Sakinlərin gününü qara edən köhnə liftlər - Araşdırma

30.07.2015 14:44     Sosreaksiya     4731

 

Xəbər verildiyi kimi, dünən Bakıda S. Vəzirov küçəsi 17 ünvanında liftdə bədbəxt hadisə  baş verib. Hadisə nəticəsində 24 yaşlı Mirhəmid Mehdiyev 16 mərtəbəli binanın liftindən şaxtaya düşərək ölüb.  

Nasaz liftlərin ucbatından hər il xeyli sayda insan xəsarət alır, hətta onların arasında ölənlər də az deyil.

Belə bədbəxt hadisələri törədən səbəb isə istismar müddətini başa vuran liftlərdə olan  “tros”ların qırılması və alt hissəsinin qopmasıdır.

Nəticədə sakinlər hündür mərtəbələrdən zirzəmiyə düşərək faciəvi şəkildə ölürlər.

Bu kimi ölüm halların sayı isə azalmaq əvəzinə əksinə artır.

Qaydaya əsasən, liftlərin istismar müddəti 25 il hesab edilir.  25 ildən sonra lift yararsız hesab edilərək yenilənməlidir. Lakin statistika göstərir ki, hazırda Bakıda 25 illik istismar müddətini başa vuran liftlərin sayı 5200-dən artıqdır. Hər blokda orta hesabla 27 mənzil olduğu götürülərsə, 150 mindən çox ailə  hər gün risk mənbəyi olan köhnə liftlərdən istifadə edir.

 

Ölüm saçan liftlərə kim nəzarət edir?

 

Liftlərin yoxlanılması və təhlükəsizliyi məsələsinə Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin  "Bakı Lift-Təmir" İstehsalat Birliyi cavabdehdir.

"Bakı Lift-Təmir" İstehsalat Birliyi  istismar müddəti bitmiş  liftlərin  hər il  yoxlanıldığını bildirir. Aparılan testlərdən sonra onların insan həyatına təhlükəsi yoxdursa, o, yenidən istismara verilir. Lakin görünür,  bu liftlər kifayət qədər yaxşı yoxlanılmır. Əks halda 24 yaşlı gənc öz həyatını itirməzdi.

 

Bəs, kimdir günahkar?

 

Bəs bütün bu halların günahkarı kimdir və necə cəzalandırılmalıdır. Məsələyə bir də hüquqi müstəvidən yanaşması üçün hüquqşünas Ruslan Vəliyevə müraciət etdik.  O bildirdi ki, günahkarı müəyyənləşdirmək üçün əvvəlcə hadisənin necə baş verdiyini öyrənmək lazımdır.

Hadisə  ehtiyatsızlıq zəminində baş veribsə,  məsələn, insan özü şaxtaya çıxırsa,   zorla liftin qapılarını açırsa və ehtiyatsızlıqdan yıxılırsa ,bu halda günahkar tərəf həmin şəxs hesab oluur. İkinci halda hadisə intihar zəminində baş verə bilər. Bu zaman yenə də günahkar olan tərəf həyatını itirən şəxsdir. Məsələnin üçüncü və əsas tərəfi tikinti qaydalarının pozulması ilə bağlıdır.

Əgər hadisə tikinti qaydalarının pozulması ilə bağlıdırsa, onda binanı tikən Sifarişçi təşkilat (və ya binanın mülkiyyətçisi) məsuliyyət daşıyırlar. Çünki ölkəmizdə aparılan bütün tikinti işləri Şəhərsalma və Tikinti qaydalarına uyğun aparılmalıdır. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, liftlərin yerləşdiyi obyektlərin sahibləri bu qurğuları saz vəziyyətdə saxlamağa borcludurlar.

 

Günahkar JEK-lərdir

 

Ruslan Vəliyev onu da qeyd etdi ki, əgər tikinti zamanı qaydalara riayət olunubsa, lakin binanın istismarı zamanı təhlükəsizliyə riayət edilməyibsə, onda məsuliyyətə tikinti şirkəti yox, binanın istismarına cavabdeh olan şəxslər cəlb oluna bilər. Bina dövlətin balansındadırsa, onda MİS-lər (JEK) məsuliyyətə cəlb olunmalıdırlar.

Son olaraq qeyd etmək istəyirik ki, 2009-cu ildə dövlət başçısının verdiyi sərəncam əsasında liftlərin təmirinə 10 milyon vəsait ayrılıb. Amma buna baxmayaraq, əhalinin lift problemi hələ də qalmaqdadır. İstifadə müddəti bitmiş liftlərin tez-tez xarab olması və onlarda yaranan nasazlıqlar vətəndaşların gününü qara etməklə yanaşı həyatını da təhlükəyə atır.  

Şərhlər

Çox oxunanlar