Sankt-Peterburq televiziya kanalında “Azərbaycana aparan yol” silsiləsindən növbəti veriliş yayımlanıb
26.07.2017 13:19 Sosreaksiya 1179
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulluğunun dəstəyi ilə Rusiyanın şimal paytaxtının mərkəzi televiziya kanalında “Azərbaycana aparan yol” silsiləsindən növbəti veriliş yayımlanıb. Azərbaycanın multikultural ənənələrindən bəhs edilən veriliş “Azərbaycanda multikulturalizm həyat tərzidir” adlanır.
Verilişdə qeyd olunub ki, Azərbaycanda milli həmrəyliyin qurulmasına nail olunub, ölkə dünyada tolerantlıq diyarı kimi tanınır. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu, Şərq və Qərbin kəsişməsində yerləşən Azərbaycan dünyanın ən tolerant və multikultural ölkələrindən biridir. Rusiyali tamaşaçılara məlumat verilir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi altında ölkədə multikultural ənənələrin qorunması və inkişaf etdirilməsi sahəsində həyata keçirilən siyasət yeni mərhələdə Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
Məlumat verilir ki, Azərbaycan multikulturalizmin beşiyidir və tarix boyu beynəlmiləl dövlət kimi tanınıb, burada azsaylı xalqlara, onların milli-mənəvi dəyərlərinə, adət-ənənələrinə hörmətlə yanaşılır.
Veriliş boyu vurğulanır ki, Azərbaycan dünyada tolerantlığı və mədəni müxtəlifliyi təbliğ edən bir sıra beynəlxalq tədbirlərə, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna, Bakı Beynəlxalq Humanitar Forumuna, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna ev sahibliyi edib. Həmçinin Azərbaycanda birinci Avropa Oyunları, “Formula-1”Avropa Qran-prisi, IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər idman yarışlar uğurla təşkil edilib.
Verilişdə qeyd edilir ki, 60-dan çox millətin nümayəndəsinin yaşadığı çoxkonfessiyalı Azərbaycanda 2004-cü ildən Beynəlxalq Multikulturalizm Mərkəzi fəaliyyət göstərir. Azərbaycanda 6 pravoslav kilsəsi fəaliyyət göstərir ki, onlardan üçü paytaxt Bakıda yerləşir.
Daha sonra verilişdə İsmayilli rayonunun İvanovka kəndindən bəhs olunur. Məlumat verilir ki, kəndin əsası çar hakimiyyəti dövründə Qafqaza köçürülmüş ruslar tərəfindən qoyulub. İvanovkada hazırda ruslarla yanaşı, ləzgilər və azərbaycanlılar da yaşayır. Burada insanlar ailə dəyərlərinə çox önəm verirlər. Onlar ata-babalarının əsrlər əvvəl qoyduğu milli ənənələri qoruyub saxlamağı özlərinə borc bilirlər.
Quba rayonunun Qırmızı Slobada qəsəbəsindən də söhbət açılan verilişdə vurğulanır ki, kənddə İkinci Dünya müharibəsindən sonra yəhudi əsilli əhalinin sayı daha da artıb və hazırda əhalinin 99 faizi yəhudidir. Bundan başqa, burada azərbaycanlılar və ləzgilər də yaşayırlar. Qəsəbədə üç sinaqoq və bir rusdilli orta məktəb fəaliyyət göstərir. Azərbaycan müstəqillik əldə etdikdən sonra burada yaşayan yəhudilərə dövlət qayğısı daha artıb.
Müəllif M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılan Bakı Slavyan Universitetini Azərbaycanın qoynunda yerləşən ümumdünya multikulturalizm məbədi kimi təqdim edir. Vurğulanır ki, bu ali təhsil ocağı tolerantlığı və multikultural dəyərləri dünyaya layiqincə təqdim edir, burada multikulturalizm kafedrası fəaliyyət göstərir.
Verilişdə, həmçinin ölkəmizdə multikulturalizmin daha bir məkani sayılan Azərbaycan Dövlət Rus Dram Teatrından da söhbət açılır. Qeyd edilir ki, “Azərbaycan multikulturalizmi” ifadəsinin arxasında çox böyük tarixlə yanaşı, yüksək mədəniyyət dayanır. Azərbaycan multikulturalizminin dünya modelləri arasında xüsusi yeri var və ölkəmizdə multikulturalizmin siyasi, mədəni, ədəbi qaynaqları çox zəngindi.
Müəllif Prezident İlham Əliyevin 2016-cı ili ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ili isə “İslam Həmrəyliyi İli” elan etməsi multikulturalizmin və tolerantlığın Azərbaycanın dövlət siyasətində aparıcı xətt olmasının sübutu kimi təqdim edilir.(azərtac)
Şərhlər