Ana 2 övladı ilə birlikdə özünü öldürmək istədi
04.09.2017 12:45 Sosreaksiya 1708
Mingəçevir şəhərində 28 yaşlı Xəyalə Quliyevanın iki azyaşlı uşağı ilə intihara cəhd etməsinin təfərrüatı məlum olub
Mingəçevirdə 28 yaşlı qadın uşaqları ilə birlikdə özünü yaşayış binasının 5-ci mərtəbəsindən ataraq intihar etmək istəyib.
Hadisə şəhərin Heydər Əliyev prospekti, 35 saylı binada baş verib.
Belə ki, həmin binanın 5-ci mərtəbəsindəki mənzildə kirayədə yaşayan 28 yaşlı Xəyalə Quliyeva özünü iki azyaşlı övladı ilə birlikdə eyvandan atmağa cəhd edib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xüsusi briqadası, hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım və Rayonlararası Psixonevroloji Dispanserin əməkdaşları cəlb olunub.
Qadını dilə tumaq cəhdi baş tutmayıb. Mənzilin qapısını sındıraraq içəri daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları intihar etmək istəyən qadını və uşaqları son anda ölümdən qurtarıb.Əldə etdiyimiz məlumata görə, X.Quliyevanın ruhi xəstəliyi var. Mingəçevir İcra Hakimiyyətindən bildirdilər ki, X.Quliyeva polisə ifadəsində intihar etmək istəmədiyini deyib.
X.Quliyeva ərizəsində hamilə olduğunu və sadəcə həyəcanlandığını, lakin məqsədinin intihar etmək olmadığını bildirib.
Hadisə baş verən zaman hadisə yerinə cəlb olunan Mingəçevir şəhər Ruhi əsəb Dispanserinin baş həkimi Rəfael Zeynalov də açıqlamasında bildirib ki, X.Quliyeva psixi xəstədir, həmin gün də intihar etmək istəməyib.
“3-4 ay əvvəl yoldaşı müayinə üçün onu xəstəxanaya gətirmişdi. Onu müayinə etdik, psixi xəstə olduğunu müəyyən etdik. Problemi ağır olmasa da, müalicəyə ehtiyacı var idi. Lazım olan müalicəni yazdıq. Lakin o yazılan müalicəni qəbul etmək istəməyib. Yoldaşının dediyinə görə, bütün dərmanları zibil qabına atıb. Xəyalə evdar qadındır, bütün gününü evdə keçirir. Hətta aylarla evdən çölə çıxmır, uşaqlarını məktəbə qaynanası, qaynı aparır. O həm də yoldaşının tezdən işə gedib, axşam gec gəldiyinə görə qısqanır. Ara-sıra buna görə münaqişələri də olub. Sentyabrın 2-də isə axşam 22 radələrində o, evin qapısını bağlayıb, yoldaşının bütün cəhdlərinə baxmayaraq qapını açmayıb. İki azyaşlı uşağı da evdə olub. Yoldaşı Xəyalənin intihar edə biləcəyindən qorxub və polisə məlumat verib. Polis onu fikrindən daşındıra bilməyib. Biz də bir saata qədər onunla söhbət etdik, lakin qapını açmadı. Fövqəladə Hallar Nazirliyi, polis və prokurorluq nümayəndələri qapını açıb, içəri daxil oldu. Biz mənzilə daxil olanda Xəyalə tormozlanmış halda divanda oturmuşdu. O, qapının açılacağını gözləmirdi, bir anlıq qorxu keçirdi. Lakin intihara cəhd etməsi məlumatı doğru deyil, sadəcə psixi gərgin vəziyyətdə olub. Həmin vaxt uşaqlar isə mətbəxdə idilər”.
R.Zeynalov eyni zamanda bildirib ki, X.Quliyeva daha sonra həyat yoldaşı ilə birlikdə Mingəçevir şəhər Ruhi Əsəb dispanserinə gətirilib:
“Onu müayinə etdik, sakitləşdirici iynə vurduq. Təkrar müalicə yazdıq. Valideynləri də xəstəxanaya dəvət edildi. Onlara vəziyyəti izah etdik. Xəyalənin yaşadığı mühitdən 10-15 günlük kənarlaşmasına ehtiyacı var. Bu müddət ərzində o, lazımı müalicəni qəbul etməlidir. Bu müddətdə isə uşaqlara qaynanası baxacaq. Çünki Xəyalənin vəziyyəti uşaqlara baxmaq üçün uyğun deyil. O özü tibb bacısıdır, hazırda işləmir. Lakin məndə olan məlumata görə, o uşaqlarının daim xəstə olduğunu düşünür. Həkim göstərişi olmadan uşaqlarına iynə vururmuş. Bunu özü ilə söhbətində də təsdiq etmişdi. O, uşaqlarının xəstə olduğunu düşündüyündən bunu etdiyini deyirdi. Vurduğu iynələr əsasən, vitamin tərkibli olurmuş. Sonuncu dəfə hadisə baş verən günü uşaqlara yatdıqları yerdə iynə vurub”.
Baş həkimin sözlərinə görə, valideynləri X.Quliyevada bu problemlərin yeniyetməlik yaşından başlandığını deyiblər:
“Valideynləri onun yeniyetməlik dövründən özünəqapalı, ağırtəbiətli olduğunu deyirlər. Bir neçə il əvvəl onda psixi problemlər yaranıb. Anasına qarşı kobud davranıb, özünə gələndən sonra peşman olduğunu deyirmiş. Bu probleminə qarşı müalicə qəbul edib. Xəyalə daim hüquq və azadlıqlarının pozulduğunu düşünür. Həmçinin təqib edildiyi qənaətindədir. Həyat yoldaşının evində yaşamaqdan imtina edib. Xəyalənin bu narahatlığına görə evləri olsa da, tez-tez kirayə ev dəyişirlər. Bir sözlə, problemli şəxsdir. Müalicəsinə başlamışıq, yaxşı nəticə olacağına inanırıq”.(publika.az)
Şərhlər