Qarabağ həqiqətləri Özbəkistanda daha geniş təbliğ olunacaq - FOTOLAR
02.06.2017 13:58 Sosreaksiya 1503
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin və millət vəkili, siyasi elmlər doktoru Q.Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyilə Özbəkistanın xalq şairi, tanınmış tərcüməçi, alim Camal Kamalın rəhbərliyi ilə tanınmış tarixçi Şuxrat Salamov, Əlişir Nəvai adına Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin alimləri – Roza Niyozmetova və Gülbahor Aşurovadan ibarət nümayəndə heyəti millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva ilə görüşüblər. Qonaqları salamlayan millət vəkili Q. Paşayeva Azərbaycanın hər zaman qardaş Özbəkistanla əməkdaşlığın inkişafına böyük önəm verdiyini xüsusi vurğulayıb. Özbəkistanın bu günə qədər olduğu kimi bundan sonra da Qarabağ problemində Azərbaycanın yanında olacağına inandığını deyən millət vəkili Q.Paşayeva onlara Ermənistanın işğalçılıq siyasəti, işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı barədə geniş məlumatlar verib və bu məlumatların Özbəkistan ictimaiyyətinə daha geniş çatdırılmasında onların səylərini daha da artıracaqlarına inandığını deyib. Qardaş Azərbaycanı görməkdən böyük məmnuniyyət duyduqlarını deyən nümayəndə heyəti üzvləri bu günə qədər olduğu kimi bundan sonra da Azərbaycan ədəbiyyatı ilə bərabər Qarabağ həqiqətlərinin də daha geniş yayılmasında səylərini artracaqlarını deyiblər. Görüş zaman iki qardaş ölkə arasında ədəbi əlaqələrin daha da genişlənməsi istiqamətində konkret layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Bildirilib ki, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin Özbəkistanda, özbək ədəbiyyatı və mədəniyyətinin isə Azərbaycanda daha da geniş yayılması çox vacib və əhəmiyyətlidir.
Nümayəndə heyətinin səfəri çərçivəsində Azərbaycan Yazıçılar Birliyində (AYB) Özbəkistanın Xalq şairi Camal Kamalla görüş keçirilib.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tanınmış tərcüməçi, alim, yaradıcılığı Azərbaycan və Şərq ədəbiyyatı ilə sıx bağlı olan Camal Kamalı 80 illik yubileyi münasibətilə təbrik edib. Diqqətə çatdırıb ki, Camal Kamalın Azərbaycan-Özbəkistan ədəbiyyatlarının qarşılıqlı təbliğində böyük əməyi var. Belə ki, Camal Kamal dahi Nizami Gəncəvinin "Xəmsə"sini özbək dilinə çevirib, eləcə də Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün və digər Azərbaycan ədiblərinin əsərlərini özbək xalqına təqdim edib. Anar C.Kamalın Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvlüyünə qəbul edildiyini bildirib. Milli Kitabxanada isə Özbəkistan nümayəndə heyətinin iştirakı ilə Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə dair tədbir və Camal Kamalla görüş keçirilib. Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. Əvvəlcə o, Azərbaycan və özbək xalqları arasında olan ədəbi və mədəni əlaqələrdən danışmış, görkəmli şair Camal Kamalın şeirlərinin Azərbaycan oxucuları tərəfindən sevilərək oxunduğunu bildirmişdir.
Millət vəkili Qənirə Paşayeva çıxış edərək şairin Azərbaycan ədəbi nümunələrini özbək dilinə tərcümə etdiyini, hazırda dahi Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə” sini özbək dilinə çevirdiyini, artıq "Sirlər xəzinəsi” və "Leyli və Məcnun”un özbək dilində işıq üzü gördüyünü, onun yaradıcılığında Azərbaycanın böyük böyük rol oynadığını söyləmişdir. Tədbirin sonunda çıxış edən Camal Kamal Azərbaycan xalqına, Azərbaycan ədəbiyyatına vurğun olduğunu bildirmiş, Azərbaycan ədəbiyyatının Özbəkistanda daha geniş təbliği istiqamətində bundan sonra da fəal çalışacağını bildirib. Görüşün sonunda 50-dək müasir Özbək ədəbiyyatı nümunələri Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir. Sonda tədbir iştirakçıları özbək ədəbiyyatı Azərbaycan dilində, Azərbaycan ədəbiyyatı özbək dilində olan kitablardan ibarət sərgi ilə tanış oldular. Özbəkistan nümayəndə heyəti Azərbaycana səfərləri çərçivəsində dahi özbək şairi Əlişir Nəvainin Bakıdakı abidəsini də ziyarət edib, bu cür addımların iki qardaş ölkə arasında ədəbi əlaqələrə böyük təsiri barədə fikirlərini bildiriblər. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsudla nümayəndə heyətinin görüşündə də iki qardaş ölkə arasında ədəbi əlaqələrin daha da genişlənməsi diqqət mərkəzində olublar.
Şərhlər