"Ruh" dəyirmi masa keçirdi.
28.04.2017 16:31 Sosreaksiya 1248
Aprelin 26-da Oğuz rayonunda "Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək" layihəsi çərçivəsində ilk dəyirmi masa keçirilib.
Toplantını giriş sözü ilə Oğuz Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Sərdar Nəbiyev açıb. O bildirib ki, Oğuz rayonunda da müxtəlif əhali kateqoriyaları sosial şəbəkələrdə aktiv şəkildə iştirak edirlər və bu, vətəndaşların ictimai həyatda fəal iştirakı baxımından vacib məqamdır. Lakin təkcə rayonda deyil, ümumən respublikadakı bu fəallıq heç də həmişə səmərəli nəticələr vermir. "Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin layihəsi ona hesablanıb ki, belə mənfi təmayüllər barədə cəmiyyət məlumatlansın və maariflənərək sosial şəbəkələrdən düzgün yararlanma vərdişləri əldə etsin.
"Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri, "Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək" layihəsinin rəhbəri Əvəz Rüstəmov çıxışında gerçəkləşdirilməkdə olan təşəbbüsün məqsəd və vəzifələri barədə məlumat verib. O bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan əhali qrupları içərisində sosial şəbəkələrdən düzgün istifadəni təbliğ etmək, bu məkanı söz və ifadə azadlığının mühüm arealı kimi diqqətə çatdırmaqla hər bir şəxsin vətəndaş cəmiyyəti quruculuğundakı rolunu artırmaq, sosial şəbəkələrdəki zərərli tendensiyalar barədə məlumatlandırma işləri aparmaq layihənin əsas məqsədini təşkil edir.
"Sosial şəbəkələrdən faydalanmağın təbliği ilə vətəndaş cəmiyyəti quruculuğuna dəstək" layihəsinin eksperti, "Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyinin sədri Seymur Verdizadə bildirib ki, Azərbaycanda internetin inkişafı ilə bağlı çoxsaylı işlər görülüb. Lakin demək olmaz ki, bu məkan hüquqi münasibətlər sistemində oturuşmuş mövqeyə malikdir. Ümumən dünyanın bir çox bölgələrində ona birmənalı hüquqi baxış yoxdur. Müxtəlif ölkələr özlərinin praktikasından çıxış edərək prosedurlar tətbiq edirlər. Azərbaycanda da bununla bağlı tədbirlər gerçəkləşdirilib. Müəyyən dövlət sənədlərinə əlavə və dəyişikliklər nəticəsində internetin hüquqi münasibətlər sistemimizdə çəkisi yaradılıb. Azərbaycan Respublikasının baş prokuroru cənab Zakir Qaralovun Cinayət Məcəlləsinə təklif etdiyi əlavələr də bu baxımdan mühüm yer tutur. Həmin əlavələrdə sosial şəbəkələrdə təhqir və böhtanların, yalan məlumatların yayılmasına, saxta adlarla bu və ya digər xoşagəlməz fəaliyyətin gerçəkləşdirilməsinə qarşı məsuliyyət nəzərdə tutulub. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən toplantıda sosial şəbəkərlərdən istifadə mədəniyyətinin formalaşmasındakı ayrı-ayrı faktorlara nəzər salınıb, təkliflər qruplaşdırılıb.
Şərhlər