Erkən nikahlara yol verməyək!

29.07.2015 12:46     Sosreaksiya     2775

Erkən nigahlar dövrümüzün bəlasıdır. Buna qarşı dövlət səviyyəsində mübarizə aparılsa da problemin kökündən həll etmək mümkün olmur hələ ki. Və bu da təbiidir. Çünki bunun üçün ilk əvvəl insanların düşüncəsində, həyata baxışında dəyişiklik etmək lazımdır. Təssüf ki, bu da elə də asan məsələ deyil. Erkən nigahlara qarşı kütləvi şəkildə mübarizə aparılmalıdır. Hər kəs erkən nigahlara yol verilməməsi üçün əlindən gələn köməyi əsirgəməməlidir. Bu istiqamətdə kütləvi informasiya vasitələrinin də üzərinə böyük iş düşür. Reaksiya.az analitik informasiya portalı olaraq bu məsələləri daima diqqət mərkəzində saxlayırıq. Və bundan sonra da bu istiqamətdə yazılara geniş yer ayıracağıq. 
Erkən nigahlar  oğlanlara nisbətən qızlar arasında daha çox təzahür edir və bu cənub bölgəsində özünü ciddi şəkildə göstərir. Cənub bölgəsində evlilik üçün müəyyən edilmiş yaş həddini gözləmədən belə qızlar dini nigahlarla ərə verilir. Müşahidələrimizdən aydın olur ki, cənub bölgəsində sanki yarış gedir. Hələ evlilik yaşını tamamlamamış qızlar üzərində tətbiq edilən “kimin qızı tez ərə getdi” yarışı. Təəssüf ki, acımasız valideyinlər öz balalarını gəlinciklərindən, evciklərindən ayırıb ailə, uşaq əziyyəti çəkməyə məhkum edirlər. Elm, savad, bilik öyrənməli olan qızları məktəblərdən ayırıb həyat dərsi keçməyə vadar edirlər. Gələcəyin istedadlı, peşəkar mütəxəssisi ola biləcək neçə-neçə qızları evdar qadına çevirirlər. Bir sözlə, çox sayda valideyin öz qızını acımasızcasına “kor qoyur”. 
Erkən nigahların mənfi fəsadları bir deyil, beş deyil və bu fəsadlar da bir çoxumuza bəllidir. Erkən nigahların səbəb olduğu ana və uşaq ölüm halları ilə az rastlaşmamışıq. Və ya doğuş zamanı ciddi xəstəliklərə düçar olan gəlinlərdən xəbərsiz deyilik. Xəstə və şikəst doğulmuş uşaqlar qohumumuzda, qonşumuzda kifayət qədərdir. Hələ sümükləri belə tam formalaşmamış qızcığazın mənfi fəsadlarsız sağlam övlad dünyaya gətirəcəyinə kim təminat verə bilər, axı. 
Problem digər bir tərəfi isə erkən nigaha girən qızların savadsızlığı ilə bağlıdır. İki-üç il, onda da ayda cəmi beş on dəfə məcburi, xahiş-minnətlə məktəbə gətirilən, toplama-çıxmanı belə doğru düzgün bilməyən ana cəmiyyətə yararlı övlad tərbiyə edə bilərmi ki?! Əlbəttə ki, yox. Həmin analar da qızlarının özləri kimi, bəlkə də özlərindən də daha tez ərə gedib ev-eşik, övlad sahibi olmasına tələsəcəklər. Bununla da bu problemin daha geniş yayılması sürətlənəcək, erkən nigahların yaş dövrü daha da aşağı enəcək. Belə getsə on ildən sonra vəziyyət daha acınacaqlı hala gələcək. On dörd yaşında ərə getmiş ana on ildən sonra, artıq, səkkiz-doqquz yaşında olan qızı üçün evlilik təlaşına düşəcək. Və beləcə, əskilərdə qalmış papaqla qız alma dəbi gündəmə gələcək. Ya bəlkə də, artıq, gündəmdədir. İkinci dünya müharibəsi zamanı, aclıq, səfalət hökm sürən bir vaxtların qız almaq dəbi. Papaq dəyəndə müvazinətini itirməyən qızın ərə gedə biləcəyinə qərar verilirdi. Nəzərə alsaq ki, o dövrdə valideyinləri müharibədə həlak olmuş, itkin düşmüş və ya aclıqdan, xəstəlikdən dünyasını dəyişmiş kifayət qədər uşaq var idi. Və ailədən bir yükün azalması üçün qızlar məcburən erkən yaşda ərə verilirdi. Ancaq indiki zamanda, yaşamağa hər cür şərait mövcud olduğu bir dövrdə bu hal çox gülünc görünür. Valideyinlərin övladlar arasında cins ayrı-seçkiliyi salaraq, qız övladlarını sanki başlarından tez kənar etmək istəmələri çox ağrılı problemə çevrilir. 
Qızların təhsil səviyyəsi barədə maraqlandığımız zaman məlum olur ki, erkən nigahların daha bir mənfi təsiri gələcək mütəxəssislərin məhv edilməsidir. Hazırda rayonda məktəbli qızların bilik səviyyəsi oğlanlara nisbətən daha yüksəkdir. Həm də qızların təhsilə meyli əvvəlki illərlə müqayisədə daha çoxdur. Oxumaq, ali təhsil almaq istəyən qızlarımızın sayı kifayət saydadır. Təəssüflər olsun ki, qızının ali təhsil almasına imkan və şərait yaradan valideyin isə barmaqla sayılası qədərdir. Əsəbləri tarıma çəkən məqamlardan biri də erkən izdivaclara qol qoyan, rəvac verən valideyinlər arasında ziyalıların da olmasıdır. Elmə, təhsilə qiymət verib, dəyər verib ali təhsil almış valideyinlər belə övladlarının savadlı, peşəkar kadr kimi yetişmələrinə mane olurlar. Onlar da “palaza bürün, elnən sürün” təfəkkürüynən yaşayırlar. Təəssüf ki, onlar da, “mənim qızım tez ərə getdi” deyibən qürrələnən Fatmanisələr cərgəsindədirlər. Erkən nigahların aradan qaldırılması üçün dövlətimiz tərəfindən kifayət sayda qanunlar qəbul edilib, cəzalar tətbiq olunub. Ancaq əfsuslar olsun ki, erkən yaşda qurulan ailələr çox hallarda gizlədilir və azyaşlı qızlar dövlət nigahı olmadan, dini nigahla ərə verilir. 
Bu problem deyərdim ki, “yoluxucu bəlaya” çevrilib. Bu bəlanın aradan qaldırılması yolları hansılardır bəs?! Nə edək, necə edək ki, erkən nigahlar getdikcə daha geniş vüsət almaq əvəzinə, zamanla aradan qalxsın?! Məncə ilk əvvəl özümüzdən başlamalıyıq. Özümüzə “mən bunun üçün nə edə bilərəm, və ya nə etməliyəm?” sualını verməliyik. Və vicdanımızın səsinin verdiyi cavabla da hərəkətə keçməliyik. Elə dəyişimə də özümüzdən start verməliyik. Öz qızımızdan, öz bacımızdan, qohumumuzdan, qonşumuzdan başlayaraq. Dur deyək minik yavrusunu, körpə quzusunu, məsum qızcığazını qayğının içinə atan valideyinlərə. Dur deyək hələ pardaxlanmamış körpə fidanlarını budaqdan qoparan atalara. Dur deyək hələ dimdiyi dən tutmayan yavru quşları yuvasından uçuran analara. Dur deyək çiyinləri bərkiməmiş cocuqlarının belinə ağır “şələ” yükləyən atalara. Dur deyək ana nəvazişinə möhtac süd quzularını ana olmağa yola salan analara. Dur deyək, ən əvvəldə özümüzə dur deyək!!! 

Şərhlər

Çox oxunanlar