Ton yarım dollarla tutulan polkovnikin Telman İsmayılovla əlaqəsi üzə çıxdı

18.07.2017 15:45     Sosreaksiya     2397

Rusiya Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik və Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin keçmiş polkovniki, ötən ilin sentyabrında həbs olunan Dmitri Zaxarçenkonun işi üzrə şahidlər azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun adını çəkiblər. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu haqda hüquq-mühafizə orqanlarındakı mənbə deyib.

Mənbənn dediyinə görə, Zaxarçenkonun evində və iş yerində axtarış zamanı Moskvanın elit butiklərində və restoranlarında 50-70 faizlik güzəşt təmin edən VİP-müştəri kartları tapılıb. Bu kartların Zaxarçenkonun özü və işçiləri tərəfindən istifadə olunduğu müəyyənləşdirilib. Mənbə şahidlərin istintaqa polkovniklə bağlı maraqlı ifadələr verdiyini də deyib. 

“Şahidlərdən biri deyib ki, Zaxarçenko ona Telman İsmayılovla çox yaxın münasibətlərdə olduğunu danışırdı, təklif edirdi ki, hansısa kommersiya layihəsini müzakirə etmək üçün onunla Fransada görüşsün”-mənbə "Rosbalt"a bildirib.

Xatırladaq ki, polkovnik Zaxarçenkonun həbsindən sonra onun Moskvadakı elit yaşayış komplekslərindən birində yerləşən mənzilindən ton yarım ağırlığında dollar və avro tapılmışdı. Bu, 120 milyon dollar və 2 milyon avro nəğd pul demək idi. Habelə Zaxarçenkonun İsveçrədəki bank hesablarında daha 300 milyon avro aşkarlanıb.

Rusiya hüquq-mühafizə orqanlarında korrupsiya qeyri-adi hal olmasa da sıravi polkovnikin bu qədər pula malik olması çox təəcüblü idi. Və müstəntiqlər Zaxarçenkonun evində aşkarlanan pulların mənbəyini müəyyənləşdirmək üçün uzun müddətdir baş sındırırlar. Bəzi versiyalara görə bu, hüquq-mühafizə orqanları ilə əlbir olan kriminal qruplaşmaların “obşak”ıdır.

Digər versiyaya görə bu pullar Rusiyanın iri neft-qaz şirkətlərinin top menecerləri üçün nəzərdə tutulmuş “otkat” ola bilər. DİN-in “T” idarəsi əsasən yanacaq-energetika sektorunda iqtisadi cinayətləri araşdırır.Polkovnik Zaxarçenko və tabeçiliyindəkilər isə bu sektordakı şirkətlərin xərclərini izləyirdi. İlk növbədə onları neft-qaz kəmərlərinin tikintisi üçün podratçıların seçilməsi, avadanlıqların təmiri və dəyişdirilməsi, qəsəbələrin və yolların tikintisi maraqlandırırdı.

Şübhəsiz ki, neft-qaz şirkətlərinin müntəzəm olaraq keçirdiyi “yağlı” tenderlər uğrunda sərt rəqabət olur, bir çox hallarda bu tenderləri ümumi məbləğin 30 faizini şirkətlərin top-menecerlərinə “haqq” kimi qaytarmağa hazır olan podratçılar udur. Polkovnik özü isə pulların mənbəyi barədə susur, ancaq hansısa oyunun qurbanı olduğunu deyir...

Telman İsmayılova gəldikdə isə oliqarxın və qardaşlarının Rusiya hüquq-mühafizə orqanlarında güclü əlaqələri olduğu çoxdan məlumdur. Məhz bu əlaqələrin sayəsində uzun illər boyu İsmayılovların Moskvadakı biznes-imperiyasına toxunan olmurdu. Lakin son vaxtlar İsmayılov qardaşlarının sıradan çıxarılması prosesi gedir. Milyardlarla dollar borcu olan Telman İsmayılov artıq müflis elan edilib, qardaşı Rafiq İsmayılov sifarişli qətllərə görə tutulub. Üstəlik T.İsmayılovun özünün də adı sifarişli qətllərdə çəkilir...

Reaksiya.az

Şərhlər

Çox oxunanlar