Masallıda dünyasını dəyişmiş 74 yaşlı qadınla bağlı təfərrüatlar üzə çıxıb
05.05.2017 14:05 Sosreaksiya 1246
Masallı rayonunda yaşadığı mənzildə qətlə yetirildiyi iddia olunan 74 yaşlı Gülgəz İsrafilovanın ölümü ilə bağlı bəzi təfərrüatlar üzə çıxıb.
"Report"un məlumatına görə, rayonun Ərkivan qəsəbəsi Abbaslı məhəlləsindəki evində tənha yaşayan 74 yaşlı qadının oğlu anasından xəbər tutmaq üçün evlərinə zəng vurub. Telefon zənginə də cavab vermədikdə narahat olub anasının yaşadığı evə gəlib. Qapını bağlı gördükdə pəncərədən evə daxil olub və anasını ölmüş vəziyyətdə görüb. Həyəcanlı halda qonşulara anasının öldürüldüyünü deyib.
Hadisə yerini müayinə edən hüquq-mühafizə orqanı əməkdaşları evdə hər hansı bir qarət əlamətinin olmadığını müəyyən ediblər. Aparılan araşdırmalar nəticəsində qadının şəkərli diabet xəstəsi olduğu, sübh vaxtı namaza durarkən halının pisləşdiyi və yıxılaraq başından xəsarət aldığı müəyyən edilib.
Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə göndərilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda araşdırma davam edir.
Şərhlər