Türklərdən Tehrana “erməni” xəbərdarlığı

24.04.2017 12:15     Sosreaksiya     1461

İrandakı Azərbaycan Milli Hərəkat fəalları Daşnaksütyun ideologiyası tərəfdarlarına Tehranda uydurma erməni soyqırımı ilə əlaqədar keçirmək istədikləri etiraz aksiyasına görə xəbərdarlıq ediblər.

Axar.az “GAMAC.info”ya istinadən xəbər verir ki, fəallar bəyanatda Azərbaycan və türk dünyası əleyhinə saxta tarixi iddiaların səsləndirilməsinin heç bir şəkildə qəbul edilməyəcəyini bildiriblər:

“Müşahidələrə görə, Daşnaksütyun Partiyasının lobbisi, Ararat Gənclər Birliyi, Tehran Ararat İdman və Mədəniyyət Klubu, Müqəddəs Sərkis Kilsəsi və Ermənistanın Tehrandakı səfirliyi Daxili İşlər Nazirliyinə məktub göndərərək, uydurma erməni soyqırımı ilə əlaqədar aprelin 24-də Tehranda etiraz aksiyası keçirmək üçün icazə istəyiblər. İran dövləti ötən illərdə 40 milyon Azərbaycan türkünün gözü qarşısında onların yalançı iddialarının təkrar edilməsinə şərait yaratmışdır. Lakin ötən il erməni lobbisinə belə bir icazə verilmədi və onlar sadəcə Tehranda Müqəddəs Sərkis Kilsəsində Türkiyə və türk dünyasına qarşı şüarlar səsləndirdilər.

Güney Azərbaycan türk milləti heç bir irq, məzhəb və dinlə düşmənçilik etmir. Azərbaycan Milli Hərəkatının ideyaları sülh prinsipi və demokratik üsullara söykənir. Lakin Azərbaycan və türk dünyası əleyhinə saxta tarix quraşdırmaq heç bir şəkildə qəbul edilə bilməz. Ermənistan ordusunun Dağlıq Qarabağdakı cinayətləri, Daşnaksütyun Partiyası və ciloların Urmiya, Xoy və Salmasda törətdikləri faciə bir acı xatirə kimi hələ də yaddaşlardan silinməyib. Belə bir vəziyyətdə onların islam hökuməti bayrağı altında türklərə qarşı aksiya keçirməsi tamamilə qəbuledilməzdir. Ölkədə seçki ərəfəsində Daşnaksütyun Partiyası tərəfdarlarının Türkiyə səfirliyi qarşısında aksiya keçirməsi İslam Cümhuriyyəti üçün bir qara ləkə olmaqla yanaşı, Azərbaycan türk millətinin kəskin etirazına səbəb olacaq. Təbii ki, bu hadisə seçkilər dönəmində Təbriz, Tehran və Urmiya kimi şəhərlərin təhlükəsizlik vəziyyətinə də öz təsirini göstərəcək”, - deyə bəyanatda qeyd olunub.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar