Ermənistan ordusunda xəsarət alanların sayı çoxalıb

04.10.2017 15:58     Sosreaksiya     1678

Qeyri-döyüş şəraitində Ermənistan ordusunda xəsarət alanların sayı çoxalıb

 
Reaksiya.az xəbər verir ki, son vaxtlar Ermənistan ordusunda silah-texnikanın nasazlığı, xidmətə yarasız, istismar vaxtı bitmiş avadanlıqların istifadəsi nəticəsində şəxsi heyət arasında xəsarət alanların və yaralananların sayı çoxalıb. Daha bir hərbi yük maşını qəza törədib.
 
Qısa müddət ərzində işğalçı ordunun hərbi hissələrində baş verən hadisələr bunu bir daha sübut edir.
Belə ki, işğal olunmuş ərazilərimizdə yerləşən hərbi hissələrdən birində texnikaya qulluq zamanı Lernik Movsesyan adlı əsgər üzərinə silah-sursat yeşiyinin düşməsi nəticəsində xəsarət alıb. Hospitala çatdırılan hərbi qulluqçunun valideynləri isə onun məhz döyüldüyü üçün xəstəxanaya düşdüyünü iddia edirlər.
 
Başqa bir hadisənin döyüş mövqeyində, guya tonqala atılan patronun partlaması zamanı baş verdiyi bildirilir. Hadisə zamanı sol dizindən və əlindən xəsarət alan əsgər Tiqran Sarkisyan tibb məntəqəsinə yerləşdirilib.
Daha bir hadisə hərbi texnikaya quluq zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib. Hadisə zamanı müqaviləli hərbi qulluqçu Burgen Mnasakanyanın ayağı bud nahiyəsindən qırılıb. Onun da təcili olaraq hospitala təxliyə edildiyi bildirilir.
 
Son hadisə isə oktyabrın 3-də səhər saatlarında artilleriya alayına məxsus Zil markalı avtomobilin aşması nəticəsində baş verib. Belə ki, yanacaq-sürtgü materialları anbarında növbəni dəyişən şəxsi heyəti daşıyan avtomobilin sürücüsünün idarəetməni itirməsi səbəbindən qəza baş verib və nəticədə ən azı 3 erməni hərbçisi müxtəlif dərəcəli ciddi bədən xəsarətləri alıblar.
 
Qəza törədən köhnə Zil markalı yük maşınının yola çıxarkən nasaz vəziyyətdə olduğu məlum olub.
 
Zaur Qəriboğlu

Şərhlər

Çox oxunanlar