CASCFEN Xaçmaz müəllimləri üçün seminar keçirdi

17.07.2017 14:41     Sosreaksiya     1151

"Reaksiya.az" xəbər verir ki, "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" (CASCFEN) “Təhsil işçilərinin media ilə əlaqələrinin optimallaşdırılması” layihəsi çərçivəsində Xaçmazdakı 7 saylı məktəbdə seminar keçirib.

Açılışda çıxış edən məktəbin direktoru Şamama Nəsirova və rayon təhsil şöbəsinin metodisti İmran Müseyibli belə tədbirlərin faydasını qeyd edib.

Daha sonra çıxış edən CASCFEN sədri Azər Həsrət verdiyi dəstəyə görə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına təşəkkür edib. O, eyni zamanda Xaçmaz rayon icra hakimiyyətinə və məktəbin direktoru Şamama Nəsirovaya təşəkkürünü ifadə edib.

Bunun ardınca o, layihə haqqında bilgi verib. CASCFEN sədri deyib ki, Azərbaycanda bir sıra şəxslər mediadan sui-istifadə edir, müəllimlərə narahatlıq yaradır. Bunun səbəblərindən biri də məktəb kollektivlərinin, onların rəhbərlərinin media ilə əlaqələrin necə qurulacağını yetərincə bilməməsidir.

“Layihəmizin məqsədi odur ki, müəllimləri media ilə əlaqələrin necə qurulması ilə bağlı bilgiləndirək. Media sahəsində bilgiləriniz nə qədər çox olarsa, heç bir “jurnalist” sizi incidə bilməz”, – deyə Azər Həsrət bildirib.

Sonra söz alan ekspert, Azərbaycan Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsglərli media qanunvericiliyi haqqında geniş təqdimatla çıxış edib. O, informasiya əldə etmək hüququ, bu və bənzər hüquqlardan irəli gələn vəzifələri ayrıca şərh edib. Ekspert mediadan sui-istifadə halları üzərində geniş dayanaraq iştirakçılara ayrıntılı bilgi verib.

“Özünü jurnalist kimi təqdim edənlərin əksəriyyəti, əslində, mediadan sui-istifadə edənlərdir. Belə adamlarla təmasdan qaçmaq lazımdır. Bu adamların əsl məqsədi heç də xəbər yaymaq deyil. Onların əsl məqsədi insanları şantaj edib rüşvət almaq, siz müəllimləri qorxu altında saxlamaqdır”, – deyə Müşfiq Ələsgərli bildirib.

Müəllimlərin də fəallığıyla keçən seminarda maraqlı çıxışlar olub. Müzəffəroba kənd orta məktəbinin direktoru Fərzalı Həsənov seminarda toxunulan mövzunun onun üçün çox faydalı olduğunu deyib. O, qeyd edib ki, belə bilgiləndirmə tədbirləri jurnalistikadan sui-istifadə hallarının qarşısını almaqda əvəzsiz rol oynayır.

Öz növbəsində Azər Həsrət qeyd edib ki, Fərzalı Həsənov bölgədə söz adamlarının təşkilatlanmasında oynadığı rola, əvəzsiz xidmətlərinə görə, CASCFEN-in diplomuyla təltif edilib.

Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim edilib, qrup şəkli çəkdirilib.

Layihə çərçivəsində sonuncu seminar iyul ayının 28-də Bakıda keçiriləcək.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar