Whatsapp-la zənglərin qarşısı niyə alınıb?

17.05.2017 08:32     Sosreaksiya     1801

Osman Gündüz: “Bunu bir neçə qurum edə bilər”


Bir neçə gündür ki, Skype və Whatsapp ilə xaricdəki nömrələrə zəng etmək mümkün deyil. Daha doğrusu, zənglər baş tutsa da, səs gəlmir və ya anlaşılmaz şəkildə, qırıq-qırıq formada olur ki, bununla da dialoq baş tutmur. İnsanlar da məcburən danışığı alternativ vasitələrlə həll etməyə çalışırlar. Bunlar alınmayanda isə zəng ənənəvi yolla gerçəkləşir ki, bu da ciddi şəkildə məsrəf deməkdir.


Bu haqda tanınmış ictimai fəal Bəxtiyar Hacıyev də sosial şəbəkədəki statusunda yazıb. B.Hacıyev qeyd edib ki, “Skype və Whatsapp ilə neçə gündür xaricdəki nömrələrə zəng edə bilmir: ”Nədənsə, Azərbaycanda qadağan ediblər bunu. Məcbur qalıb, mobil telefonla zəng etməli oluram, bu isə çox baha çıxır. Telefonun balansı 1-2 zəngdən sonra bitir.


Facebookda postlardan belə başa düşürəm ki, xaricdə yaşayan, oxuyan gənclərin də çoxunda Azərbaycanla Skype/Whatsapp zənglərində belə problem var. Kimə şikayət edək? Bir nəfər ərizə yazsın, göyərçinlə göndərsin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə, 1-2 aya çatar, reaksiya verərlər".


Bu qadağa hansı formada mümkün ola bilər? Azərbaycanda bunu həyata keçirəcək hansı rəsmi qurum var və bu, gizli yollarla mümkündürmü? Multimedia Mərkəzinin rəhbəri Osman Gündüz “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanda əvvəllər də Whatsapp-la zəng etmək məsələsində problem olub. Müsahibimizin sözlərinə görə, bu problem daha çox ləğv edilmiş MTN-lə bağlı qalmaqaldan öncə özünü göstərirdi: “Həmin vaxt uzun-uzadı yazışmalar gedirdi. Amma sonradan MTN-lə bağlı bu işlər aşkarlandı və məsələ də öz həllini tapdı. Son günlər isə sosial şəbəkədəki müzakirələrdən də anlaşılır ki, eyni problem yenidən aktuallaşıb. Hələ də dəqiqləşdirə bilmirik ki, problem hansı səviyyədədir və haradan qaynaqlanır. Üç mobil operator bunu bloklaya bilər - "Azercell", "Bakcell" və "Nar". Ya da bunu rəsmi provayderlər olan "Delta Telekom" və "AzerTelekom" edə bilər. Amma bunun özbaşına həyata keçirilməsi mümkünsüzdür. Bununla bağlı qanunvericilik var və qərar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən həyata keçirilə bilər”.

Image result for osman gündüz


Müsahibimiz həmçinin vurğuladı ki, bu, Whatsapp, Skayp-ın özündən qaynaqlanan problem də ola bilər. Amma O.Gündüz bunu aşağı ehtimal hesab etdiyini dedi: “Hazırkı yaradılan qadağa yüzdə-yüz qanunsuzdur. Bunu tənzimləyici qurum edə bilər. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bununla bağlı provayderlərə müraciət edə bilərmi? Bunun da xüsusi forması var. Adını çəkdiyim mobil operatorların biznes maraqları var. Maraqlı dairələrlə işbirliyi qurub. Qərarla resurslara giriş qadağan oluna bilər”.


O.Gündüz burada eyni zamanda təhlükəsizlik məsələsi olduğunu da dedi. Onun sözlərinə görə, əgər mobil operatorlar tənzimləyici qurumun qərarını əldə ediblərsə, bu, mümkündür: “Bundan başqa, oradan ötürülən informasiyaların şifrəsini aça bilmirlərsə, bu halda da qadağa qoyula bilər. Bunun da səbəbi sırf təhlükəsizlikdir.


Daha bir versiya isə ondan ibarətdir ki, hazırda Azərbaycanda gedən İslam oyunları ilə bağlı ölkədən xaricə informasiya ötürülməsinin qarşısı alınsın deyə belə bir qadağa tətbiq olunub. Təbii ki, bu, ən aşağı ehtimal olsa da, qadağanın indiki ərəfədə olması onu gücləndirir".

Reaksiya.az

Şərhlər

Çox oxunanlar