“Nizami” stansiyasında təmir və bərpa işləri başa çatıb.
03.10.2017 11:40 Sosreaksiya 1220
Azərbaycan memarlıq sənətinin təcəssümü olan “Nizami” stansiyasında uzunmüddətli əsaslı təmir və bərpa işləri başa çatıb.
Bakı Metropolitenindən verilən məlumta görə, stansiya tamamilə yenilənmiş görkəmi ilə işə başlayıb.
Bir ilə yaxındır davam edən bu tədbirlər sərnişinlərin gediş-gəlişini tam məhdudlaşdırmadan bir neçə mərhələdə aparılıb. Bakı Metropoliteni QSC-nin daxili vəsaiti hesabına həyata keçirilən təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı sonradan quraşdırılan arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar müasir tələblərə uyğun təmir olunub. Ən vacibi isə təmir prosesində dahi Azərbaycan mütəfəkkiri, şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələri bərpa olunub.
Hazırda istifadədə olan mərmər üzlüklərin ömrü 15-20 ildir.
Aparılan təmir zamanı Nizami Gəncəvinin portreti və “Xəmsə”sinin motivləri əsasında işlənmiş 19 pannonun bərpası bütün prosesin ən çətin hissəsini təşkil edib. Bu işlə mozaik təsvirlərin müəllifi, SSRİ xalq rəssamı, professor Mikayıl Abdullayevin tələbəsi Zöhrab Cabbarov, keramikaçı Elçin Cabbarov və mərmər üzrə mütəxəssis Nizami Vəliyev məşğul olublar. Stansiyanın işıqlandırılması ilə bağlı əsaslı işlər görülüb.
Qeyd edək ki, 1976-cı il dekabrın 31-də istifadəyə verilən stansiya ilk dəfədir köklü şəkildə təmir edilib.
Bildirək ki, “Nizami” stansiyasında eskalatorların istismar müddəti 2025-ci ildə başa çatacaq.
Şərhlər