Qadın hüquqlarının müdafiəsi ilə bağlı Milli Fəaliyyət Planı hazırlanacaq

17.04.2017 15:28     Sosreaksiya     1055

Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən, hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək Milli Əlaqələndirmə Şurasının yaradılması və qadın hüquqlarının müdafiəsi istiqamətində Milli Fəaliyyət Planının hazırlanması nəzərdə tutulur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitə sədri Hicran Hüseynovanın bu məqsədlə Azərbaycanda işgüzar səfərdə olan BMT eksperti Pramila Patten ilə görüşündə bildirilib ki, Azərbaycan Hökumətinin BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan nümayəndəliyi ilə birgə mütəmadi olaraq, sosial inkişaf istiqamətində müxtəlif layihələr həyata keçirilir.

Belə layihələrdən biri də ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2016-cı ildən başlayaraq iki il müddətində icra edilən “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihəsidir. Layihənin əsas məqsədi gender-əsaslı zorakılıqla mübarizədə effektiv cavab mexanizminin yaradılmasında Azərbaycan hökumətinə dəstək verməkdir. Bu layihənin əsas komponentlərindən biri də məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində müvafiq qurumlararası Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planın hazırlanmasıdır.

P.Patten qeyd edib ki, səfərinin məqsədi Azərbaycanda məişət zorakılığının qarşısının alınması və qurbanların müdafiəsi sahəsində vahid dövlət siyasətini həyata keçirən hökumət qurumları və vətəndaş cəmiyyəti nümayəndələrinin fəaliyyətini əlaqələndirəcək – Milli Əlaqələndirmə Şurasının yaradılması üzrə tövsiyələr hazırlamaqdır. O, Qadınlara qarşı ayrı-seçkiliyin bütün növlərinin aradan qaldırılması üzrə BMT Konvensiyası (CEDAW) üzrə tövsiyələri diqqətə çatdırıb.

P.Patten, eyni zamanda bildirib ki, 20-21 aprel tarixində BMT-nin Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə dair Milli Fəaliyyət Planının hazırlanması üzrə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində bir sıra dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə təlimlər keçiriləcək

Reaksiya.az

Şərhlər

Çox oxunanlar