Əsgər Ailəsi Cəmiyyəti İctimai Birliyi bəyanat verib- "BU, ETNİK TƏMİZLƏMƏ VƏ TERROR AKTLARININ DAVAMI OLAN NÖVBƏTİ CİNAYƏTDİR"

06.07.2017 14:48     Sosreaksiya     1199

Əsgər Ailəsi Cəmiyyəti İctimai Birliyi iyulun 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonun Alxanlı kəndində yaşayan müki əhalinin vəhşicəsinə qətlə yetirilməsi və mülki obyektlərinin atəşə tutulması ilə bağlı bəyanat verib.

Reaksiya.az-ın xəbərinə görə, bəyanatda bildirilir ki, 2017-ci ilin iyul ayının 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən bir daha Azərbaycan Respublikasının Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan çoxsaylı mülki əhalinin yaşadığı yaşayış məntəqələri və mülki obyektlər  məqsədli şəkildə hədəflənərək,  qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub: 

“Bu səbəbdən də Füzuli rayon mülki vətəndaşları  1967-ci il təvəllüdlü  Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra amansızcasına qətlə yetirilib. Digər mülki vətəndaş 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz isə ağır yaralanıb. Nəticədə mülki obyektlər dağıdılaraq, məhv edilib.

Əsgər Ailəsi Cəmiyyəti hiddətlə bildirir ki, Ermənistan Silahlı Qüvvələri tərəfindən minlərlə günahsız insanın həyatına son qoyan, insan hüquqlarının kütləvi şəkildə kobudcasına pozulması, dünya mədəniyyətinə mənsub tarixi, dini və mədəni abidələrin tam dağıdılması, yer üzündən silinməsi ilə nəticələnən Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz, etnik təmizləmə və terror aktlarının davamı olan növbəti cinayətdir.

Silahlı Qüvvələrimizin bu istiqamətdə yerləşən bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulsa da,  günahsız insanların məhv edilməsi, azyaşlı  Zəhranın vəhşicəsinə qətlə yetirilməsi düşmənin məkrli siyasətindən xəbər verir.

Biz bəyan edirik  ki, erməni işğalçılarının torpaqlarımızı zəbt edib mülki əhalini qanına qəltan etməsinə son qoymaq lazındır. Bütün dünyada sülhsevərliyi ilə tanınan Azərbaycana qarşı  aparılan çirkin siyasətə görə, Beynəlxal Təşkilatlar və dünya ictimaiyyəti öz reaksiyasını verməli və bu istiqmətdə adekvat addımllar atılmalıdır.

Azyaşlı körpələr məsum Zəhranın taleyini yaşamasın deyə, Beynəxalq ictimaiyyətdən  işğalçı Ermənistana qarşı qabaqlayıcı tədbirlərin görülməsini, Ermənistan Silahlı Qüvvələrinin gərginlik yaratmadan  dərhal torpaqlarımızdan çəkilməsini tələb edirik!”

 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar