Lapşinin istintaqı yekunlaşdı

26.05.2017 12:40     Sosreaksiya     1363

Bakıda həbsdə olan bloqer Alenksandr Lapşinin barəsindəki cinayət işinin istintaqı başa çatıb.

Bu barədə Trend-ə A. Lapşinin vəkili Eduard Çernin məlumat verib.

Vəkil bu gün Bakı İstintaq Təcridxanasının tibb məntəqəsində A.Lapşinlə görüşüb: “Hazırda tibb məntəqəsində müalicə olunur. Müalicələri davam etdirilir, özünü normal hiss edir, vəziyyətində kəskinləşmə yoxdur. Bu gün müstəntiq də cinayət işinin istintaqının yekunlaşmasını elan etdi. Mayın 30-da istintaq materialları tanış olmaq üçün mənə təqdim ediləcək və sonra məhkəməyə göndəriləcək”.

Xatırladaq ki, ittihama görə, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Ermənistan silahlı qüvvələri tərəfındən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında", "Pasportlar haqqında" Azərbaycan Respublikası qanunlarının tələblərini kobud surətdə pozmaqla Azərbaycanın mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal olunmuş ərazilərə daxil olmuşdu.

Belarus Baş Prokurorluğu bu il yanvarın 17-də A.Lapşinin Azərbaycana ekstradisiyası barədə qərar vermişdi. A.Lapşin isə Belarus Baş Prokurorluğunun qərarından apelyasiya şikayəti vermişdi.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar