Telman İsmayılov axtarışa verilir: 10-dan çox cəsəd, bazarın qəsdən yandırılması, daha nələr...
19.09.2017 09:11 Sosreaksiya 1500
Rusiya hüquq-mühafizə orqanları tezliklə azərbaycanlı oliqarx-keçmiş milyarder Telman İsmayılovun barəsində beynəlxalq axtarış elan etməyə hazırlaşır. Virtualaz.org xəbər verir ki,bu xəbəri “Rosbalt” agentliyinin Federal Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyində mənbələri olan əməkdaşı Yuri Verşov yayıb. Məlumatda deyilir ki, Telman İsmayılovın adı sifarişli qətllər, özgə əmlakına qəsdən zərər vurulması da daxil olmaqla bir neçə maddə ilə qaldırılmış cinayət işində artıq fiqurant kimi keçir. Bura Moskvanın Lianozovsk bazarının yandırılması da daxildir.
Xəbər verildiyi kimi, ötən həftə Moskvada Telman İsmayılova aid 12 ünvanda qəfil axtarış aparılıb. Hüquq-mühafizə orqanları axtarış barədə şərh verməyib. Telman İsmayılovun vəkili isə onun axtarış barədə xəbərlərdən “şoka düşdüyünü” bildirib. Daha sonra Rusiya mənbələri xəbər verib ki, Telman İsmayılovun adı qardaşı Rafiq İsmayılovun təşkil etdiyi sifarişli qətllərdə keçir. Habelə istintaqa ifadə verən gizli şahid Telman İsmayılovun hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşlarını pulla ələ aldığını danışıb. Və bu ifadə əsasında bəzi generalların da həbsi gözlənilir.
“Rosbalt” isə bildirir ki, Rusiya İstintaq Komitəsi hazırda İsmayılovlarla bağlı beş maddə ilə qaldırılmış cinayət işinin istintaqını aparır. Bura mütəşəkkil cinayətkar qruplaşma yaratmaq, qətllər, qanunsuz silah saxlama, qanunsuz bank fəaliyyəti, özgə əmlakının yandırılması maddələri daxildir.
Hələlik İsmayılovların daxil olduğu mütəşəkkil cinayətkar qruplaşma iki sifarişli qətldə ittiham olunur. Lakin İsmayılovları daha üç nəfərin qətlində şübhəli bilirlər. “Reallıqda isə İsmayılovların əlaqəli olduğu qətllərin sayı 10-dan çox ola bilər”, - mənbə deyib. O bildirib ki, Rafiq İsmayılovun” sağ əli “hesab edilən Harri Belotserkovski hazırda istintaqla fəal əməkdaşlıq edir. Mənbənin bildirdiyinə görə Rafiq İsmayılov ailədə güc əməliyyatlarına cavabdeh olub, o, ailənin işlərinə mane olanların aradan götürülməsini təşkil edib və kriminal aləmlə əlaqələr saxlayıb.
Telman İsmayılov özü isə “Kommersant”a bildirib ki, onun ətrafında son günlər baş verənlər “təxribatdır”. Biznesmen eyham edib ki, onlar onun uşaqlarını və nəvələrini qorxudublar, ancaq axtarışları kimin və nə məqsədlə apardığını bilmir.
Şərhlər