Bankları soyan dəstə başçısı tutuldu

26.07.2017 11:49     Sosreaksiya     1437

İspaniyada tutularaq Bakıya gətirilən Danila Dorin Konstatinoviçin Rusiya və ya Belarus vətəndaşı olduğu barədə iddialar var; “Dəmirbank” da haker hücumu nəticəsində 3 milyon manatın oğurlanması haqqında məlumatlar bu günəcən təkzib edilməyib, bəs...

Azərbaycandan kənarda fəaliyyət göstərən mütəşəkkil kibercinayətkar qrup tərəfindən ölkədə ictimai əhəmiyyətli infrastruktur obyekti olan kommersiya bankının kompyuter sisteminə internet şəbəkəsi vasitəsilə qanunsuz müdaxilə edilmiş, pul vəsaitlərinin köçürülməsi, bankomatlardan təmassız pul çıxarılması və sair əməliyyatlarla ümumilikdə hazıradək hesablanmış 3.700.000,0 (üç milyon yeddi yüz min) manatdan artıq vəsait oğurlanıb.


Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti İctimai əlaqələr şöbəsindən bildirilib. Digər dövlətlərdə olan banklara da eyni metodlarla kiberhücumlar edilərək talama cinayətlərinin törədildiyi müəyyən edilib.


Fakt üzrə toplanılmış materiallar əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin 177.3.2 və 273.4-cü maddələri ilə cinayət işi başlanılmışdır. Həyata keçirilmiş kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində beynəlxalq kibercinayətkar qrupun üzvləri ifşa olunub.


Cinayətkar qrupun üzvü kimi cinayət əməllərinin törədilməsində şübhəli bilinən xarici ölkə vətəndaşı Danila Dorin Konstantinoviç İspaniya Krallığının Barselona şəhərində saxlanılmış, beynəlxalq axtarış üzrə məhkəmə prosesləri nəticəsində 2017-ci il iyulun 23-də Azərbaycan Respublikasına ekstradisiya edilib.


Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Kommersiya banklarına qarşı analoji kiberhücumların baş verdiyi tərəfdaş dövlətlərin hüquq-mühafizə orqanlarına zəruri hüquqi yardım göstəriləcək.


***
Danila Dorin Konstatinoviçin hansı ölkə vətəndaşı olması barədə bilgi yoxdur. Bəzi gümanlara görə, onun ya Rusiya, ya da Belarus vətəndaşı olması mümkündür. Kibercinayətlər üzrə hazırda keçmiş SSRİ respublikaları sırasında ruslar və belaruslar çoxluq təşkil edir. Amma başqa bir mənbə həbs edilənin İsrail vətəndaşı olduğu barədə də ehtimal irəli sürüb. Daha bir ehtimal isə odur ki, İspaniyada ələ keçən Dorin və hələ ki digər üzvləri açıqlanmayan dəstə pulları əsasən əmanətlər şəklində saxlanılan hesablardan oğurlayırmış. Heç bir bank hesablardan oğurluq olması faktını təbi ki, açıqlamaz. Bu, həmin bankın güvənini sarsıda bilər.


Bankların təhlükəsizlik məsələlərindən məlumatlı bir mənbə “Yeni Müsavat”a deyib ki, MTN çetesinin ifşasından sonra və qurum ləğv olunma ərəfəsində bu sahədə müəyyən boşluq olub ki, beynəlxalq və yerli hakerlər bundan istifadə etməyə çalışıblar. Məsələn, “Dəmirbank” ASC-nin müştəri hesablarına haker hücumu nəticəsində 3 milyon manatın oğurlanması haqqında məlumatlar bu günəcən də təkzib edilməyib. Bu səbəbdən də İspaniyada tutulan kibercinayətkarın məhz “Dəmirbank” oğurluğu faktı ilə bağlı olduğu barədə də iddialar var.

Image result for Dəmirbank” ASC


Qeyd edək ki, son illər Azərbaycanda da kibercinayətkarlıqla bağlı faktlar artıb. Təsadüfi deyil ki, prezident İlham Əliyev bu yaxınlarda Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər edərək Daxili İşlər Nazirliyinə də kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti verib.


İndiyə qədər kibercinayət işləri üzrə ibtidai istintaq aparmaq səlahiyyəti yalnız xüsusi xidmət orqanlarına məxsus olub. İndi isə kibercinayətlərlə bağlı polis orqanları da ibtidai istintaq aparır.


DİN və DTX indiyədək bir sıra uğurlu əməliyyatlar keçirib. Məsələn, bir neçə ölkənin vətəndaşlarının yaratdığı cinayətkar dəstənin ifşası buna sübutdur. Belə ki, Türkiyə Respublikasının vətəndaşı Mesut Uzunöz, Gürcüstan vətəndaşı Babək Qəribov və Azərbaycan vətəndaşı Rüfət Qüdrətlidən ibarət dəstə əlbir olaraq Türkiyə Respublikasında yaşayan Yaşar Baranın tapşırığına əsasən Azərbaycanda saxta “ucuzsepet.com” veb saytını yaradıblar.

Image result for Banklardan pul haker həbs


Saxlanılan Mesut Uzunöz törətdiyi cinayəti etiraf edib: “Türkiyə vətəndaşlarının xəbəri olmadan kartlarındakı pullar ucuzsepet.com saytından Azərbaycandakı ucuzsepet.com MMC-nin hesabına oğurlanaraq köçürülürdü. Bu proseslər real proseslər deyildi, ”feyk" proseslər idi. Burda edilən dövriyyənin də pulu burdan çıxarılaraq Türkiyəyə geri qaytarılırdı. Bu işdən də 10 faiz mənə çatacaqdı".


Dəstə üzvləri həmin səhifədə onlayn alış-veriş edən Türkiyədə fəaliyyət göstərən 11 bankın 74 müştərisinin kart hesablarına sonradan qanunsuz yolla daxil olaraq oradakı pul vəsaitlərini Azərbaycan Respublikasında fəaliyyət göstərən müxtəlif banklarda adlarına açılan hesablara köçürüblər. Pul vəsaitləri Azərbaycanda nağdlaşdırılandan sonra yenidən Türkiyə Respublikasına göndərilib. Bununla da saxlanılan şəxslərin zərərçəkənlərə ümumilikdə 54 732 manat məbləğində ziyan vurduqları sübuta yetirilib.


Bu yaxınlarda isə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları xarici ölkələrin 50-yə yaxın bank müştərisinin plastik kartlarından xüsusi kiberproqramlardan istifadə etməklə külli miqdarda pul vəsaitlərini onlayn ödəniş saytları vasitəsilə qanunsuz çıxaran Xaçmaz rayon sakinləri Xətai Əliyev və Orxan Seyidovu həbs edib. Saxlanılan X.Əliyev törətdiyi əməli etiraf edərək bildirib ki, informasiya texnologiyaları sahəsində olan xüsusi biliklərindən istifadə etməklə internet vasitəsilə onlayn bank əməliyyatları aparan xarici ölkə vətəndaşlarının ödəmə sistemindəki kart göstəricilərinin məlumat bazalarına qanunsuz daxil olaraq onların rekvizitlərini əldə edib.

Image result for DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi


Daha sonra X.Əliyev həmin şəxslərin hesablarından O.Seyidovun adına yerli banklarda açdığı hesablara onlayn köçürmələr edərək nağdlaşdırıb və bu yolla vətəndaşlara külli miqdarda ziyan vurub.


X.Əliyevin istifadə etdiyi kompüterlərə baxış zamanı elektron sübutlar və iş üçün əhəmiyyət kəsb edən digər dəlillər müəyyən edilərək götürülüb.


Qeyd edək ki, kibercinayətlərə kompüter sisteminə qanunsuz daxil olma (271-ci maddə), kompüter məlumatlarını qanunsuz ələ keçirmə (272-ci maddə), kompüter sisteminə və ya kompüter məlumatlarına qanunsuz müdaxilə (273-cü maddə), Kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi (273-1.-ci maddə), kompüter məlumatlarının saxtalaşdırılması (273-2.-ci maddə) daxildir. Bu maddələr üzrə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə, 2 min manatdan 4 min manatadək cərimə nəzərdə tutulur.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar