“Fransız tətilləri” Milli İncəsənət Muzeyində xoş təəssüratla qarşılanıb

26.07.2017 13:21     Sosreaksiya     1119

Azərbaycan Milli İncəsənət Muzeyi tolerantlıq mədəniyyəti və multikultural dəyərlərin qorunması və təbliği məqsədilə “Muzeylər mədəniyyətlər arasında körpüdür” layihəsinə start verib.

Muzeydən Reaksiya.az-a bildirilib ki, layihənin ikinci buraxılışı olan “Fransız tətilləri” proqramı tamaşaçılar tərəfindən xoş təəssüratla qarşılanıb.
Proqramın açılışında uşaqlar üçün dostluq və xeyirxahlıqdan bəhs edən “Bənövşə” adlı kölgə teatr tamaşası təqdim olunub. Alaqaranlıq otaqda közərən lampalarla işıqlanan səhnə və fiqurların hərəkəti ilə canlanan tamaşa bütün uşaqları sehrli aləmə qərq edib.
Tamaşadan sonra uşaqlar üçün valideynlərin müşayiəti ilə ustad dərsi keçirilib. Şüşə üzərində rəngarəng boyalarla işığın, kamilliyin, qələbənin rəmzi olan və fransız krallarının gücünü təcəssüm etdirən “flör de lis”- zanbaq gülünün təsviri yaradılıb. Eyni zamanda, uşaqlar rəngli makaronlardan Parisin “Eyfel” qülləsinin portretini hazırlayıblar.
Daha sonra valideynlər üçün Fransa və Azərbaycan mədəniyyəti arasında körpü yaradan Toğrul Nərimanbəyovun yaradıcılığına həsr olunmuş “Paris xatirələri” adlı mühazirə təqdim edilib. Mühazirədə rəssamın keşməkeşli həyatı və əzmkar yaradıcılıq yolu, fərdi yaradıcılıq üslubu haqqında məlumat verilib. Həmçinin valideynlər üçün Fransız ballarında kübar xanımların gizli silahına çevrilən “yelpik dili” jestləri təqdim edilib.
Gün ərzində balacalar bərpaçı-rəssam Samir Talıbovla birgə Paris eskizlərini yaradıblar.
 
Ülviyyə Ədalətqızı

Şərhlər

Çox oxunanlar