AZƏRBAYCANDA-İşsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılır
13.06.2017 17:22 Sosreaksiya 1343
Milli Məclisin bu gün keçirilən plenar iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.
Gununsesi.info xəbər verir ki, layihə barədə Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, 4 fəsil, 26 maddədən ibarət olan qanun layihəsində işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondunun yaradılması və bu fondun maliyyələşməsi ilə bağlı detallar əksini tapıb. H.Rəcəbli bildirib ki, qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.
Qanun layihəsinə əsasən, Azərbaycanda işsizlərə sığortadan ödəniləcək vəsaitlərin mənbələri müəyyənləşib. Yeni hazırlanan “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin 21-ci (işsizlikdən sığorta vəsaitlərinin mənbələri) maddəsində əksini tapıb.
Göstərilən maddədə qeyd edilib ki, işsizlikdən sığorta vəsaitləri aşağıdakı mənbələr hesabına formalaşır:
– bu qanunla müəyyən qaydada ödənilən sığorta haqları;
– bu qanunun tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalara görə tətbiq olunan inzibati cərimələrdən daxilolmalar;
– “Qrant haqqında” qanuna uyğun olaraq verilən qrantlar, ianələr və yardımlar;
– bank kreditləri;
– qanunla və müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzərdə tutulan digər mənbələr.
H.Rəcəbli qeyd edib ki, sığorta fonduna 90 mln. manat vəsaitin yığılması təmin olunacaq: “Bununla da, işsizliyə görə müavinət 2016-cı il ilə müqayisədə 3 dəfə çox olacaq və daha çox insana işsizliyə görə müavinət vermək mümkün olacaq”.
Qeyd edək ki, qanun layihəsində işsizlikdən sığorta üzrə işçinin əmək haqqının 0,5%-i, sığortaedən tərəfindən isə hesablanmış əməyin ödənişi fondunun 0,5%-i sığorta haqqının ödənilməsini nəzərdə tutur. Qanun layihəsində sığorta ödənişinin 3 növü – əsas sığorta ödənişi, sığorta ödənişinə əlavə və minimum sığorta ödənişi müəyyən edilib. Layihəyə görə sığorta ödənişi sığorta stajından asılı olaraq onun itirilmiş orta aylıq əmək haqqının məbləğinə müəyyən faiz dərəcələri tətbiq olunmaqla hesablanır. Başqa sözlə, işçinin sığorta stajı 3 ildən 5 ilə qədər olduqda onun itirilmiş orta aylıq əmək haqqının məbləğinin 50%-i, sığorta stajı 5 ildən 10 ilə qədər olduqda 55%, sığorta stajı 10 ildən yuxarı olduqda 60% məbləğində işsizliyə görə aylıq sığorta ödənişi veriləcək.
Millət vəkili Qüdrət Həsənquliyev bu qanunun qəbuluna ehtiyacın olmadığını bildirib: “Bu qanun sığorta təşkilatlarına pul qazandıracaq. Qanun layihəsində qeyd olunub ki, sığorta ödənişi alan bir şəxs iki dəfə iş təklifindən imtina edəcəksə, o, işsizliyə görə müavinət hüququndan məhrum olacaq. Azərbaycanda əhalisinin gəlirlərinin 49%-i vergi və sosial sığrota haqlarının ödənilməsinə yönəldilir. Bu çox yüksəkdir. Məhz buna görə də “qara mühasibatlıq” var və sahibkarlar işçiləri ilə əmək müqaviləsi bağlamaqda maraqlı deyil. Hesab edirəm ki, onlar işsizliyə görə müavinət ödəməli olsalar, bu halların sayı daha da artacaq”.
Millət vəkili Qənirə Paşayeva xeyli sayda insanın əmək müqaviləsi olmadan işlədilməsindən narahat olduğunu deyib: “Bundan başqa, insanların əmək haqları azaldılır. Məsələn, 500 manat məvacib alan insanın maaşı dəfələrlə azaldılır. Həm əmək müqaviləsi olmadan işləyənlərin, həm də məvacibləri azaldılan insanların pensiyası necə olacaq? Belə çıxır ki, bu qanun əmək müqaviləsi olan insanların xeyrinə olacaq. Biz əmək müqaviləsi bağlamadan fəaliyyət göstərən şirkətlərin cərimələnməsini görmürük”.
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, qanun layihəsinin məqsədi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verməkdir.
Qanun layihəsi I oxunuşda səsə qoyularaq qəbul edilib.
Şərhlər