Professor Həsənbala Sadıqovdan çağırış

11.08.2017 20:41     Sosreaksiya     1744

Tariximizə, dahilərimizə sahib çıxaq?!

Mən tariximiz və tarixi şəxsiyyətlərimiz haqqında populist, özlərindən razı müdaxilə (sifarişli olduğuna inanıram) edənləri millətin bağışlayacağına inanmıram. Son günlər yazılanları görüb şok keçirdim. Millət vəkili Azərbaycanın elm dühası haqqında dediklərindən görəsən xəbərdardırmı?

Millətə xidmət indeksi haqqında məlumatı olmadığından belə müsahibələr verir. Hazırda Lütfüzadənin millətə xidmət indeksi o qədər yüksəkdir ki, mütəxəssis olmasan onu dərk edə bilməzsən. Mən amerikalı alim Teylorla 4000 yaşı olan qədim Gəncədə olarkən o, qədim şəhərin divarlarına baxaraq dedi: "4000 yaşlı bu divar qalıqları Azərbaycan türkünə dünya mədəniyyət tarixində ən yüksək yerə haqqı çatdığını göstərir.

Dünyanın ən qədim mədəniyyət sahibi olan Azərbaycan türkü qarşısında baş əymək lazımdır." Unutmayın tariximiz, tarixi şəxsiyyətlərimiz haqqında dedikləriniz kimliyinizi, daha dəqiq ifadə etsək kimə xidmət etdiyinizi ortaya qoyur və tərcümeyi-halınızın bir parçasına çevrilərək dünya durduqca sizinlədir. Son vaxtlar tariximizə qara eynəkli baxmaq dəb olub. Babək, Şah İsmayıl, Cavad xan, Nadir şah, Ağa Məhəmməd şah Qacar, Məmməd Əmin Rəsulzadə və silahdaşları, Səməd Vurğun və başqalarına hücumlar var. Hətta Milli Qəhrəman Mübariz İbrahimova da hücum edənlərin olması çox düşündürücüdür. Sual çıxır Ətrafımızda olanları tanıyırıqmı? Bizdə xarici dövlətlərin layihələrini görənləri tanıyırıqmı? Xaricilərin pul kisəsinə bağlı olanda belə danışmaq olar? Qorunmalı olan yalnız ölkənin sərhədləri deyil. Qədim tarixə sahib olan Azərbaycan türkünün milli mənəvi dəyərlərinin qorunması ziyalıların müqəddəs vəzifəsidir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bütün ziyalıları həmrəy olub, milli mənəvi dəyərləri qorumağa çağırır.

Biz ziyalılar hələ də vəzifəmizi istisnalar nəzərə alınmazsa yerinə yetirməmişik. Tarixdən məlumatları olmadığı halda tarixi şəxsiyyətlərimizin təftişinə başlayanlar çoxalıb və təəssüf olsun ki, onların mövqeyi ilə ermənilərin mövqeyi arasında fərq görünmür. Tariximizə o qədər biganə yanaşırlar ki, sanki ayrı qan daşıyırlar. Onlara DUR deyilməlidir. Tarixi şəxsiyyətləri təftiş etmək çox asandır. Axı, onların yuxarılarda babaları, ataları yoxdur. Milli Məclisin vəkillərindən bir neçəsi uzun illərdir ki, seçicilərinin səsi olduğunu unudaraq tariximizin, seçicilərin tarixinin açıq düşməni olduğunu ortaya qoyurlar. Görəsən o vəkillər onu seçənlərlə "görüşəndə" nədən hesabat verirlər? Bəlkə də artıq seçicilərin səsinə ehtiyacı yoxdur? Niyə? Hər halda xalqın-onların hesabat vermədiyi vəkillərə seçki sandığını məzara çevirəcəyi gün uzaqda deyil. Hörmətli seçicilər seçdiklərinizdən tarixinə hörmət tələb etmək sizin qanuni Haqqınızdır.

Həsənbala Sadıqov

Tarix elmləri doktoru,

Professor, Azərbaycan Respublikasının əməkdar müəllimi

Reaksiya.az

Şərhlər

Çox oxunanlar