Əsgər Ailələrinə Dəstək İctimai Birliyi aprel şəhidlərinin, əlillərin və döyüşçülərin övladları üçün möhtəşəm tədbir düzənlədi
02.06.2017 09:41 Sosreaksiya 1475
Əsgər Ailələrinə Dəstək İctimai Birliyi 1 iyun Uşaqları Müdafiə Günü münasibəti ilə aprel şəhidlərinin, əlillərin və döyüşçülərin övladlarına Megafun Əyləncə Mərkəzində istirahət, əyləncə və yemək təşkil etdi.
İctimai birlik bu tədbirə yüksək səviyyəli təşkilatı dəstəyə görə Həyat Şirkətlər Qrupu və Pitsa Mamamiya fast-food Restoranına minnətdarlığını bildirmişdir. Şirkət tərəfindən iştirakçılar üçün xüsusi nəqliyyat vasitələri də ayrılmışdı.
Tədbirdə şəhid ailələri, müharibə əlilləri, veteranlar, QHT , mətbuat və ictimaiyyət nümayəndələri iştirak etdilər. Yüzə qədər qonağın iştirak etdiyi tədbiri giriş sözü ilə açan layihə rəhbəri Mətanət Əsgərqızı şəhidlərmizin bir dəqiqəlik sükutla yad edilməsini təklif etdi.
Sonra şəhidlərimizin ailələrini, övladlarını , aprel döyüşünün iştirakçılarını təqdim edərək minnətdarlığını bildirdi ki, vətənimiz, torpağımız uğrunda bu insanlar fədakarlıqlar göstəriblər. Qanlarını müqəddəs torpağa axıdıblar.
Məhz vətən qarşısında bu xidmətlərinə görə artıq bir ildir ki, Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunan layihələrin 80%-i demək olar ki, vətənpərvərlik mövzusuna, qəhrəmanların təbliğ olunmasına həsr olunur.
Bu layihəni etimad göstərib maliyyələşdirdiyinə görə İctimai Birlik Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına minnətdarlığını bildirir. Şəhid və qazilərimizə "bir il ərzində sizin yanınızda olduq" deyən layihə rəhbəri bundan sonrada İctimai Birliyin fəaliyyətini bu istiqamətdə quracağını qeyd etdi. Şəhid ailələrindən Xəyal Bağırov, aprel döyüşlərinin iştirakçıları Nəzər Əbdürrəhmanov, Ülfət Həsənov, Natiq Mehdiyev, Hikmət Məmmədov çıxış edərək belə layihələrin gərəkliyini qeyd edərək, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin onları yad etdiyinə görə minnətdarlıqlarını bildirdilər. Daha sonra Həyat Şirkətlər qrupunun nümayəndələrinə, Pitsa Mamamiya fast-food Restoranının rəhbəri Ruslan Hacıyevə İctimai Birliyin diplomları təqdim edildi.
Tədbirdə içtirak edən uşaqlar vətənə və qəhrəmanlığa aid şerlər və mahnılar oxudular. Tədbir iştirakçılarına süfrə açılaraq, uşaqlara kiçik hədiyyələr verildi. Müxtəlif əyləncələr oynayan uşaqların isə sevinci hədsiz idi. Daha sonra balacalar üçün konsert proqramı təşkil olundu.
Xatırladaq ki, Əsgər Ailələrinə Dəstək İctimai Birliyi (ƏAD İB) Azərbaycan Respublikasınının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Vətənpərvərliyin təbliğində Aprel döyüşləri” adlı layihə həyata keçirir.
Layihənin əsas məqsədi Aprel döyüşlərində həlak olan Bakı, Mingəçevir şəhərlərindən, Tərtər, Şəmkir rayonlarından olan şəhidlərin ailələrinin problemlərinin həllində köməkllik etmək, onların mübarizə yolunun örnək olduğunu gənclərə nümunə göstərməkdir. Layihə 3 ay müddətinə icra olunur. Bu müddət ərzində aprel şəhidlərinin xatirəsinə həsr olunmuş idman yarşı, şəhid anasının həyətində iməclik keçirilib. Ali və orta məktəblərdə, hərbi hissədə görüşlər olub.
Şərhlər