Hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirildi

02.10.2017 20:36     Sosreaksiya     1301

Azərbaycanda hərbi çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatını aparan qurumlar dəyişdirilib.

 Milli Məclisin bu gün keçirilən plenar iclasında “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, qanunun 4-cü maddəsinin (Hərbi qeydiyyatın təşkili) 2-ci bəndinin dəyişdirilməsi təklif edilib.

Belə ki, Xarici Kəşfiyyat Xidmətindən və Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı və onlara hərbi biletin verilməsi həmin orqanlar tərəfindən həyata keçiriləcək.

Bilidirilib ki, Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizliyi Xidməti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri kimi dövlət sirri təşkil edən və haqqında məlumat yayılması yolverilməz olan fəaliyyəti həyata keçirirlər.

Müəyyən şəxslərin hərbi xidmətdə saxlanılması və həmin orqanlara mənsubiyyətinin açıqlanmaması prinsipi onlar ehtiyata buraxılan zaman pozula bilər.

Hazırkı qanunvericiliyə görə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, çağırışçıların və bütün hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən açıq siyahılarla aparılır.

Öz növbəsində, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanuna əsasən, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını təşkil edən şəxslər həmin orqanlarda hərbi qeydiyyata alınırlar və Azərbaycan qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada təlim toplanışı keçirirlər.

Qanunlar arasında yaranmış ziddiyyəti aradan qaldırmaq məqsədilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna dəyişikliklər edilməsi təklif olunur.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar