Ölməzlik nümunəsi
08.09.2017 18:26 Sosreaksiya 1699
“Şəhidlər ölmür” deyirlər. Aradan illər ötsə də, onların ucaldığı zirvə hər tərəfdən daha aydın görünür, ətrafdakılara örnək olur. Haqqında söhbət açdığımız Vətən oğlu da belə unudulmaz insanlardan biridir.
Əlmərdan Hüseynov 1962-ci il yanvar ayının 14-də Biləsuvar rayonun Fioletovka ( indiki Çaylı) kəndində anadan olub. Orta təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmət dövründə mərdliyi, mübarizliyi ilə komandanlığın və şəxsi heyətin dərin hörmətini qazanıb. Bir zamanlar Sovet ordusu sıralarında xidmət edərkən ağlına da gətirməzdi ki, zaman gələcək özünə doğma saydığı bu ordu doğma xalqının qanını tökəcək, neçə-neçə günahsız insanların arzularını gözlərində qoyacaq. O insanlardan biri də elə özü olacaq.
Əlmərdan vətən qarşısındakı vəzifə borcunu ödəyib artıq müstəqil şəkildə öz həyatını qura bilərdi, amma bunun üçün də müəyyən peşə ilə məşğul olmaq lazım idi, ona görə də, hərbi xidmətdən sonra sənədlərini Bakı şəhərindəki 86 saylı Texniki Peşə məktəbinə verdi.
Məktəbi bitirdikdən sonra artıq bir sənətin qulpundan yapışıb ailəyə kömək olmaq istədi. Bu arzuyla 1983-cü ildə “Azelektroterm ” Elm-İstehsalat Birliyində elektrik olaraq işləməyə başladı. Tez bir zaman ərzində işinin əhli oldu. Rəhbərliyin etimadını qazandığı üçün çox vacib işlər ona tapşırılır, o da vicdanla üzərinə düşən vəzifəni yerinə yetirirdi. Həyatın öz axarı ilə getdiyi bir zamanda qəfil dövran dəyişdi. Erməni-rus faşistlərinin xalqımızın başına gətirdiyi faciələr onun da gələcək arzularının üstündən birdəfəlik xətt çəkdi.
…1990-cı ilin yanvar ayının 19-dan 20-ə keçən gecə, o məşum gecə… Keçmiş SSRİ-nin silahlı qüvvələri Azərbaycan xalqının milli azadlıq ruhunu boğmaq üçün Bakıda, o cümlədən respublikanın bir neçə rayonunda qanlı qırğınlar törətdi. Doğma vətəninin azadlığı uğrunda haqq mübarizəsinə qalxmış günahsız vətən övladları vəhşicəsinə gülləbaran edildi. Lakin, bu dəhşətli qırğınlar da xalqımızı haqq mübarizəsindən döndərə bilmədi. Hərbi vəziyyətə, küçələrdə sovet qoşunlarının hər cür təzyiqlərinə baxmayaraq, Azərbaycan xalqı öz şəhidlərini ən böyük ehtiramla Şəhidlər xiyabanında dəfin etdi.
Şəhidlərin əziz xatirəsinə ehtiram üçün “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31mart 1998-ci il tarixli fərman imzaladı. Həmin fərmana əsasən, 1998-ci il 29 dekabr tarixində “20 Yanvar şəhidi” haqqında əsasnamə də təsdiq edildi. Faciənin qurbanlarının 147 nəfərinə “20 Yanvar şəhidi” fəxri adı verildi. Onlardan biri də Əlmərdan Hüseynov idi. O gecə Əlmərdan və onun mübarizə yoldaşları Salyan Kazarması yaxınlığında sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirildi. Qanlı qırğının səhərisi gün yaxınları onun cəsədini morqdan tapdılar. Həkimlərin verdiyi rəyə görə, Əlmərdan qoluna və sinəsinə dəymiş güllələr və sifətinin sağ tərəfindəki ağır zərbə izləri nəticəsində həlak olub.
Ölümündən sonra doğma kəndinə gətirilən Əlmərdan böyük izdihamla son mənzilə yola salındı.
Əlmərdan və mübarizə yoldaşlarının ölümlərindən 27 il keçir, xalqımız öz qəhrəmanlarını heç zaman unutmur. Hər il Əlmərdanın qəbri üstünə gələnlərin sayı daha da artır. Əvvələr oxuduğu, həyatının ən gözəl çağlarını keçirtdiyi orta məktəb indi onun adını daşıyır. Məktəblilərdən soruşanda ki, hansı məktəbdə oxuyursan “Əlmərdan Hüseynov adına orta məktəbdə” – deyə fəxrlə cavab verirlər. Onlar üçün Əlmərdan mübarizliyin, dönməzliyin zirvəsi olaraq qalır. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!
Gülcənnət Sevil Əliyeva
Şərhlər