Həbsdəki MTN polkovniki: “O vaxtı səhv edib səni buraxdım”

13.06.2017 12:49     Sosreaksiya     1253

Biznesmendən hədə-qorxu yoluyla külli miqdarda pul almaqda ittiham olunan ləğv edilmiş MTN-nin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Lent.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində “Zamin Bank” ASC-nin Nərimanov filialının müdiri olmuş Qubad Qubadov dindirilib.

Filial müdiri bildirib ki, Vidadi Əzizova pul göndərilib: “2012-ci ilin aprelin 7-si şənbə günü olub. Şənbə günü olmasına baxmayaraq, xaricdən həvalə yolu ilə göndərilən 900 min ABŞ dollarını qəbul etdik. Həmin vaxt Nəriman adlı müştərimiz Vidadi Əzizovla banka gəlmişdi. Göndərilən pulun 600 min dollarını Nərimanın yanında Vidadi Əzizova verdim. Vidadi də pulu götürərək bankdan çıxdı”.

Qubad Qubadov qeyd edib ki, o günü qeyri-iş günü olmasına baxmayaraq, pul mübadiləsi aparıblar: “Biz elə bildik ki, pul Nərimanındır. Nəriman bizim bankın daimi müştərisidir. Sonradan Vidadi Əzizovun MTN əməkdaşları tərəfindən saxlanıldığını eşitdim. Elə həmin gün MTN-dən mənə zəng gəldi. Telefonda danışan tanımadığım şəxs özünü MTN əməkdaşı kimi təqdim etdi və bankda qalan məbləğdə pulu da MTN-ə gətirməli olduğumu dedi. Mən də həmin pulu da MTN əməkdaşlarına verdim”.

Həbsdə olan polkovnik Mirəziz Əsgərov bildirib ki, Vidadi Əzizovun barəsində həmin il MTN-də kifayət qədər materiallar toplanıb: “Vidadi Əzizovun barəsində MTN-də 7 cinayət işi olub. Xahiş edirəm, onun barəsində olan siqnal materiallarını işə daxil edin”.

Hakim isə bu məsələyə münasibət bildirməyib.

Daha sonra çıxış edən Vidadi Əzizov ləğv edilmiş MTN-də quldur dəstəsinin toplaşdığını deyib.

Mirəziz Əsgərov deyib ki, MTN-də çalışanlar dövlətə xidmət ediblər: “İndi burada bizi mühakimə edirlər. Vidadi Əzizov kimilər isə bizim kimi vətənə xidmət edənləri ittiham edir. Əslində, onun özünü həbs etmək lazımdır. Mən o vaxtı səhv edərək Vidadi Əzizovu sərbəst buraxmışam. Hörmətli hakim, prokuror mənim səhvimi təkrarlamayın, Vidadi Əzizov cinayətkardır, onu həbs edin”.

Bu zaman prosesdə zərərçəkmişlə təqsirləndirilən şəxs arasında mübahisə yaranıb.
Hakim isə Mirəziz Əsgərova xəbərdarlıq edib.

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək, ittihama görə Mirəziz Əsgərov Vidadi Əzizovu İran və digər dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda günahlandıraraq həbs edib. Ondan hədə-qorxu yolu 500 min manat alınıb. Bundan sonra Vidadi Əzizov sərbəst buraxılıb. Daha sonra Əsgərov Əzizovun sahibkarlıq fəaliyyətinə mane olmamaq üçün 100 min dollar tələb, amma son nəticədə 40 min manat alıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar