Bakı-Sumqayıt yolundakı qəzada ölən tələbələrin ailələrinə təzminat ödənildi
17.10.2017 12:00 Sosreaksiya 1506
2017-ci ilin martın 9-da Bakı-Sumqayıt yolunda ali məktəb tələbələrini daşıyan "Ford" markalı nəqliyyat vasitəsinin səbəb olduğu, çoxsaylı insan tələfatı və sağlamlığa xəsarət halları ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsində zərərçəkən kimi tanınmış şəxslərə ümumilikdə 41 250 manat məbləğində kompensasiya ödənişlərinin verilməsi təmin edilib.
İcbari Sığorta Bürosundan (İSB) APA-ya verilən məlumata görə, kompensasiya ödənişlərinin verilməsinə əsas, hadisəni törətmiş nəqliyyat vasitəsinin qəzanın baş verdiyi tarixdə avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta müqaviləsinin olmaması olub. Belə ki, "İcbari sığortalar haqqında" qanunun 32.1.3-cü maddəsinin tələblərinə əsasən İSB tərəfindən kompensasiya ödənişinin verilməsinin əsas şərtlərindən biri avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda həmin qanunda tələb olunan avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin olmamasıdır.
Qeyd etmək lazımdır ki, sözügedən kompensasiya məbləği sığortasız sürücülüklə bağlı İSB-nin tarixində qeydə alınmış rekord göstəricidir.
İSB tərəfindən sığortasız sürücülüklə bağlı kompensasiya ödənişləri yalnız sağlamlığa vurulmuş zərər üzrə verilir.
Xatırladaq ki, bu il martın 9-da Abşeron rayonunda Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən 6 nəfər ölüb, 21 nəfər xəsarət alıb. Sərnişinlər Sumqayıt Dövlət Universitetinin tələbələri olub.
Sürücüyə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sürücü Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrim edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Şərhlər