Prokuror keçmiş MTN polkovnikinə cəza istəyib
28.07.2017 13:18 Sosreaksiya 1133
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının tamamlanması təklif edilib.
Tərəflər buna etiraz etməyib. Daha sonra məhkəmənin istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı Vüqar Quliyev çıxış edib. Prokuror çıxışında M.Əsgərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Dövlət ittihamçısı V.Quliyev söyləyib ki, zərərçəkmiş Vidadi Əzizov Azərbaycan dövlətinə qarşı 1 milyon 200 min manat və M.Əsgərova qarşı isə 193 min manatlıq mülki iddia qaldırıb: "Zərərçəkmiş dövlətə qarşı iddiasını əsaslandıra bilməyib. Qeyd edib ki, vəzifəli şəxs ona qarşı cinayət törədibsə dövlət məsuliyyət daşıyır. Vidadi Əzizova qarşı 2012-ci ildə cinayət törədilib və bu müddət ərzində müvafiq qurumlara müraciət etməyib. Yalnız 2015-ci ildə rəsmi müraciət edib. Vətəndaşın şikayəti ilə bağlı ciddi tədbir görülüb. Buna görə də onun dövlətə qarşı mülki iddiası tam rədd edilməli, Mirəziz Əsgərova qarşı iddiası isə baxılmamış saxlanılmalıdır".
Prokuror əlavə edib ki, M.Əsgərovun üzərinə həbs qoyulmuş əmlakları ilə bağlı tədbirin görülməsi məhkəmənin mülahizəsinə buraxılsın.
Zərərçəkmiş Vidadi Əzizovun nümayəndəsi Fəxrədddin Məmmədov bildirib ki, müvəkkilinə qarşı törədilən cinayət həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə sübuta yetirilib.
Məhkəmənin növbəti iclası avqustun 4-nə təyin edilib.
Qeyd edək ki, M.Əsgərov zərərçəkmişlərdən hədə-qorxu yolu ilə pul tələb etmək və digər ağır cinayətlərdə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2-ci (mütəşəkkil dəstə tərəfindən, külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu gəlmə), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, təkrar, külli miqdarda, hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), 341.2.1 və 341.2.3-cü (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham edilir.
Şərhlər