Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

10.05.2017 20:02     Sosreaksiya     1135

Reaksiya.az xəbər verir ki,10 may 2017-ci il tarixdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü qeyd olunmuşdur. Bu münasibətlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında tədbir keçirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini general-mayor Zaur Abdullayev çıxış edərək Ümummilli Liderin Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında və milli dövlətçiliyin formalaşdırılması sahəsində xidmətlərindən ətraflı danışmışdır. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrindən, hərbçi kadrların yetişdirilməsi işinə xüsusi əhəmiyyət verməsindən və bu missiyanın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilməsindən söz açmışdır.

Z.Abdullayev bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış və ən çətin anlarda ona müraciət etmişdir. Qeyd etmişdir ki, Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.

Tədbirdə Ulu Öndər Heydər Əliyevə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.

Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Aparatının və Bakı qarnizonunun hərbi qulluqçuları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etmişlər.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar