Müşfiq sağ olsaydı... - Qaradağın yaddan çıxmış qəsəbəsi - Müşfiqabad - FOTOLAR

03.10.2017 00:51     Sosreaksiya     5614

20 Yanvar metrostansiyasından 20 km uzaqlıqda yerləşən Qaradağ rayonunun dahi şairimiz Mikayıl Müşfiqin adını daşıyan Müşfiqabad qəsəbəsi nə qədər yaxın olsa da, gözdən uzaq, könüldən qıraq düşüb. Sanki, 1937 – ci ildə şairə olan münasibət bu gün 2017 – ci ildə də onun adını daşıyan qəsəbəyə və sakinlərinədir. Dövlət başçısı cənab İlham Əliyevin rayon və ucqar kəndlərin abadlaşdırılmasında israrlı olduğu bir vaxtda, şəhərin yaxınlığında yerləşən qəsəbə 1980 – cı illərdə qalıb. 2012 – ci ildə dövlət başçısı və xanımı qəsəbədə yerləşən 67 saylı uşaq baxçasının açılışına gələrkən də, prezident kortejini əsas yoldan yox, yuxarı yoldan gətirmişdilər ki, mövcud vəziyyəti görməsinlər. Bu gün də qəsəbənin vəziyyəti bərbaddır. Yeni Bələdiyyə sədri Vüqar Əliyev gələndən isə onsuzda bərbad vəziyyətdə olan qəsəbə daha da yaşanılmaz vəziyyətə düşmüşdür. Qəsəbənin işıq dirəklərinin bir hissəsi sıradan çıxmış, qalanlarında isə ümumiyyətlə işıq yanmır. Ən əsası odur ki, sakinlərə övladlarını baxçaya yaxud məktəbə qoymaq üçün “torpaq vergisi”ni əsas gətirərərk, arayış verməyən Bələdiyyə sədri “seçilən”dən yeni yaşayış massivlərindən zibil qutuları yığışdırılmış, sakinlər tullantılarını atmaq üçün uzun yol qət etməli olurlar. Bələdiyyə isə torpaq satmaq qadağan olduğu halda, Yeni Yaşayış Massivinin qəbirstanlığa gedən yolunun üstündəki torpağı sakinlərin iddiasına görə 25 min manata satıb, hal – hazırda da ərazidə tikinti işləri yekunlaşmaq üzrədir (tikintinin də şəkilləri yazıya əlavə olunub).

Bu günlərdə Azərsun üçün işləyən şirkət yeni su xəttlərini çəkmək üçün Yeni Yaşayış Massivi 1 – də qazıntı işləri apardı. Necə qazmışdılarsa, elə də qaldı. Onsuzda bərbad olan yollar artıq sakinlər üçün daha da çıxılmaz hala salındı. Və heç bir icra və bələdiyyə qurumu bununla bağlı tədbir görmür.

Birdən, gecə yolunuz Müşfiqabada düşsə, özünüzlə fənər götürməyi unutmayın. Çünki əvvəldə də dediyim kimi bu qəsəbə 1980 – larda qalıb. Qaranlıqda həm yıxılıb, üstünüzü palçıq edəcəksiniz, həm də əliniz, ayağınız qırıla bilər. İnanıram ki, Müfiq sağ olsaydı, bu qəsəbənin adını daşımasına icazə verməzdi. Son olaraq, qəsəbəyə yetkili olanlara ölkə başçısı cənab İlham Əliyevin Mikayıl Müşfiqin  şəhərin statistika dairəsində yerləşən büstünün dağıdılmasından sonrakı münasibətini, büst bərpa olunandan sonra oranı böyük ehtiramla ziyarət edərək, əklil qoymasını xatırlamalarını tövsiyyə edərdim.

Zaur Qəriboğlu

Reaksiya.az

Şərhlər

Çox oxunanlar