Füzuli rayon İcra Hakimiyyətinin başçısı: "Dünya ictimaiyyəti tərəfindən ikili standartlar sərgiləndiyinin şahidi oluruq"

06.07.2017 16:31     Sosreaksiya     1165

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev rayona gəlmiş Azərbaycanda akkreditə olunmuş səfirliklərin hərbi attaşelərinə və xarici KİV nümayəndələrinə yaranmış vəziyyət barədə məlumat verib.

"Report" xəbər verir ki, A.Alıyev Qarabağ münaqişəsi dövründə Füzuli rayonunun 900 şəhid verdiyini bildirib.

"Torpaqlarımız işğal olunub, öz ərazimizdə normal həyat yaşaya bilmirik. Dünya ictimaiyyəti susur və danışıqlar nəticə vermir. İkili standartlar sərgiləndiyinin şahidi oluruq. Biz mövqeyimizi müdafiə edin demirik, sadəcə, ədalətli olmalarını söyləyirik. Münaqişənin ədalətli həllini gözləyirik", - Füzuli rayon İcra Hakimiyyətinin başçısı vurğulayıb.

Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər. Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 116.0.6 (silahlı münaqişə zamanı hərbi zərurətdən irəli gəlməyən geniş miqyaslı dağıntılar törətməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.7 (silahlı münaqişə zamanı müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.8 (silahlı münaqişə zamanı hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən dini, təhsil, elm, xeyriyyə, tibb obyektlərinə, xəstə və yaralıların yerləşdirildiyi yerlərə hərbi zərurət olmadan hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 116.0.10 (silahlı münaqişə zamanı mülki əhaliyə və ya döyüşlərdə iştirak etməyən ayrı-ayrı mülki şəxslərə hücum etməklə beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar