GMO ilə bağlı qalmaqal böyüyür - Bu dəfə mübahisəyə millət vəkili Eldar İbrahimov qoşulub

28.07.2015 15:51     Sosreaksiya     2350

Bir müddət əvvəl Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov mətbuata açıqlamasında Azərbaycana gətirilən kənd təsərrüfat məhsuları ilə bağlı sensasion məlumatlar vermişdi. Bildirmişdi ki, hər gün istifadə etdiyimiz pomidorların 80, qarpızların 70, kartofların 40, qırmızı bibərlərin isə 98 faizinin geni modifikasiya olunub. Ekspert həyəcan təbili çalımışdı, bir neçə ildən sonra doğulan uşaqların əksəriyyətində ağır xəstəliklərin olacağını söyləmişdi.

Bu dəfə millət vəkili Milli Məclisin Aqrar məsələlər komitəsinin sədri Eldar Ibrahimov məlum fakta münasibət bildirib. Eldar İbrahimov mətbuata açıqlamasında söyləyib ki, Eyyub Hüseynov bu işlərlə məşğul olan adamdı. Kənd təsərrüfat mallarının hansının neçə faiz genlərinin dəyişdirilməsini onlar daha yaxşı bilir. Biz qanunverici orqanıq. Bu məsələlər qanunla tənzimlənir. Geni dəyişdirilmiş malların ölkəmizə daxil olması ilə əlaqədar olaraq, Milli Məclisin Aqrar Siyasət Komissiyasında 6 qanuna əlavə dəyişikliklər olunub. Konkret olaraq, toxumçuluq haqqında qanunda belə məhsulların ölkəyə gətirilməsinə qadağa qoyulub. Geni dəyişdirilən məhsulun istər toxumu, istər tingi, istərsə də özü Azərbaycana daxil ola bilməz. Azərbaycana daxil olan, geni dəyişdirilən məhsulun etiketi olmalıdır. Həmin məhsulun üstündə onun necə faiz geninin dəyişdirilməsi yazılmalıdır. Bütün bunların qarşısını almaq üçün bu yaxınlarda prezidentin imzası ilə bizə qanunlar daxil oldu. O qanunlarda geni dəyişdirilən məhsulların ölkəyə gətirilməsi ilə İnzibati Xətalar və Cinayət Məcəlləsində cəzalar nəzərdə tutulur. Bu cəzalara aşağıdakılar aiddir:
Cinayət Məcəlləsində genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsi və ölkədə istehsalı aşkarlanarsa, 200-2, 200-2.1, 200-2.2 maddələri nəzərdə tutulur. Həmin maddələrə görə, 3 min manatdan 5 min manata kimi cərimə və ya 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası, 4 min manatdan 6 min manata kimi cərimə, və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası, bu əməlləri küllü miqdarda törətdikdə 7 min manatdan 9 min manata kimi cərimə və ya iki ildən 5 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Baxın, həm cinayət, həm cəza...Biz bu qaydaları niyə qoyuruq? Geni dəyişdirilən məhsulların Azərbaycana gətirilməsi mümkün olmasın, qarşısı alınsın. Daha bundan artıq nə etmək olar? Biz bu qanunu qəbul etmişik. Bu qanunu da Prezidentimiz imza edib. Bildiyimə görə, bu qanun artıq hərəkətə başlamalıdır. Qanun kim və hansı müvafiq icra hakimiyyəti tərəfindən həyata keçəcəksə, mexanizmi nədən ibarət olacaqsa, bu artıq onların işdir. Biz qanuni işimizi qurtardıq. İcra hakimiyyətləri orqanlarının hər birində həmin qanun var. Amma kimsə bunu Azərbaycana gətirirsə və onu kimsə həbs etmirsə, bu artıq bizlik deyil.

Geni dəyişdirilmiş məhsulların Azərbaycana gətirilməsi həm də yeli toxumçuluğa mənfi təsir göstərə bilər. Mən 20 ildir ki, bu barədə danışıram. Ən çox müsahibə verdiyim bu sahədir. Çünki hamı üçün bu sahə maraqlıdır. Bəli, bu gün geni dəyişdirilmiş kənd təsərrüfat məhsullarının Azərbaycana gətirilməsi lazımsızdır və cinayətdir. Nəyə görə? Biz bu gün xalqımızı özümüzün kənd təsərrüfat məhsulları ilə təmin edirik. Belə olan halda bizə nə lazımdır? Bu geni dəyişdirilən kənd təsərrüfat məhsulları haradan ortalığa çıxıb? Amerika alimləri bunu biznesə döndəriblər. Bir qrup Amerika alimləri deyir ki, bu məhsulların insan orqanizminə ziyanı yoxdur. Bir qrup alimlər isə deyir ki, bu insan orqanizminə ziyandır. Və həqiqətən də bu məhsullar insan orqanizmi üçün zərərlidir. Baxın bu məhsullar istehsal olunur, marketlərə paylanılır. Bu məhsullar Azərbaycanın bütün marketlərində satılır. Həmin məhsullar illərlə marketlərdə qalır, xarab olmur. Amma Quba alması mağazaya gələndən 5 gün sonra xarab olur. Niyə? Çünki özümüzünküdur, təbiidir. Quba almasını qurd yeyir. Qurd insandan ağıllıdır, bilir ki, hansı almaya girmək olar. Qurd Quba almasına girir, amma geni dəyişən almaya girmir. Həmin meyvələrin içində zəhərli maddələr var, hansı ki, onlar insan orqanizminə zərərdir. İndi bu gün geni dəyişdirilən kənd təsərrüfat məhsullarını yedik, o demək deyil ki, sabah mütləq öləcəyik. Çoxları bunu belə düşünür. Əsla belə deyil. Gendən keçən müəyyən zəhərli maddələr bədənə keçir və yavaş-yavaş bədəndə öz işini görür. Elə buna görədir ki, indi adı məlum olmayan, heç vaxt haradasa eşitmədiymiz xəstəliklər ortaya çıxıb. Xüsusi ilə xərçəng xəstəliyi çoxalıb.

Bu məhsullar müəyyən ölkələr üçün müvafiqdir.  O ölkələr ki, məsələn, Afrika ölkələrində 1 milyard əhali aclıq içində yaşayır. Pis çıxmasın, acından ölməkdənsə, bunu yesin ki, yavaş-yavaş ölsün. Həmin məhsullar onlar üçün vacidbi, çünki yeməyə məhsul tapmırlar. Azərbaycan üçün isə bu, məqsədə müvafiq deyil. Biz xalqımızın sağlamlığını qorumaq üçün sərhədlərdə geni dəyişdirilən məhsulların Azərbaycana daxil olmasından qorunmalıyıq”. 

Şərhlər

Çox oxunanlar