“Sağlam Azərbaycan Festival”ı keçiriləcək

12.08.2017 14:12     Sosreaksiya     1677

Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə ölkədə ilk dəfə “Sağlam Azərbaycan Festivalı” keçiriləcək. Ümumdünya Səhiyyə tədbirləri arasında xüsusi şöhrətə malik olan bu festivalın Azərbaycanda keçirilməsinin məqsədi insanlara sağlam həyat tərzi aşılamaqdır. Reaksiya.az-ın məlumatına görə paytaxtda baş tutacaq festivalda müxtəlif mədəniyyətlərin təbliği ilə yanaşı, idman və turizm sahələrinin, sağlam həyat tərzinə səsləyən VEGAN mədəniyyətinin təbliğinə geniş yer ayrılacaq.

Məhz bu festival üçün Azərbaycana dəvət olunmuş ukraynalı aşpaz Konstantin Stolyarov dadlı vegeterian yeməkləri bişirib iştirakçılara təqdim edəcək.( O, 2016 cı ildə də Bakıda keçirilən VEGAN BOOM projesinin iştirakçısı olub). Konstantin bu dəfə də qonaqlara xüsusi hazırlanmış masalarda dadlı təamların dadına baxmaq və faydalı məlumatlar almaq imkanı yaradacaq. Əcnəbi şirniyyatçı qizlar da festivala öz təamları ilə rəng qatacaq.

   Festival çərçivəsində böyüklər üçün VEGAN yeməklərin master-klassları ilə yanaşı ana və uşaq üçün özünü müdafiə dərsləri, “Happy starts”, gimnastika şousu və dərsləri, hər növ yoqa, mantra oxunulması, masaj, voleybol, şahmat yarışları, xına çəkmək üzrə master klass, kişilər üçün mini futbol 4x4, mini qolf, armrestling (qol güləşi) , kapoeyra (capoeira), Boçça paralimpiya yarışması, açıq kinoteatr, Street Art, Street boll və “Lektoriy” maarifləndirici mühazirələr təşkil olunacaq. Bu mühazirələr müxtəlif sahələrdə çalışan insanlara biliklərini artırmaq və opponentləri ilə müzakirə etmək imkanı yaradacaq.

  “Sağlam Azərbaycan Festivalı”nda uşaqların da maraqları nəzərə alınıb. Festival zamanı balacalar üçün rəqs, yoqa, kapoeyra (capoeira) dərsləri, Face art və karikatura master klassları, maarifləndirici oyunlar keçiriləcək. Uşaqları şar bağlayan və sehrbazla yanaşı  animatorlar əyləndirəcək.

“Sağlam Azərbaycan Festivalı”nın maraqlı məqamlarından biri də insanlar üçün təşkil olunan pulsuz həkim müayinələridir. Belə ki, festivala qatılanlar müxtəlif sahələrdə ixtisaslaşmış həkimlər tərəfindən müayinə edilərək, məsləhət almaq imkanı qazanacaqlar.

Festivalda Xərçəngə qarşı birgə mübarizə sloqanı ilə qaçış yürüşü olacaq. Ağ Şəhər Bulvarı ərazisində 2 kilometrlik məsafəni əhatə edəcək qaçışa müxtəlif yaş qruplarını (gənclərdən tutmuş veteranlara qədər) əhatə edəcək iştirakçılar qatılacaq.                         

Avqustun 25,26 və 27-si tarixlərində Ağ Şəhər Bulvarı ərazisində keçiriləcək “Sağlam Azərbaycan Festivalı”na giriş pulsuzdur. İştirakçılar təqdim olunan bütün xidmət və əyləncələrdən ödənişsiz istifadə edə biləcək. Bundan başqa festival ərazisində satışa çıxarılacaq bütün qida məhsulları da xüsusi endirimlə satılacaq.   

Qeyd edək ki, “Sağlam Azərbaycan Festivalı”na  Azərbaycan Milli Paralimpiya Komitəsi,  Azərbaycan Capoeria Federasiyası, Azərbaycan Milli Karate Federasiyası, Azərbaycan Gimnastika FederasiyasıAzərbaycan Basketbol Federasiyası da dəstək verir.

İnsanları yaxşılığa, sevgiyə, birliyə yönləndirəcək “Sağlam Azərbaycan Festivalı” müxtəlif sahələrdə  həmfikirlərin tanışlığının və birliyinin yaranmasına zəmin yaradacaq. Avqustun 11 dən etibarən istifadəyə veriləcək www.saglamazerbaycan.az  saytında festival haqqında mütəmadi olaraq məlumatlar yerləşdiriləcək.      

Ülviyyə Ədalətqızı

Reaksiya.az

Şərhlər

Çox oxunanlar