Su və kanalizasiya nasoslarının 85%-i istismar müddətini bitirib

03.10.2017 11:28     Sosreaksiya     1358

Su ehtiyatlarından səmərəli istifadə məqsədilə istismarda olan şəbəkənin ümumi qiymətləndirilməsi aparılıb.

Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.

Qiymətləndirmə nəticəsində aşağıdakı nəticələr əldə edilib:

• sutəmizləyici qurğuların, nasos stansiyalarının və su anbarlarının böyük hissəsi fiziki və mənəvi köhnəldiyindən onların istismarı texniki cəhətdən yararsız və iqtisadi baxımdan səmərəsizdir. Su təchizatı və kanalizasiya sistemində istismar edilən nasosların 85,3%-i normativ istismar müddətini bitirib;

• su kəməri şəbəkəsinin 70%-dən çox hissəsi normativ istismar müddətini 2 dəfədən artıq başa vurduğundan böyük həcmdə su itkiləri yaranır, istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər baş verir;

• infrastruktur təminatı nəzərə alınmadan magistral kəmərlərin mühafizə zonalarında tikinti işlərinin aparılması, tikinti normalarına zidd birləşmələr kəmərlərin hidravlik rejimlərinin pozulmasına və onların təyinatının dəyişməsinə səbəb olub;

• mövcud kəmərlərin mühafizə zonalarının zəbt olunması nəticəsində onların istismarı çətinləşmiş, tikililərə və insan həyatına təhlükələr yaranıb;

• əksər binaların daxili su şəbəkələri istismar müddətini keçdiyindən su itkiləri artır, zirzəmilərdə su toplanır və əhalinin su ilə təminatında çətinliklər yaranır.

Sənəddə qeyd edilib ki, "Master plan" çərçivəsində Abşeron yarımadasında 16 qəsəbə və respublikanın regionlarında yerləşən 8 şəhərində su təchizatı sistemlərinin yenidən qurulması layihələrinin davam etdirilməsi ilə yararsız şəbəkə və qurğuların istismardan çıxarılması nəzərdə tutulub ki, bununla da layihə ərazisi üzrə itkilərin ən çox baş verdiyi fərdi yaşayış evləri və digər yaşayış sahələri üzrə müsbət nəticələr əldə ediləcək.

Abşeron yarımadası üzrə 2017-ci ilin 2-ci yarımilliyində görülməsi nəzərdə tutulan işlərin davamı olaraq yarımadanın 30 qəsəbəsində və regionlarda yerləşən şəhərlərdə su təchizatı və kanalizasiya layihələrinin davam etdirilməsi, su itkilərinin minimuma endirilməsi və xidmət səviyyəsinin yüksəldilməsi üçün hazırlanmış baş planlara uyğun olaraq maliyyə mənbələrinin müəyyən edilməsi məqsədi ilə təkliflərin hazırlanması nəzərdə tutulub.

Cəmiyyətin maliyyə dayanıqlılığın təmin edilməsi məqsədi ilə su təchizatı və tullantı su xidmətləri üzrə optimal tarif təklifləri hazırlanıb.(apa)

Reaksiya.az

Şərhlər

Çox oxunanlar