Millət vəkili vərəm xəstələri ilə bağlı çağırış etdi
01.06.2017 21:50 Sosreaksiya 1253
Millət vəkili Q.Paşayeva Səhiyyə Komitəsinin iclasında vərəm xəstələrinin məcburi müalicəyə cəlb olunmasına çağırıb.
Millət vəkili Q. Paşayeva bu gün MM-in Səhiyyə Komitəsinin iclasında vərəm xəstəliyi olan insanlarla bağlı qanunvericilikdə təklif olunan dəyişikliklər ətrafında çıxış edərək bildirib ki vərəm xəstələrinin məcburi dövlət hesabına müalicəyə cəlb edilməsi, əhalinin vərəmlə bağlı maarifləndirmə işlərinin surətləndirilməsi və vərəmli xəstələrin davamlı tibbi nəzarətdə saxlanılması ilə bağlı işlər surətlənməlidir:”Millət vəkili seçildiyim bölgədə bir ailəni ziyarət edirdim. Ata açıq vərəm xəstəsidir. Onunla bir otaqda bütün ailə yaşayır və davamlı təmasda idilər. Kiçik yaşlı nəvə onun çarpayısında düz yanında oturmuşdu. Deyirəm belə olmaz hamınız vərəmə yoluxa bilərsiniz. Görürəm heç bu barədə xəbərləri belə yoxdur. Bir neçə ay əvvəl isə dəhşətli bir hadisənin şahidi oldum. Əksər üzvləri vərəmə yoluxmuş bir ailəni ziyarət etdim. Ata vərəmdən əziyyət çəkirmiş, bu gün isə bütün ailə. Ailədə çalışacaq adam da yox idi. İndi düşünün həmin ailədəki uşaqlar məktəbə gedir və sabah nə olacaq kimsə bilmir. Ona görə vərəm xəstələrinin məcburi müalicə müəsisələrində dövlət hesabına müalicəyə cəlb edilməsi ilə yanaşı əhalinin bununla bağlı geniş maarifləndirilməsinə də ehtiyac var. İnsanlar bilmədirlər ki ailədə vərəm xəstəsi varsa müalicəsini gecikdirmək olmaz, mütləq həkimə, bu sahədə tibb müəsisəsinə müraciət etmək lazımdır. Xəstəlik başqalarının yoluxa bilməsi üçün təhlükəli mərhələdədirsə insanların evdə həmin xəstə ilə, onun əşyaları ilə ünsiyyəti necə olmalıdır və.s.” Vərəmlə mübarizədə bütün dünyanada olduğu kimi Azərbaycanda müvafiq qurumların, cəmiyyətin mübarizəsi genişlənməlidir deyən millət vəkili bildirib ki, bu məsələnin səhiyyə komitəsinin xüsusi diqqətində olmasına, müvafiq qurumlarla birlikdə müzakirələrə, qanuna təkrar baxılmasına, KİV-lərin də dəstəyi ilə əhalinin maarifləndirilməsinin genişlənməsinə böyük ehtiyac var. Komitənin üzvü Sədaqət Vəliyeva da çıxış edərək bu istiqamətdə görülən işlərlə yanaşı həllini gözləyən problemlərdən danışıb və qanunvericilik istiqamətində müəyyən dəyişikliklərə və bu istiqamətdə komitədə müvafiq qurumlarla birlikdə bu məsələ ilə bağlı müzakirələrə ehtiyac olduğunu bildirib. Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov da çıxışında vərəmlə mübarizənin dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi ölkəmizdə də xüsusi diqqətdə olduğunu, vərəmlə mübarizə istiqamətində işlər görüldüyünü amma bu istiqamətdə işlərin daha da genişlənməsinə ehtiyac olduğunu bildirib. Komitə sədri deyib ki bu sahədə bir çox qurumlar birlikdə işlərini daha da genişləndirməlidir. Vərəmlə bağlı qanunun illər əvvəl qəbul edildiyi və ona təkrar baxılmasına ehtiyac olması ilə bağlı fikirlərlə razılaşan komitə sədri Əhliman Əmiraslanov bu məsələnin komitənin diqqətində olacağını deyib.
Şərhlər