Ailədaxili zorakılıq - qadına qarşı aqressiv rəftardan necə qorunmalı
17.10.2017 12:17 Sosreaksiya 1708
Kəndli cəmiyyətlərin əksəriyyətində qadına qarşı aqressiv rəftar edilir.
Həmçinin kənd mühitində xanımların intellektual qabiliyyətləri zəif hesab edildiyi üçün onlar ailə başçısına (qayınataya və ərə) qeyd-şərtsiz tabe olurlar. Bu tabeçilik hörmətdən deyil, fiziki zorakılığın qurbanı olmamaq qorxusundandır.
Bu cür cəmiyyətlərdə istənilən xırda günah - dadsız hazırlanmış yemək, irrasional xərclənmiş pul və s. üçün qadın ciddi təqiblərə məruz qalır. Amma problem yalnız kəndlərlə məhdudlaşmır.
Publika.az bildirir ki, Avropa İttifaqı yanında Fundamental Hüquqlar Agentliyinin keçirdiyi yeni sorğunun nəticəsi təqdim olunub.
Sorğunun nəticələri təkcə Avropada 62 milyonadək qadının fiziki və seksual zəmində zorakılığa məruz qaldığını deməyə əsas verir.
Qeyd edilən mövzuda ən geniş miqyaslı sosial araşdırma olan sorğuda 48 milyon qadın iştirak edib.
Zorakılıq üzündən ildə 1200-ə yaxın qadın ölür, 2 milyon qadın da yaralanır. Hər il 4 minə yaxın qadın isə evdə ağır şəkildə döyülür, 1000-ə yaxın qadın hər gün müxtəlif zərbələrə tuş gəlir.
Təəssüf ki, Azərbaycanda qadının döyülməsi ilə bağlı kişilərin 52%-i hesab edir ki, "QADIN DÖYÜLÜRSƏ DEMƏLİ, BUNA LAYİQ NƏSƏ EDİB". Qadınların 24%-də bu fikirlə razıdır. Tədqiqatlar onu da göstərir ki, hər 6 azərbaycanlı qadından biri əri tərəfindən döyülür.
Azərbaycanda zorakılıq qurbanlarının 75%-i hüquq-mühafizə orqanlarına müraciət etmirlər. Bunun əsas səbəbi isə MİLLİ ADƏT-ƏNƏNƏLƏRDİR.
1993-cü ildə 43 qadının əri tərəfindən öldürülməsi həmin vaxta kimi müzakirə obyektinə çevrilməyən ailədaxili zorakılıq problemilə bağlı ciddi bir addım oldu. Məhz bu hadisə Texas ştatının dairə prokurorunun ofisinin sifarişi ilə böyük bir layihənin başlanğıcı kimi Amerika tarixinə düşdü.
Hüquq-mühafizə orqanlarının əməkdaşları, hakimlər, vəkillər və digər xidmət sahələrinin əməkdaşlarına xüsusi təlimlər keçirildi. Sosial işçilər ailədaxili zorakılıq qurbanlarının nümayəndələri kimi məhkəmələrdə çıxış edir və mühafizə orderinin alınmasına nail olurdular. Həmçinin, polis departamentində operativ işçi qrupu yaradılmışdı ki, həmin işçi qrupunun tərkibinə sosial işçilər daxil edilmişdi.
Ailədaxili zorakılıq problemi üzrə ixtisaslaşmış sosial işçiləri təcili yardım bölmələrinə işə cəlb edirdilər. Bu layihədə tərəfdaş qismində kilsələr, vətəndaş cəmiyyətinin üzvləri və Qeyri-Hökumət Təşkilatının üzvləri fəal iştirak edirdi. Yerli qəzetlər ailədaxili zorakılıqla bağlı il boyu maarifləndirici məlumatlar dərc edirdi.
Paralel olaraq zorakılığı törədənlər üçün (Battering Intervention Programs) terapevt məsləhət proqramları fəaliyyət göstərirdi. Bu fəaliyyət çərçivəsində zorakılığı törədən şəxslərlə sosial iş aparılır və onlarda müəyyən məsuliyyət hissi aşılanırdı. İşçi qrupu tərəfindən icma mərkəzləri formalaşmışdı. İcma mərkəzlərinin vəzifəsi bədbəxt hadisələrin təhqiqi ilə məşğul olmaq idi. Bu tədbirlər ona gətirib çıxardı ki, ailədaxili zorakılıqla bağlı cinayətlərin sayı kəskin aşağı düşdü. Sonrakı 8 ildə orta hesabla məişət zorakılığı nəticəsində ölümlərin miqdarı kəskin düşdü - cəmi 19 ölüm hadisəsi qeydə alındı.
Ailədaxili zorakılıq mikro səviyyədə baş verərək, makro problemə çevrilə bilər. Mikro səviyyədə bir ailənin həyatına təsir edən hadisə, makro səviyyədə cəmiyyətin müdaxiləsinə ehtiyac yaradaraq bütün səviyyələrdə sosial işin təşkilini tələb edir. Sosial işçilər zorakılıq baş verən ailələrdə öz işini qurduğu kimi, biz də ictimai və siyasi səviyyədə elə bir cəmiyyətin yaranmasına nail olmalıyıq ki, bu cəmiyyət zorakılığa qarşı dözümlülük göstərməsin.
Şərhlər