“Ordumuz düşmən hədəflərini bir atəş zərbəsi ilə məhv etməyə qadirdir”

02.06.2017 14:50     Sosreaksiya     1519

Şair Ramaldanov: “Aprel döyüşləri və sonrakı proseslər bunu təsdiq edir”

“Silahlı Qüvvələrimiz daim düşməni izləyir və onu nəzarətdə saxlayır”

 

“Ordu ali baş komandanın istənilən tapşırığını yerinə yetirmək iqtidarındadır”

 

Qarşıdan 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr (SQ) günü gəlir. Bəs ordumuzun mövcud durumu, döyüş hazırlığı, texniki təchizatı yetərincə qənaətbəxşdirmi? Ordumuz silahlanma yarışında aktiv iştirak edən Ermənistanın zəbt etdiyi torpaqları həqiqətən də qısa zaman kəsimində azad edə bilərmi?

Moderator.az bu və digər məsələlərə hərbi mütəxəssis, ehtiyatda olan polkovnik Şair Ramaldanovla söhbətində aydınlıq gətirməyə çalışıb:

 

-Qarşıdan 26 iyun - Silahlı Qüvvələr günü gəlir. Yaxınlaşmaqda olan ordu günü ərəfəsində ordumuzun mövcud durumunu necə qiymətləndirirsinz?

 

-Azərbaycan Respublikasının SQ-ri ölkə prezienti, SQ-in ali baş komandanı İlham Əliyevin qarşıya qoyduğu tapşırıq və vəzifələri yerinə yetirmək məqsədi ilə lazım olan fəaliyyəti göstərir. Yəni bu gün SQ-mizin birinci növbədə işğal olunmuş torpaqları azad etməyə hazır olmalıdır. Bu torpaqları azad etmək üçün lazım olan bütün hazırlıqları, təlimləri, səfərbərlik məsələlərini, texniki-maddi, habelə tibbi təminat, o cümlədən digər məsələlər yüksək səviyyədə öz həllini tapıb. Azərbaycan SQ-nin başlıca vəzifəsi ölkəmizi xarici təcavüzdən qorumaq, bu təcavüzə cavab vermək, işğaldakı torpaqları azad etməkdir. Hazırda SQ-mizin döyüş hazırlığını yerinə yetirərək, atəşkəsin tələblərinə riayyət edərək təmas xəttində  döyüş tapşırığını yerinə yetirir. Bu döyüş tapşırığı da oradakı mövqeləri əldə saxlamq, düşmənə öz təcavüzünü genişləndirməyə imkan verməmək, hər hansı təxribatın qarşısını almaq, təmas xəttinə yaxın olan əhalinin təhlükəsizliyini təmin etmək, hər an torpaqların azad edilməsi ilə bağlı tapşırıqları öz istiqamətinə uyğun olaraq yerinə yetirməyə hesablanıb.  

 

-Azərbaycan ordusunun hərbi-texniki təchizatı baxımından vəziyyət nə yerdədir? SQ-mizin arsenalındakı silahlar nə dərəcədə modern və keyfiyyətli hesab edilə bilər?

 

-Ali baş komandan SQ-rimizi ən müasir silah-sursatla təmin edib. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. Aprel hadisəsi də onu göstərdi ki, Azərbaycan Respubliasının SQ-ri qarşıya qoyulan tapşırıqları yerinə yetirə bilir, əlindəki silahdan peşəkarcasına istifadə edə bilir. Aprel hadisələrindən sonra düşmən bir neçə dəfə bəyan etdi ki, o torpaqları ya yenidən işğal edəcəyik, ya da o həcmdə başqa bir istiqamətdə Azərbaycan torpağını zəbt edəcəyik. Bununla bağlı çox gərgin vəziyyət sürürdü. Müxtəlif istiqamətlərdə təxribat qruplarının fəaliyyətini qarşısı alındı, ermənilər itkilər verdi. SQ-mizin bölmələri qoyulan tapşırığa uyğun olaraq düşmənin istəyini ürəyində qoydu.

 

-Sizcə ordumuzun kadr hazırlığı necə, arzuedilən səviyyədədirmi?

 

-SQ-miz bu gün kadr baxımından müəyyən təkmilləşdirmə addımları atır. Hazırda ordumuzda professionallaşma tədbirləri davam etdirlir. Bu gün ordumuzdakı əsas ixtisaslar - sürücülər, komandirlər, kiçik komandirlər, müxtəlif texnikalarda, artilleriya, raket yayım sistemlərindəki bütün ixtisasçıların hamısı müddətən artıq xidmət edən hərbçilərdir. Əvvəllər əsgər bir il və ya il yarım xidmət edərək bu vəzifələrdən təxris olunurdu. Sonra yenisi gəlir, o isə bir müddət bu ixtisası öyrənirdi. Öyrənəndən qısa müddət sonra təxris olunurdu. Bu isə bəzi çətinliklər yaradırdı. Zirehli texnikada komandir, tuşlayıcı, mexanik olan şəxslərin bəzisi 5-6 ildir ki, bu ixtisas üzrə çalşır. Təbii ki, onun peşəkarlığı da yüksək olur.

 

-Aprel döyüşləri və onun mümkün nəticələrinin təhlili hələ də tam olaraq gündəmən çıxmayıb. Sizcə bu döyüşlər ordumuzun hazırlıq səviyyəsi baxımından konkret hansı nəticələri ortaya qoydu?

 

-Aprel döyüşləri göstərdi ki, orduda xidmət edən ixtisaslaşmış hərbçilərin döyüş hazırlığı daha yüksəkdir. Aprel döyüşlərindən sonra düşmənin diversiya qruplarının qarşısının uğurla alınması da bunu təsdiq etdi. Düşmən hədəflərinin bir atəş zərbəsi ilə məhv ediməsi də bunu göstərdi. “OSA” zenit-raket kompleksinin məhvi də bunun isbatıdır. Bir atəşlə bu hədəf məhv edildi. Son iki gün ərzində düşmənin üç komanda məntəqəsi məhv edildi. Hansı ki, bununla bağlı video materiallar da yayılıb. Bu da ordumuzun peşəkarlığını göstərir.

 

-Azərbaycanda zabit heyətinin hazırlıq səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

 

-Bizim zabit heyətinin hazırlığı yüksək səviyyədədir. Bizim hərbi məktəblərimizdəki proqramlar dünyanın ən qabaqcıl dövlətlərinin hərbi proqramları səviyəsindədir. Biz bu proqramları hərbi baxımdan yüksək inkişaf edən Türkiyə kimi dövlətlərin proqramları ilə uyğunlaşdırmışıq. Onları daha da təkmilləşdirmişik. Ordumuzun qarşısında qoyulan vəzifələrə, strategiya və taktikamıza, gələcək təchizatına uyğun şəkildə hazırlamışıq. Respublikamızın hərbi ali məktəblərində olan proqramlar aparıcı dövlətlərin proqramından heç də geri qalmır.

 

-Hərbi məktəbdə dərs deyən müəllimlər arasında Qarabağ müharibəsində iştirak edənlər də az deyil. Sizcə bir müəllimin şəxsən döyüşdə iştirakı ona tədris prosesində hansısa əlavə üstünlük qazandırırmı?

 

-Təbii. Bizim zabit-müəllim heyəti döyüş keçmiş, I Qarabağ savaşında iştirak edən təcrübəli insanlardır. Bir müəllim ki, döyüş görüb, özü bu döyüşlərin iştirakçısı olub, o, dərsin mahiyyətini daha yüksək keyfiyyətlə çatdırır. Çünki o dərsi öz təcrübəsindən istifadə edərək qurur. Çünki onlar bu döyüşlərdə böyük təcrübə qazanıblar.

Bizim təhsil sistemində Cəmşid Naxçıvanski adına hərbi lisey var. 8-ci sinifdən etibarən gənclərimiz bu hərbi litseydə təhsi ala bilər. Buranı bitirənlər daha sonra ali hərbi məktəbdə təhsillərini davam etdirə bilir. Bizdə ali hərbi akademiya var ki, burada mayor vəzifəsindən yuxarı olan vəzifələrdə xidmət edənlər qəbul imtahanı verərək təhsil alır. Biz bu akademiya ilə bağlı Türkiyə və digər dövlətlərin akademiya təcrübəsini öyrənmişik. Bu akadmiyada da dərslər döyşlərdə iştirak edən professor-müəllim heyəti tərəfindən keçirilir.

Bu gün Azərbaycanda hərbi kadr potensialını hazırlamaq üçün lazımi tədris bazası mövcuddur. Bizim zabitlərimiz mütəmadi olaraq təlim-tədris mərkəzlərində müəyyən kurslar keçir, öz peşəkarlıqlarını artırır, daha sonra yeni vəzifələrə təyinat alırlar. Bu sistem çox düzgün qurulub. Bu gün Azərbaycan peşəkar zabit korpusunun hazırlanması üçün yetərli imkana malikdir.

 

-Ordumuzun keçirdiyi və son vaxtlar mütəmadi xarakter alan irimiqyaslı hərbi təlimləri nə dərəcədə zəruri hesab edirsiniz?

 

-SQ-mizin hərbi hissələri daim döyüş hazırlığı keçirlər. Ordumuz irimiqyaslı təlimlər keçirir. Bu təlimlərin də əsas məqsədi təlimdə içtirak edən heyətin peşəkarlığını yoxlamaqdır. Bu təlimlər də göstərir ki, SQ-mizin inkişafı ali baş komandanın qoyduğu tələblərə uyğun şəkildə davam edir. SQ-mizin hazırkı durumu ali baş komandan tərəfindən də yüksək şəkildə qiymətləndirilib.

Ordumuz işğaldakı torpaqları azad etmək üçün öz döyüş hazırlığını durmadan yüksəldir. Əlbəttə, düşmən də yerində durmur. Biz düşmənə sadəlövh yanaşmırıq. Bilirik ki, qarşımızdakı düşmən hiyləgərdir, onun havadarları var. Əlbəttə, biz sadəcə bu düşmənlə üz-üzə qalsaydıq çoxdan torpaqlarımızı azad edərdik. Lakin bəzi siyasi proseslər, təzyiqlər bu problemin uzanmasına səbəb olub. Ölkə başçısının özü də bildirib ki, bu məsələdə maraqlı olan bəzi dövlətlər Azərbaycanın işğaldakı torpaqları azad etməsinə maneçilik törədir. Minsk qrupu başda olmaqla bəzi qurumların Azərbaycanı güc yolundan çəkindirməyə cəhd göstərməsi də dediklərimizə sübutdur.

SQ-miz daim düşməni izləyir və düşməndəki dəyişiklikləri nəzarətdə saxlayır. Hərbi hissələrimizin silahlandırılması və proqramında buna uyğun olaraq lazımı düzəlişlər olunur. Bir sözlə, SQ-miz bu gün ali baş komandanın istənilən tapşırığını yerinə yetirmək iqtidarındadır.

 Reaksiya.az


Şərhlər

Çox oxunanlar