Müqəddəs kitabda proqnozlaşdırılan 10 QORXUNC HADİSƏ

13.08.2017 17:12     Sosreaksiya     2098

Əlbəttə, arxeoloqlar Bibliyanın tamamilə doğru bir mənbə olduğunu sübuta yetirə bilməsələr də, çox vaxt oradakı bəzi hadisələri daha yaxşı anlamağa və qavramağa yardımçı ola biləcək müxtəlif cür kəşflər edirlər.

Alimlərin aşkar etdiyi bir çox artefaktlar həqiqətən də Kitablar kitabında təsvir edilmiş hadisələri təsdiqləyir.

1. Böyük daşqın (Nuh tufanı)

 

Elmi mühitdə Bibliyadakı daşqından bəhs edən hekayənin, böyük ehtimalla, Mesopotamiyadakı dağıdıcı daşqına əsaslandığına dair bir fikir formalaşıb. Bu mülahizə həqiqətdirsə, deməli, sözügedən daşqının miqyası hekayə müəlliflərinin təxəyyülündəki mübaliğədən başqa bir şey deyil. 1928-1929-cu illərdə Mesopotamiyanın (hazırkı İraqın) cənubunda aparılan qazıntılar zamanı britaniyalı arxeoloq Leonard Vulli qədim Ur şəhərində eramızdan əvvəl 4000-3500-ci illərə aid olan 3 metr qalınlığında lil qatı aşkar edib.

Vulli bunu Bibliyadakı daşqının sübutu kimi izah etmişdi. Fərqli illərə aid olan analoji dəlillər sözügedən regionun bir çox digər yerlərində də aşkar edilib. Daşqınlar Mesopotamiyada tez-tez rast gəlinən bir hal idi. Planetar miqyaslı daşqınların mövcudluğunu təsdiqləyən heç bir arxeoloji dəlilin olmadığına baxmayaraq, Mesopotamiyada baş verən fəlakətli daşqının (yaxud da bir neçə daşqının) baş verdiyini sübuta yetirəcək faktlar var.

2. İbrahimin nəsil şəcərəsi

 

İbrahimin hekayəsi ailəsilə birlikdə Kənan şəhərinə köçməzdən əvvəl, Mesopotamiyanın Ur şəhərində yaşamasından başlayır. "Yaradılış" kitabının ikinci hissəsində İbrahimin nəsil şəcərəsindən kifayət qədər təfərrüatlı şəkildə bəhs olunmuş, onlarla adlar çəkilmişdi. Müasir tarixçilər İbrahimin eramızdan əvvəl təqribən 2000-1500-cü illər arasındakı dövrdə yaşadığını təxmin edir. Fəratın (müasir Suriya ərazisi) qədim şəhəri Maridə aparılan arxeoloji qazıntılar zamanı əzəmətli padşah sarayının qalıqları və bir zamanlar həmin sarayın arxivinin bir hissəsi olan lövhəciklər tapılıb.

Eramızdan əvvəl 2300-1760-cı illərə aid olan Mari arxivinin lövhəciklərinin tədqiqindən sonra bu ərazidə İbrahimin nəsil şəcərəsində aşkar edilmiş adların istifadə olunduğu məlum olmuşdu. Bu tapıntı İbrahimin nəsil şəcərəsinin əsaslı olduğunu təsdiqləməsə də, tarixin tamamilə uydurulmuş olmasının mümkünsüzlüyünə dəlalət edir.

3. İbrahimin kənizi

 

"Yaradılış" kitabında İbrahimin həyat yoldaşı Saranın övlad dünyaya gətirə bilmədiyindən bəhs olunur. O, İbrahimin onun üçün övlad dünyaya gətirməyə qabil olan ikinci arvad kimi Həcər adlı misirli kənizi almasına razılıq vermişdi. Bu ənənə arxeoloqların aşkar etdiyi bir çox mətnlərdə də təsdiqini tapıb. "Əhdi-cədid"də (e.ə. XVIII əsr) və hətta "Hammurapi Məcəddəsi"ndə də bu halların hamı tərəfindən qəbul edilmiş bir ənənə olduğu barədə məlumatlar var.

Müasir İraqın qədim hurri tatyfalarına aid olan qazıntılarda aşkar edilən Nuzi lövhəcikləri eramızdan əvvəl XV əsrin ikinci yarısına aid olunur. Bu mətnlərdə uşaq dünyaya gətirməyə qabil olmayan (sonsuz) arvadın ərinə oğul doğması üçün kəniz təqdim edə biləcəyindən bəhs olunur.

4. Sodom şəhəri

 

"Yaradılış" kitabında sakinlərinin günahları üzündən Sodom və Homorra şəhərlərinin tamamilə yer üzündən silindiyi təsvir olunur. Arxeoloqlar qrupu İordan çayının şərq hissəsində olan Tel-əl-Həmmamda yerləşən qədim Sodom şəhərinin qalıqlarını aşkar etdiyini hesab edir. Qazıntı qalıqlarının yaşı Bibliyanın erkən dövrü (e.ə. 3500-1540-cı illər) ilə üst-üstə düşür. Qalıqların qədim Sodom şəhərinə aid olunduğu mülahizələri təkcə onun coğrafi mövqeyinə əsaslanmır. Arxeoloqlar bu şəhərin Orta Tunc dövrünün sonlarına yaxın tərk edildiyini hesab edir ki, bu da Sodomun Bibliyada bəhs olunan dağıdılması təsvirilə uyğunluq təşkil edir.

5. Ketef Hinnomun gümüş əlyazmaları

 

Ketef Hinnoma aid arxeoloji qazıntıların aparıldığı yer Qədim Qüds (Yerusəlim) şəhərinin Beytləhm yolunun cənub-qərb ərazisində yerləşən qaya daşlarının içindəki dəfn otaqlarından ibarət silsilə kompleksdir. 1979-cu ildə arxeoloqlar həmin ərazidə mühüm bir kəşf etmişdi: onlar bağlama şəklində burulmuş iki gümüş lövhə aşkar etmişdi. Lövhəciklərdə qədim ibrani (ivrit) dilində yazılar həkk olunub. Qoruyucu dua kimi istifadə olunan bu bağlamaların e.ə. VII əsrə təsadüf etdiyi ehtimal olunur. Sözügedən əlyazmalarının mətnlərində Tövratın günümüzə gəlib çıxan qədim ifadələrinə rast gəlinir.

6. Deyr Alla kitabələri

 

Qovulmuş israillilər məskənlərini tərk edərkən, Sinay yarımadasından keçərək, Edom və Moav səltənətlərinə gəlib çıxmışlar. Müqəddəs kitabın "Rəqəmlər" adlı bölməsində israillilərin gəlişindən dolayı narahat olan Moav çarının Valaam (İsa) adlı peyğəmbərdən İsrail xalqını lənətləməsini xahiş etdiyindən bəhs edən bir fəsil var. İordan çayından təxminən 8 kilometr aralıqda Tunc dövrünə aid Deyr Alla adlı bir ziyarətgah aşkarlanıb. Bu məbəddə həqiqətən də Valaamın lənətinin həkk olunduğu qədim əsgəri kitabə tapılıb. Lənətləmə nəticəsində dağılmadan və «bədxah tanrıların» cəzalandırılmasından xəbər verən bu kitabədə ilahi məfkurə təsvir olunur.

7. Samariyalıların əsirliyi

 

Samariya e.ə. 722-ci ildə assuriyalıların basqını nəticəsində devrilmişdi. Assuriya sənədlərində kral II Sarqonun 27290 nəfəri əsir götürərək, onları assuriyalıların nəzarəti altında olan müxtəlif yerlərə, həmçinin Halahda yerləşən Havora sürgün etdiyi bildirilir. Bu hadisə təsdiqini «Padşahlar Kitabı»nın mətnlərində tapır, həmçinin bir sıra maddi sübutlarla təsdiq olunur. Mesopotamiya qazıntıları zamanı arxeoloqlar üzərində israillilərin adları həkk olunmuş saxsı fraqmentlər aşkar edib.

8. Assuriya basqını

 

Eramızdan əvvəl 701-ci ildə Assuriya hökmdarı Sennaxirib Yəhudistana basqın etmişdi. Bu həmlə nəticəsində «Padşahlar Kitabı»nda adı çəkilən Lahiş şəhəri də daxil olmaqla, bir çox şəhərlər devrildi. Mühasirədən sonra şəhər assuriyalılar tərəfindən ələ keçirildi, bu hadisəni bir neçə arxeoloji tapıntı da təsdiqləyir. Lahişin olduğu ərazidə arxeoloqlar ox ucluqları, mühasirə qurğuları, dəbilqələr və müdafiəçilərin mühasirə həmləsinə qarşı istifadə etdikləri zəncir aşkar etmişdi. Qədim Assuriya şəhəri olan Nineviyanın (Şimali İraq) yerində isə Lahişin işğalının əks olunduğu relyeflər və heykəllər tapılıb.

9. Babil sürgününün sonu

 

İran hökmdarı Böyük Kir Babili e.ə. 539-cu ildə işğal etdikdən sonra əsarətdə saxlanılan yəhudiləri və digər millətlərin nümayəndələrini azad etməyi əmr etmişdi. Bu tarixi hadisə «Əzra Kitabı»nda da təsvir edilib. Həmçinin Böyük Kirin Babil əhalisinin böyük qisminin öz vətəninə qayıtmasına dair siyasətini təsvir edən digər tarixi sənədlər də mövcuddur. Bu sayaq sənədlərdən ən məşhuru Kirin Silindridir – Kirin qələbələrinin və lütfkar əməllərinin siyahısının üzərində həkk olunmasını əmr etdiyi kiçik saxsı silindr.

10. Herod sarayı

 

Böyük Herodun iddialı tikinti layihələrinin izləri bütün Fələstin boyunca aşkar edilir. Onun sarayının qalıqları hesab edilən tapıntılar Yərusəlimin qədim şəhərində, Davud qülləsinin yaxınlığında aparılan qazıntılar zamanı tapılıb. Bu tapıntının əsas mahiyyəti ondan ibarətdir ki, Romalı sərdar Ponti Pilat İsanı məhz burada ölüm cəzasına məhkum etmişdi.(publika.az)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar