Azərbaycanda jurnalistlər ən çox bu prinsipləri pozurlar
10.10.2017 12:03 Sosreaksiya 1358
“Mətbuat Şurası Azərbaycan jurnalistlərinin peşə davranış qaydaları üzrə şikayətlərə baxır. Bizim əsas istinad edəcəyimiz sənəd budur. Vətəndaşların müraciətləri zamanı da şikayətləri bu istiqamətdə təsnifatlaşdırırıq. Hər il Mətbuat Şurasına çoxsaylı müraciətlər və şikayətlər daxil olur və bu, dəyişilən rəqəmlərdir”.
Bunu Mətbuat Şurası sədrinin müavini, qurumun Şikayətlər üzrə komissiyasının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlaması zamanı bildirib:
“2016-cı ilin yekun hesabatına görə Mətbuat Şurasına təqribən 686 müraciət daxil olub. Bu müraciətlərdən 322-si birbaşa kütləvi informasiya vasitələrində gedən materiallardan şikayətdir. Bu şikayətlər müxtəlif məsələləri əhatə edir. Demək olar ki, əhalinin bütün sosial təbəqələrindən şikayətlər daxil olur.
Məsələn, 322 şikayətdən 118-i ayrı-ayrı sıravi vətəndaşlardan, 91-i dövlət idarə, müəssisə və təşkilatlarından,78-i özəl müəssisələrdən,16-sı özünüidarəetmə orqanlarından,19-u isə ictimai qurumlardandır. Şikayətlər demək olar ki, bütün ölkə üzrə daxil olub.
Daxil olan şikayətlərdən 29,3 faizi qəzetlərdə, 51,9 faizi internet xəbər portallarında, 4 faizi jurnallarda, 14,8 faizi isə informasiya agentliklərində dərc olunan materiallardandır”.
Jurnalistlərin peşə davranış qaydalarının ən çox hansı prinsipi pozulur?
M.Ələsgərli şikayətlərin daha çox hansı prinsiplər istiqamətində olduğundan da danışıb:
“Bilirsiniz, Azərbaycan jurnalist peşə davranış qaydalarının 4 mühüm prinsipi və hər prinsipin də öz maddələri var. Birinci prinsip həqiqətə xidmət, dəqiqlik və obyektivlik, ikinci prinsip informasiya qaynaqlarına sayğılı yanaşma, üçüncü prinsip şərəf və ləyaqətin qorunması, dördüncü prinsip isə jurnalistlərin özünün və çalışdığı orqanın reputasiyasının qorunmasıdır.
Jurnalistlər peşə davranış qaydalarının ən çox birinci prinsipini pozurlar. Bu, təəssüf hissi doğurur.
Birinci prinsipin 2-ci maddəsi üzrə pozuntular şikayətlərin təqribən 24,8 faizini əhatə edir: Jurnalist hazırladığı yazıda tənqid obyektinin mövqeyini öyrənib bildirməlidir. Bu, mümkün olmadıqda, tənqid obyekti tələb edərsə, öz fikirlərini çatdırmağa çox qısa vaxtda ona şərait yaradılmalıdır. Plüralizm prinsipinə əməl edilməlidir.
Birinci prinsipin 3-cü maddəsi üzrə pozuntular şikayətlərin 4,9 faizidir. Yazıda şərhlər elə şəkildə ifadə edilməlidir ki, oxucu onu xəbərdən, faktdan ayıra bilsin, bunun məhz jurnalistin mövqeyi olduğunu anlasın.
İkinci prinsipin 1-ci maddəsi üzrə pozuntular şikayətlərin 3,5 faizidir: Təşkilatların, partiyaların, cəmiyyətlərin, birliklərin və hər hansı digər maraqlı qrupların rəsmi məlumatları yayılarkən mənbə mütləq göstərilməlidir. Lakin bilgi verən şəxs adının gizli saxlanması şərtini irəli sürürsə, jurnalist və informasiya orqanı bu şərtə mütləq əməl etməlidir. İnformasiya qaynağının gizliliyi qorunmalıdır.
İkinci prinsipin 2-ci maddəsi üzrə pozuntular şikayətlərin 16,1 faizidir: Qeyri-rəsmi mənbələrin məlumatları onların həqiqətə uyğunluğu və informasiya dəyəri yoxlanılmadan yayılmamalıdır. İnformasiya çapa hazırlanarkən onun mənası təhrif olunmamalıdır. Başqa mətndən və ya çıxışdan sitat gətirərkən jurnalist həmin sitatın harada başlandığını və bitdiyini dəqiq bildirməlidir. Fotosimvolların (illüstrasiya, fotomontaj və sair) dərci zamanı şəklin sənədli xarakter daşımadığı qeyd olunmalıdır. Yazıların sərlövhələri onun məzmununa uyğun gəlməlidir.
Üçüncü prinsipin 2-ci maddəsi üzrə pozuntular şikayətlərin 28,9 faizidir: Jurnalist görüşdüyü, haqqında yazdığı hər bir şəxsin şərəf və ləyaqətinə, şəxsi həyatının toxunulmazlığı prinsipinə hörmətlə yanaşmalıdır.
Dördüncü prinsipin 6-cı maddəsi üzrə pozuntular şikayətlərin 10,3 faizidir: Plagiat yolverilməz hərəkətdir.
Dördüncü prinsipin 7-ci maddəsi üzrə pozuntular şikayətlərin 11,5 faizidir : Jurnalist yazılarında vulqar ifadələrin, jurqonların işlədilməsindən çəkinməli, Azərbaycan dilinin zənginləşməsinə öz töhfəsini verməklə yanaşı, onun təmizliyinin qorunub saxlanmasına da çalışmalıdır.
Burada diqqət çəkən əsas məqam bütün prinsiplərin maddələri üzrə şikayətlər daxil olsa da, üçüncü prinsipin 1-ci maddəsi üzrə heç bir şikayət daxil olmayıb.
Yəni faiz nisbəti sıfırdır. Bu da “Jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, ehtiyac duyulmadıqda onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır” maddəsidir.
Bu onu deməyə əsas verir ki, Azərbaycanda həqiqətən də tolerantlıq, multikultural dəyərlərə hörmət mövcuddur”.
Bəzi şikayətçilər cavabdeh KİV-in fəaliyyətinin dayandırılmasını istəyirlər
Müsahibimiz həmçinin 2017-ci ilin yanvarından iyul ayına qədər olan şikayətlərdən söz açıb:
“Bu müddətdə Azərbaycan Mətbuat Şurasına daxil olan şikayətlərin 28,9 faizi qəzetlərdə, 57,1 faizi internet media vasitələrində, 9,5 faizi ayrı-ayrı bloqlarda, 4,5 faizi jurnallarda yer alan materiallarla bağlıdır. Şikayətlərdən 31,9 faizi Kütləvi İnformasiya Vasitəsinin şərəf və ləyaqətin təhqir edilməsindən narazıdırlar.
Qarşı tərəfin mövqeyinin öyrənilməməsi və ya onlara şərait yaradılmaması ilə bağlı şikayətlər 28 faizdir. Bu şikayət edənlərin təqribən 48 faizi istəyib ki, həmin KİV-lər təkzib versin və üzr istəsinlər.
Qarşı tərəfin möqvqeyinin işıqlandırmasını tələb edənlər 36 faizdir. Bəzi şikayətçilər istəyirlər ki, cavabdeh KİV-in fəaliyyəti dayandırılsın. Bu da 14,8 faizə qədərdir”.
Şərhlər