Füzuli, Cəbrayıl və Mingəçevirdə əməliyyat keçirildi

27.05.2017 15:29     Sosreaksiya     1334

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Füzuli, Cəbrayıl rayonları və Mingəçevir şəhərində əməliyyat keçirib.

Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 1074 ədəd qəlpə tapılıb, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib, nəticə etibarilə 23 690 kvadrat metr (2.37 ha) ərazi tam təmizlənib, 21 300 kvadrat metr (2.13 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Füzuli rayonu Əhmədalılar kəndində 1 ev və həyətyanı sahəyə baxış keçirilib, 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 250 kvadrat metr ərazi yoxlanılıb.

Mingəçevir şəhəri Naxçıvani küçəsi 31 ünvanında yerləşən binanın arxasındakı şübhəli çantaya baxış keçirilib, 1 dəst hərbi ləvazimatlardan ibarət çanta tapılıb, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.

FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin məlumatına görə, ümumilikdə agentlik tərəfindən 1 yanvar - 27 may 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Daşkəsən, Salyan, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 9 otlaq sahəsinə, 9 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 162 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, keçmiş hərbi şəhərciyə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib.

Nəticədə 5652 ədəd partlamamış hərbi sursat, 182 ədəd tank əleyhinə mina və 27 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 3 408 365 kv.m ərazi (618 982 kv.m əl ilə, 1 166 340 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 1 510 043 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar