BQXK əməkdaşları Dilqəm və Şahbaza baş çəkdilər
10.05.2017 11:12 Sosreaksiya 1080
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlılara baş çəkib.
Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya məlumat verib.
Bildirib ki, onlara ailələri ilə məlumat mübadiləsi aparmaları üçün şərait yaradılıb və baş çəkmə BQXK-nın standart proseduralarına uyğun aparılıb.
İ. Hüseynova həmçinin qeyd edib ki, BXQK mandatına uyğun olaraq saxlanılan şəxslərə ona görə baş çəkir ki, saxlanma şəraitini və onlarla davranışı monitorinq etsin və bu insanların ailələri ilə əlaqə saxlamasına yardımçı olsun.
Qeyd edək ki, hazırda Dağlıq Qarabağda üç azərbaycanlı saxlanılır.
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H. Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Azərbaycan vətəndaşı Elnur Hüseynzadə isə bu ilin fevralında Talış kəndi istiqamətində naməlum şəraitdə ermənilərin əlinə düşüb.
Şərhlər