“Azərbaycan bazarında heç bir standarta cavab verməyən dondurmalar var”
08.07.2017 15:25 Sosreaksiya 2019
Yay fəslinin başlaması ilə isti havaların əsas qida vasitəsi olan dondurma mövsümü də açılıb. Hazırda mağazalarda hər qiymətdə, hər növdə və müxtəlif qablaşdırmalarda dondurmaya rast gəlmək olar. Satışda yerli məhsullarla yanaşı, xaricdən gətirilən dondurmalar da mövcuddur. Süd və süd məhsullarından hazırlanan dondurma sərinləşdirici desert olmaqla yanaşı, həm də çox faydalı qidadır. Çünki tərkibində xeyirli vitaminlər və kalsium, fosfor, dəmir, maqnezium və sink kimi minerallar var.
Gununsesi.info bildirir ki, dondurmanın keyfiyyətinə və saxlanma şəraitinə diqqət yetirilməlidir. Lakin faydaları ilə yanaşı, dondurmanın keyfiyyəti də gündəmdə olan məsələdir.
Mütəxəssislərin sözlərinə görə, yaxşı dondurma şəffaf rəngdə olmamalıdır. Bu o deməkdir ki, dondurma təbii süddən yox, soyadan hazırlanıb. Keyfiyyətli dondurmanın tərkibinə kokos, palma və digər bitki yağları qatılmamalıdır. Onun tərkibində yalnız təbii kərə yağı, qaymaq, süd, əlavə isə dad və ətirləndirici maddələr ola bilər. Dondurmanın qabı əzikdirsə, deməli əriyib və sonra təkrar dondurulub. Yenidən dondurulma isə həm məhsulun dadına mənfi təsir edir, həm də zəhərlənmə təhlükəsini artırır. Eyni zamanda keyfiyyətli dondurma gec əriyir, dərhal suya dönmür.
Dondurma alarkən ilk növbədə onun satıldığı yerin sanitar qaydalara nə dərəcədə əməl edildiyinə diqqət etmək vacibdir. Çünki dondurmanın əsas tərkibi sayılan süd, dad və ətirləndirici vasitələr bakteriya və virusların əmələ gəlməsi üçün zəmin yaradır. Dondurma ixtisaslaşdırılmış vitrinlərdə saxlanılmalıdır. Amma bəzən marketlərdə dondurmaların toyuq və balıq məhsulları ilə eyni soyuducuda saxlanılmasının şahidi oluruq. Ekspertlər bildirirlər ki, yad qidalarla eyni soyuducuda saxlama dondurmanın keyfiyyətini pozmaqla yanaşı, üzərində zərərli mikroorqanizmlərin artmasına səbəb olur. Beləliklə, qeyri-düzgün və antisanitariya şəraitində satılan dondurmalar asanlıqla yararlı bir qida vasitəsindən təhlükəli məhsula çevrilə bilir.
Qəbul olunmuş normalara görə, saxlanma temperaturu dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdəndir. Dondurmanın saxlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180 C-dən yüksək olmayan temperaturda saxlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saxlamaq olar. Ticarət şəbəkəsində isə dondurmaları ümumilikdə mənfi 120 C-dən yüksək olmayan temperaturda 5 gün saxlamaq olar. Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir.
Satışda kifayət qədər yararsız məhsula rast gəlmək olar Təəssüflə qeyd etməliyik ki, bu gün marketlərdə standartlara cavab verməyən keyfiyyətdə və normalara uyğun olmayan şəkildə satılan dondurmalar görmək mümkündür. Bir neçə marketdə dondurma soyuducularına yaxınlaşıb məhsulların istehsal tarixinə və əmtəə nişanına baxdıq. İstər yerli, istərsə də xaricdən gələn dondurmaların istehsal tarixi nəinki maksimum 2 ay, 1 il, bəzən ondan da çox müddəti əhatə edirdi. Bəzi marketlərdə ötən ilin yay aylarında istehsal olunan dondurmalara da rast gəlmək olar. Maraqlısı budur ki, əksər dondurmaların üzərində istehsal tarixi yazılsa da, istifadə müddəti göstərilmir. Yəni istehlakçı heç cür onun yararlılıq müddətini müəyyən edə bilmir. Xüsusən də xaricdən gətirilən dondurmaların istifadə müddəti daha uzun olur. Bunun da bir sıra səbəbləri var. Deməli, yararlılıq müddətini uzatmaq, məhsulun tez xarab olmasını əngəlləmək üçün dondurma məhsullarına kimyəvi qatqılar edilir. Bunu biz deyil, mütəxəssislər deyir.
“Təəssüflər olsun ki, hazırda Azərbaycan bazarında heç bir standarta cavab verməyən dondurmalar var”. Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov dedi. O, xaricdən gətirilən dondurmaların yararlılıq müddətinin uzun olmasını, Azərbaycanda istehsal olunmayan dondurmaların yararlılıq müddətinin pozulub, yenidən yazılmasının, açıq satılan dondurmaların müşahidəedici sənədlərinin olmamasını və eyni dondurmaların təzadlı qiymətlərə satılmasının yolverilməz olduğunu vurğuladı. Onun sözlərinə görə, standartların tələbinə uyğun olaraq, dondurmanın yağlılığını artırmaq üçün onun tərkibinə yalnız kərə yağı qatılmalıdır. Dondurmanı dilin üstünə qoyduqda qaymaq dadı verməlidir. Əgər boğazda acılıq əmələ gəlirsə, bu o deməkdir ki, dondurmanın hazırlanmasında kərə yağından deyil, marqarinlərdən, piylərdən və digər ucuz, standarta uyğun olmayan yağlardan istifadə edilib.
Şərhlər