"26 Bakı komissarı"nın məzarını hələ də ziyarət edənlər var
21.09.2017 11:33 Sosreaksiya 2404
"26 Bakı komissarı"nın məzarını ziyarət edənlər var. Vətənin, xalqın çörəyini yeyib, suyunu içən, havasını udan bu şəxslər xalqımıza, ölkəmizə xəyanət və düşmənçilik edən məxluqların məzarını ziyarət edərkən nə düşünürlər, nə demək istəyirlər? Düşmənçiliyin bundan böyüyü ola bilərmi?
Aşağıda gördüyünüz fotoları KXCP Ali Məcslinin üzvü Elşən Əlisoy sosial şəbəkədə paylaşıb. E.Əlisoy yazır:
"Şəkildə gördüyünüz bu "azərbaycanlılar" "26 Bakı Komisarı" adlandırılan quldurların qəbirlərini ziyarət edib, cümhuriyyətimizi quran ziyalılarımızı Daşnak-Musavat tör-töküntüsü adlandırıblar.
Kommunist olduqlarını idda edən bu rusbaşlar çıxışlarında və yaydıqları məlumatda Şaumyanın da təmsil olunduğu komisarları Azərbaycanın qəhramanları kimi təqdim etməkdən belə çəkinmirlər.
Dəyərli dostlar, 26 rəqəmi olan kafeyə basqını hər birimiz gördük, Hacıbala az qala 26-ların qalasını dağıdıbmış kimi sinəsini qabağa verib, həmin obyektin dağıdılmasına rəhbərlik etdiyi yadımızdadır. Demək, dava yorğan davası olub...
Dostlar, Fəxri Xiyabanda hələ də bu xainlərin məzarlarının olması və həmin məzarlarda Müsavatçıları xain adlandıran yazıların qorunub saxlanılması, Bakıda 26 Bakı Komisarlarının adına küçənin olması və ən əsas da ən qatı cəlladların Suraxanı rayonundakı qəbirlərinin ziyarətgaha çevrilmə cəhdinə bulunulması millətimizin adına təhqirdir. Bu virusun yayılmasının qarşısı alınmalıdır. Hakimiyyət milləti düşünən insanları sıxışdırıb, xalq düşmənlərinə qanad verib şərait yaratmaqla Azərbaycanda təhlükəli balansın yaranmasına şərait yaratdığını anlamalıdır.
Siz hələ bunların yaydığı bəyanatda olan cümlələrə baxın:
"Daşnak-musavat tör-töküntüləri anlayırdılar ki, öz çirkin məqsədlərinə nail omaq üçün əsas vasitələrdən biri də milli ədavəti qızışdırmaqdır. Onların bilavasitə təşkilatçılığı ilə 1918-ci ilin mart ayının 30-dan aprel ayının 2-nə qədər Bakı şəhərində, həmçinin Bakının quberniyalarında, bir tərəfdən Quba, Xaçmaz, digər tərəfdən Şamaxı, Ağsu, Göyçay, Lənkəran, Qarabağ və Naxçıvan ərazilərində törədilmiş qətliamlarda "26 - lar"ın heç bir suçu yoxdur, əksinə, onlar qardaş qırğınının qarşısını almağa çalışıblar".
Dəyərli dostlar, bu xəstə düşüncə sahiblərinin zəhərli təbliğatları elə yerindəcə boğulmalıdır, bu rus başlılar mütləq nəzarət altına alınmalıdırlar, bunlar evdə olan sandıqlarında Stalinin - Leninin büstünü saxlayan adamlardır və bir gün Rusiyadan gələn hər bir terror tapşırığını özlərindən qabakı satqınlar kimi canla-başla yerinə yetirəcəklər".
Musavat.com-dan: Əslində "əlavə şərhə ehtiyac yoxdur" yazıb söhbəti bitirmək olardı. Amma var. Birincisi, 1918-ci ildə güllələnən "26-lar"ın içində erməni millətindən olan və azərbaycanlılara qarşı soyqırıma rəhbərlik edən 7 erməni olub. Onların biri hökumətin rəhbəri, biri Bakının komendantı, biri cəza dəstələrinin komandiri olub. Sonradan açılmış arxivlər onların bu xalqa qarşçı məqsədyönlü cinayət törətdiklərini göstərir. Təkcə Şaumyanın Leninə göndərdiyi teleqramı xatırlamaq kifayətdir. Şaumyan yazırdı ki, "azərbaycanlılar Bakını paytaxt etmək istəyirlər, buna yol vermək olmaz". Bu düşmənçilik deyilmi? Min ildən bəri Azərbaycan şəhəri olmuş Bakını nəyə görə paytaxt etməməli idik?
İkincisi, bu xainlər fürsət gözləyir, başqa dövlətə işləyir, başqa ideologiyaya qulluq edirlər. Bunlar özləri hakimiyyətdə olanda minlərlə adamı "başqa dövlətlərə casusluq etmək"də suçlayaraq güllələyiblər. Bunlar o adamlardır ki, əllərinə imkan düşsə, İŞİD başkəsənlərindən də pis olarlar.
Şəkillərdə az göründüklərinə baxmayın, əslində onlar çoxdurlar. Daha hiyləgərləri var ki, kamera önünə keçib özlərini ifşa etmirlər.
Şərhlər