“Ordumuzun bu taktikası ilə torpaqlar azad oluna bilər”.

03.05.2017 13:10     Sosreaksiya     1089

"Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlər keçirməsi çox böyük hərbi-siyasi əhəmiyyət daşıyır. Türkiyə dünyada və NATO dövlətləri arasında ən güclü, ən inkişaf etmiş və təmin olunmuş ordulardan birinə sahibdir. Eyni zamanda Türkiyə Azərbaycana ən yaxın, dost, qardaş, müttəfiq dövlətdir".

Reaksiya.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimlərinin keçirilməsini şərh edən hərbi ekspert, sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov bildirib. Generalın fikrincə, birgə hərbi təlimlərin keçirilməsi hər iki ölkənin ordusu üçün çox faydalıdır: "Bizim üçün ona görə faydalıdır ki, dünyanın ən güclü ordularından birindən həm döyüş silahlarının tətbiqi, həm də regiona aid müharibə meydanında əməliyyatların aparılması baxımından öyrənilməli məsələlər çoxdur. Sözsüz ki, Türkiyə ordusu da bizdən çox şey öyrənir. Azərbaycan çox qısa zamanda güclənib və yüksək səviyyəyə qalxmış orduya malikdir. Təbii ki, bu cəhətdən bizdən də öyrəniləsi şeylər var.

Bundan əlavə, taktiki təlimlərdə yeni döyüş metodları, qoşunların və hərb texnikanın tətbiqinin yeni üsulları sınaqdan keçirilir. Eyni zamanda yeni döyüş metodları kəşf olunur. Ona görə də bu təlimlər çox önəmli rol oynayır. Bu eyni zamanda bəzi dövlətlərə də siyasi mesajdır ki, Azərbaycanın müttəfiqləri var və meydanda tək qalmayacaq. Azərbaycanın ona qələbə qazandıra biləcək qədər hərbi, iqtisadi gücü və ən əsası bacarıqlı rəhbərliyi var".

Y.Aydəmirov qeyd edir ki, adətən bütün döyüş təlimləri mövcud vəziyyətə uyğun ssenari üzərində qurulur: "Yəni Dağlıq Qarabağ dağlıq, kəskin relyefə malik ərazidə yerləşir. Bunlar hamısı nəzərə alınır. Torpaqların azad olunması üçün də hansı metodlardan, taktika və strategiyalardan istifadə olunması, hücum əməliyyatları, onların hansı relyefdə və hava şəraitində keçirilməsinin hamısı təlimlərdə nəzərə alınır və sınaqdan keçirilir. 

Belə hərbi təlimlər göstərir ki, nəticələr çox yüksəkdir. Bu, işğal olunmuş torpaqlarda uğurlu döyüş əməliyyatlar aparıla və onların azad oluna biləcəyinə də əyani sübutdur. Bu təlimlər həmçinin düşmən dövlətə və onun himayədarlarına, eləcə də beynəlxalq ictimaiyyətə ciddi mesajdır. Yəni Azərbaycan ordusu təlimlərdə göstərdiyi eyni uğurla Ermənistanın işğal etdiyi torpaqları azad edə bilər. Təlimlərdəki ssenarilər də məhz bunun üzərində qurulur". 

Qeyd edək ki, mayın 1-dən etibarən Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri keçirilir. 

Reaksiya.az

 

 

Şərhlər

Çox oxunanlar