Ziya Məmmədovun “ŞAH ƏSƏRİ”: - Sabiq naziri addım-addım həbsə aparır

18.09.2017 22:33     Sosreaksiya     1750

Ləğv olunan Nəqliyyat Nazirliyinin elan etdiyi "Bakıda taksi parkının London Taxi TX4 markalı avtomaşınlara dəyişdirilməsi" proqramı çərçivəsində yaradılan "Baku Taxi Company" şirkəti "Shanghai LTI" şirkəti ilə dəyəri 27 milyon dollar olan müqavilə imzalayıb.

Qeyd edək ki, "Shanghai LTI" şirkəti “London taksi”lərinin Bakıya tədarükü üzrə 2011-ci ildə "Manganese Bronze Hildings PLC" və Çinin avtomobil istehsalçısı "Geely Automobile Holdings Limited"in birgə müəssisəsidir.

Bu, hələ o zaman üçün London şirkətinin ən iri müqaviləsi hesab olunurdu. Ləğv olunan Nəqliyyat Nazirliyinin balansında olan layihə çərçivəsində Bakıya 3 minə qədər avtomobilin gətirilməsi nəzərdə tutulurdu. Qeyd edək ki, ilkin mərhələdə Bakıya 100 bənövşəyi rəngə avtomobil gətirildi və sabiq Nəqliyyat Nazirliyi tərəfindən geniş təqdimetmə mərasimi keçirildi. 

Qeyd edək ki, 2014-cü ilin sonuna qədər Bakıya 1000 ədəd “London taksisi” gətirlmişdi. I Avropa Oyunları ərəfəsində isə daha 500 avtomobil ölkəyə gətirildi. Ümumilikdə isə 27 milyon ayrılan vəsait hesabına ölkəyə gətirilməsi nəzərdə tutulan 3 min avtomobilin hərəsi 9 min manata düşür. Bəlkə də Ziya Məmmədovun “şah əsəri” hesab olunan “London taksiləri”nin sifarişi üçün nəzərdə tutulan qısa nömrəsinin *9000 olması da təsadüfi deyil. O, zaman bunu düşünənlər, yəqin ki, elə qiymətini nəzərə alaraq belə bir addım atıblar. Bəs Nəqliyyat Nazirliyinin sifarişçisi olduğu bu avtomobillər keyfiyyət baxımından qiymətinə adekvatdırmı? Belə görünür ki, yox. Çünki bu günlərdə yayılan videogörüntülərdən məlum oldu ki, işlək vəziyyətdə olmayan 100-lərlə “London taksisi” DYP-nin Lökbatan qəsəbəsindəki qeydiyyat idarəsinin qarşısında çürüyür. Digər tərəfdən ölkəyə gətirilən “London taksiləri”nin sayı 3000 ədəd nəzərdə tutulsa da, Nəqliyyat Nazirliyinin fəaliyyəti dönəmində verilən məlumatları araşdırdıqda, nazirliyin fəaliyyət müddəti ərzində ölkəyə cəmi 1500 ədəd avtomobil gətirilib. Bu isə əslində avtomobillərin qiymətlərini iki dəfə bahalaşdırır. Yəni, görünən odur ki, bu avtomobillərin qiyməti əvvəlcə 9 min nəzərdə tutulsa da, sonradan 18 min olub.

Bir müddət öncə “London taksiləri”nin satışa çıxarılması haqqında məlumatlar yayıldı. Qiymətinin isə 15 min manat olduğu iddia olunurdu. Bunun özü də onu göstərir ki, əslində bu avtomobillərin qiyməti 9 min deyil, daha yüksəkdir, həm də keyfiyyətsizdir. Çünki heç istifadə müddətindən 5 il keçməmiş yüzlərlə avtomobil yararsız vəziyyətə düşüb. Əslində avtomobillərin satılmaması da məhz bu amillə əlaqələndirilir. Keyfiyyəti qiymətinə adektvat olmayan avtomobilə təbii ki, alıcı marağı olmayacaq. Belə demək mümkündürsə, Ziya Məmmədovun rəhbərlik etdiyi digər layihələr kimi, “London taksiləri”də uğursuz alındı. Təbii ki, dövlət üçün uğursuz nəqliyyat nazirinin keçirdiyi bütün layihələr özü üçün çox böyük uğur və gəlir qazandırıb. Bunu Ziya Məmmədovun qurduğu “biznes imperiyası”ndan da aydın şəkildə görmək mümkündür. İmperiyanın maliyyə dayaqları da məhz həmin layihələrdən qaynaqlanırdı. İndi Ziya Məmmədov işsizdir və sahibi olduğu “Garant Holding”də iflas həddinə çıxıb, əmlaklarının bir hissəsi satışa çıxarılıb. Ümumiyyətlə, Nəqliyyat Nazirliyinin, dolayısı yolla Ziya Məmmədovun rəhbərlik etdiyi layihələrin bir çoxunda qaranlıq məqamlar var. Nəqliyyat Nazirliyinin tenderlər haqqında yayılan məlumatları bunun bariz göstəricisidir. Qeyd edək ki, Norveç prokurorluğunda Nəqliyyat Nazirliyinin Dəmir Yolları ilə tenderini udan şirkət rəhbərinin həbs olunması və korrupsiya faktlarının araşdırılması hələ də davam edir.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar