Əri adını “qancıq balası” qoymuşdu... - İnsan faciəsi

31.07.2015 02:13     Sosreaksiya     4087

Onun haqqında bizə bacısı məlumat verdi. Bacısı Gülçöhrənin əri tərəfindən neçə illərdir işgəncələrə məruz qaldığını söyləyirdi. Bacısına kömək etməyimizi xahiş edirdi. Dəstəyin o başında elə ürəkdən ağlıyırdı ki, ürək ağrıdan bu haraya səs verməmək mümkünsüz olardı. Vədələşib görüşdük. Bizi evinə apardı.

Köhnə divanın bir küncünə sıxılıb oturmuş Gülçöhrənin özünü danışdırdıq:

- Həmişəki kimi səhərin gözü açılmamış yuxudan oyandım. Nimdaş xələtimi əynimə keçirib, qırmızı güllü yaylığımı başıma ləçək bağlaya-bağlaya həyətə düşdüm. Yuyulmaqdan üzülsə də qırmızı yaylağımı çox sevirdim. Gəlin köçdüyüm gün qırmızı bəxt olasan desələr də təəssüf ki, təkcə o yaylığım qırmızı çıxmışdı. Həyətə düşüb samovara köz saldım ki, ev əhli yuxudan ayılana qədər çay hazır olsun. Samovarın bacasını pilədikcə gözlərim doldu. İxtiyarsız iki damcı yaş süzüldü yanağıma. Hər günkü hadisələr o gün də təkrarlanırdı. Ancaq o gün hər zamankından fərqli olaraq samovarın tustusunu bəhanə edib ürəkdən hönkürmədim. Ou gün çox sevincliydim, heç kim və heç nə məni aqlada bilməzdi. İllərdi həsrətində olduğum bacım Gülsüm (bizə zəng edən xanım) məni görməyə gələcəkdi. Anam öləndən sonra düz beş il idi ki, qohum-əqrəbalarımdan kimsə qapımı açıb halımı soruşmamışdı. Axı kimim var idi ki, gələ də...”

Gülsüm söhbətimizə qoşulur:

- Atamızı  Gülçöhrə körpə olanda itirmişik. Allah oğul  payından da məhrum eləyib iki qızla dul qalan anamızı. Anamıza heç kimdən kömək gəlməyib, əksinə, üz döndəriblər bizdən. Ata tərəfim anamı qaçırıb şəhərə gəldiyinə görə atamdan üz döndəriblər, ana tərəfim də anamın atama qoşulub qaçdığına görə anamdan.

Yenidən Gülçöhrəylə danışırıq:

- Xələtimin ətəyiylə gözümün yaşını silib həyətin o başındakı tövləyə tərəf yan aldım. Mal-heyvanı açıb çölə ötürdüm, tövləni, pəyəni təmizlədim. Tövlənin eyvanındakı uzun süpürgəni götürüb həyətə qayıtdım. Samovar aramla qaynayırdı artıq. O evdə əməyimə qarşlıq verən bir tək o samovar idi... Çay dəmlədim. Süfrəni hazır edib evdəkiləri oyatmağa getdim. Yatanlar oyanana qədər düşüb həyəti də süpürdüm. Toyuq-cücəni yemlədim, itin yalağına su tökdüm. Eyvana qalxmamışdım ki, qaynanamın qışğırığı aləmi bürüdü.  Qəfil səsdən dik atıldım. Eyvana qaçdım. Əslində o evə gəlin köçdüyüm vaxtdan gün ərzində azı 5-10 dəfə eşidirdim o səsi. Amma neyləyəydim ki, hər dəfəsində də dik atılırdım qorxudan. Bilirdim ki, səbəb nə olursa olsun sonda günahkar çıxarılacam. Cəzası da söyülmək, döyülmək olacaq.  Eyvana qaça-qaça allaha yalvarırdım ki, bu dəfə döyülməyəydi kaş.

Gülsüm ağlaya-ağlaya müdaxilə edir:

- Ancaq allah yenə də səsini eşitməyib. Səkkiz ildə tanrıya əl açıb bir övlad payı üçün gecə-gündüz yalvarışları boşa çıxdığı kimi o duası da eşidilmədi...

“Bacı, allaha üsyan etmə. Özü bilən məsləhətdir. Şükür bu günümə də” deyərək Gülçöhrə bacısının sözünü ağzında qoyur:

- Evə girən kimi qaynatam hücum üstümə çəkdi ki, mürtətin qızı mürtət, axşam arvada nə yedizdirmisən? Səhərəcən mədəsinin ağrısından qıvrılıb qalıb.  Qorxa-qorxa ata, allaha and olsun ki, axşam hamı nə yeyibsə anama da ondan vermişəm dedim. Yalansa anavın goru çatlasın deyərək qaynanam yerindən qışqırdı. Və məni ittihama başladı ki, bəs axşam ona xarab qarpız vermişəm, həm də qəsdən. Güya onu zəhərləyib öldürmək keçir könlümdən. Deyirdi ki, elə bilirsən məni öldürsən oğlum səni yaşamağa qoyarmı. Ətini tikə-tikə doğrayıb alabaşa yem edər. Mənəm e səni bu evdə saxlayan. Yoxsa ki, qısır inəyi kim idi saxlayan...

Gülsüm yenə ağlaya-ağlayara söhbətimizə qarşır:

- Allah çox şeyi əsirgədi bizdən. Gülçöhrə nə doyunca ata nəvazişi gördü, nə də ana qayğısı. Allah bir əlcə əti də çox gördü ona. Bir övlad vermədi ki, ər evində yeri bərkisin...

Gülçöhrə danışır:

- O qədər haqsız ittiham qarşısında bir kəlmə olsun belə dillənmədim. Bilirdim ki,dillənsəm sillə, təpik altına salınacağam. Ağlaya-ağlaya şərəfədəki ləyəni gətirməyə qaçdım. Qaynanam zəhərlənmişdi deyəsən. Onun səsinə oyanan yoldaşım otağa girib soruşdu ki, ay mama nə olub.Yenə neyləyib sənə bu qancıq balası...

Bayaqdan təmkinlə danışan Gülçöhrə özünü saxlayammayım hönkürtüylə ağlayır. Bacısı danışır:

- Bəli, qancıq balası... Ərinin ona qoyduğu addı... O qədər belə çağırılıb ki, adının Gülçöhrə olduğunu belə unudub az qala.

- Güzgüyə baxanda belə öz adım mənimçün bir anlam kəsb etmirdi.

- O doğulanda üzü gül kimi al rəngliydi. O vaxt kirayə qaldığımız evin sahibəsi atama demişdi ki, izin versəydin bu qızın adını Gülçöhrə qoyardım. Ancaq indi çöhrəsində gül rəngindən əsər-əlamət qalmayıb. Solğun, meyid rəngindəki sifəti o qədər çox göyərdilib ki. Elə həmin gün də o qədər vurmuşdular ki, üzü gömqöy idi. Boynuyoğun ərinin gücü o boyda kənddə bu zavallıya çatırmış ancaq. Futbol topu kimi çiləyirmiş bacımı kefinə düşəndə.

Gülçöhrə hıçqıra-hıçqıra davam edir söhbətə:

- Döyülürdüm, söyülürdüm ancaq heç vaxt səsimi çıxartmırdım. Amma onda yalvarmağa başladım ki, sən allah üzümə vurma. Bacım gəlib getsin sonra nə qədər istəsən çırparsan. Qaynanam sözümdən diksindi sanki.  Oğluna dedi ki, ay bala, başına dönüm, üzünə vurma. Sora bacısı gedib aləmə səs salar ki, it zülmü veririk buna. Qaynanamın sözləri yoldaşımın cəngindən xilas etdi məni. Axşamüstü həyətdə maşın səsi eşidildi. Sevincdən ürəyim sürətlə çırpınmağa başladı. Bacımla görüşməyə qaçmaq istəsəm də göyərib şişmiş üz gözümdən utanıb ayaq saxladım. Deyəcək bir bəhanəm belə yox idi. Axı keçən dəfə də bacım gələndə yalandan demişdim ki, üzümə tövlənin qapısı çırpılıb.

Gülçöhrənin bundan sonra danışdıqlarını eşitmirdi qulaqlarım. Yaşadıqları kino lenti kimi xəyalımda canlanırdı...

Şərhlər

Çox oxunanlar