumat verib, respublikamızın Qərb-Şərq, Şimal-Cənub yollarının kəsişməsində və müxtəlif mədəniyyətlərin qovuşuğunda yerləşdiyini bildirib. E.Süleymanov Azərbaycanın transkontinental tarixi İpək yolunun bərpasına verdiyi töhfələrə və həyata keçirdiyi irimiqyaslı nəqliyyat layihələrinə də toxunub. Diplomat Bakı-Tbilisi-Qars dəmir yolunun, Xəzər dənizində ən böyük limanın tikintisindən, ölkədə avtomobil, dəmir yolu və dəniz nəqliyyatı infrastrukturunun əhəmiyyətli dərəcədə inkişaf etməsindən, eləcə də hava nəqliyyatı sahəsində regionun ən qabaqcıl sərnişin və karqo terminallarının inşasından danışıb, “Silkway Airlines” karqo şirkətinin rolunu vurğulayıb.
Sonra E.Süleymanov Azərbaycanın enerji siyasəti, ölkəmizin təşəbbüsü ilə icra olunan layihələr barədə məlumat verib və bu layihələrin enerji təhlükəsizliyi baxımından əhəmiyyətini izah edib. Bildirib ki, ölkə rəhbərliyinin qəbul etdiyi strateji qərarlar nəticəsində regionda məhz Azərbaycan inkişaf mərkəzinə çevrilib və bu gün beynəlxalq səviyyədə ölkəmiz etibarlı, qətiyyətli və öz öhdəliklərinə sadiq tərəfdaş kimi tanınır. Diplomat Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən beynəlxalq əhəmiyyətli layihələrin nəinki iqtisadi və enerji baxımından önəmli olduğunu, onların uğurla həyata keçirilməsinin Cənubi Avropada əməkdaşlıq imkanları vəd edən yeni coğrafi zolağın meydana gəlməsinə zəmin yaratdığını söyləyib.
Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin münaqişənin həlli üzrə mövqeyi və Ermənistanın sülhə zərbə vuran fəaliyyətləri barədə də ətraflı məlumat verilib. Səfir E.Süleymanov təəssüflə qeyd edib ki, otuz ilə yaxın dövrün keçməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri pozulmaqda davam edir və işğal səbəbindən məcburi köçkün vəziyyətinə düşmüş 1 milyondan çox soydaşımız öz doğma yurdlarına qayıtmaqdan məhrumdurlar. Diplomat Azərbaycanla Ermənistanı müqayisə edərək, ölkəmizin tolerantlıq və vətəndaşlıq prinsipinə əsaslanan müasir cəmiyyətə malik olduğu halda, Ermənistanın etnik baxımdan homogen və müstəsna olaraq vahid etnik tərkibə əsaslandığını deyib.
Münaqişənin bütün region üçün əsas təhdid kimi qaldığını bildirən səfir E.Süleymanov Azərbaycanın ərazilərinin işğalının davam etməsinin ən çox Ermənistan dövlətçiliyinin və erməni xalqının gələcəyinə ziyan vurduğunu diqqətə çatdırıb. Diplomat Ermənistan prezidenti Serj Sarkisyanın bu yaxınlarda regionun əsas inkişaf mənbəyi olan enerji infrastrukturunu “İskəndər” raketləri ilə təhdid edən məsuliyyətsiz bəyanatını xatırladıb, Azərbaycanın isə münaqişənin beynəlxalq hüquqa əsaslanaraq həllinə, gələcəkdə Azərbaycan və erməni xalqlarının sülh şəraitində birgə yaşayışına ümidvar olduğunu bildirib.
Sonda səfir E.Süleymanov ölkəmizin nəqliyyat tranzit potensialının gücləndirilməsi, regionda təhlükəsizlik, respublikamızda həyata keçirilən iqtisadi islahatlar barədə sualları cavablandırıb.
Qeyd edək ki, Fort Brəq şəxsi heyətin sayına görə dünyanın ən böyük hərbi mərkəzlərindən biri hesab olunur və əsasən ABŞ-ın xüsusi əməliyyatlar sahəsində heyətinin təhsil, təlim və hazırlığı, habelə belə əməliyyatların siyasəti və doktrinasının hazırlanması üzrə ixtisaslaşıb.
Şərhlər