“Stratfor”: Milyonlarla azarkeş üçün Qarabağ artıq Ermənistan deyil
03.10.2017 12:26 Sosreaksiya 1439
ABŞ-ın tez-tez “kölgə MİK-si” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti Azərbaycanın “Qarabağ” futbol klubunun Çempionlar Liqasının qrup mərhələsində çıxışına həsr edilmiş məqalə dərc edib.
Oxu.Az bu barədə offside.com-a istinadən xəbər verir.
Məqalədə deyilir ki, Çempionlar Liqasının gözəlliklərindən biri də ən zəif milli çempionatlara malik ölkələrin belə komandalarının qrup mərhələsinə çıxaraq, oynamaq imkanına malik olmasıdır. “Lakin bəzən Çempionlar Liqasında elə komandalar peyda olur ki, ən çılğın futbol fanatları belə anlaya bilmirlər ki, bu, nə klubdur və haradan gəlib”, – nəşr yazır.
“Bu il Azərbaycan çempionu “Qarabağ” həmin klublardandır. Sentyabrın 27-də “Qarabağ” öz meydanında əfsanəvi “Roma”nı qəbul edib. 2:1 hesabı ilə məğlub olan 10 milyon nəfərlik ölkənin komandası öz azarkeşlərinin gözləri önündə az qala uğura imza atacaqdı.
Lakin bu klubun qeyri-adi tarixi müasir idmanın təşviqat gücünün bariz nümunəsidir”, – “Stratfor” vurğulayır. Daha sonra ABŞ nəşri “Qarabağ”ın azərbaycanlı azarkeşlərə yaxşı tanış olan tarixini və Dağlıq Qarabağ ətrafında baş verən hadisələri, Ağdamın işğal edilməsini diqqətə çatdırır.
“Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin köməyi ilə klub 2001-ci ildə xilas edildi. Hazırkı prezident İlham Əliyev idman dünyasının geosiyasətlə və iri büdcəli sərmayələrlə bağlılığını çoxdan dərk edib. Bundan başqa, İlham Əliyev 1997-ci ildən ölkənin Milli Olimpiya Komitəsinin rəhbəridir. Onun ən böyük nailiyyətlərindən biri 2020-ci ilin futbol üzrə Avropa çempionatının bir neçə oyununun Bakıda keçirilməsi qərarıdır.
İlham Əliyevin xeyir-duası ilə “Qarabağ” Azərbaycanın əsas futbol klubuna çevrilib. Komandanın Çempionlar Liqasının qrup mərhələsini keçməsinə çox az ümid olsa da, turnirdə iştirak Azərbaycan hökumətinin böyük qələbəsidir. Bütün dünyada on milyonlarla azarkeş Çempionlar Liqasını izləyərək, Qarabağı Ermənistanla deyil, məhz Azərbaycanla əlaqələndirirlər.
Ermənilərin məyusluğu isə anlaşılandır: Ermənistanın milli çempionatı Azərbaycandakına nisbətən çox kasıbdır. Regionun tanınmamış statusu isə onun komandalarına UEFA yarışlarında iştirak etməyə imkan vermir”, – məqalədə deyilir.
Şərhlər