Sosial şəbəkələrin məşhurları
18.10.2017 12:24 Sosreaksiya 2013
Onlar ən müxtəlif imkanlar təqdim edən bu internet meydanının ənənəvi medianı üstələdiyini deyirlər
Elə bir zaman yetişib ki, yaşadığımız dövrü kompyutersiz və internetsiz təsəvvür etmək mümkün deyil. İnsanlar evdə oturduqları yerdə, əllərində olan kiçik telefonlarla okeanın o tayında olan proseslərdən rahat şəkildə məlumatlı ola bilirlər. İndi gənclər harasa qonaq gedəndə belə, evdə Wifi-ın olub-olmamağını soruşurlar...
İnternet deyilən texnologiya bu gün nəinki yeniyetmə və gənclərin, orta nəslin də əsas məşğuliyyətinə çevrilib. Danılmaz faktdır ki, sosial şəbəkələr hazırkı vəziyyətdə bizi özündən asılı vəziyyətə salır. İradəsi güclü olan insanlar onları bambaşqa bir aləmə aparan telefonları ilə öz aralarında məsafə saxlamağı bacarırlar. Amma nə etsək də, "İnstagram”, "Facebook”, "Twitter”, "WhatsApp” demək olar ki, gündəlik zamanımızın ən azı yarısına qənim kəsilib. Bir çoxlarımız televiziya qarşısına belə keçməyə zaman tapmayıb, hər şeyi əlimizin altında olan kiçik telefon vasitəsi ilə öyrənməyə çalışırıq. Artıq sosial şəbəkələrin reytinqi televiziyalarımızla bərabər səviyyədə dayanır desəm, yəqin ki, yanılmaram. Çünki sosial şəbəkədə xüsusi izlənilən hər hansı bir videonun baxış sayı hətta daha çox olur. Bu proses bəzi məqamlarda bizim xeyrimizə, bəzi məqamlarda isə ziyanımıza işləyir. Belə ki, son bir neçə ildə sosial şəbəkə vasitəsi ilə tanıdığımız və tanımaqda olduğumuz bir çox gənc ifaçılarla rastlaşmışıq. Onlar güclü səs imkanlarına malikdirlər və sosial şəbəkənin yaratdığı imkanlardan maksimim dərəcədə istifadə edib, xəyalını qurduqları məşhurluğa doğru addım-addım yol qət edirlər. Bu sənətə yeni gələn ifaçılar efirə xərcləyəcəkləri pulu öz yaradıcılığına sərf edib, yeni mahnılar yazdırırlar. Yazdırdıqları yeni mahnıları sosial şəbəkə vasitəsi ilə topladıqları tamaşaçı auditoriyasına nümayiş etdirirlər. Onlar üstəlik, öz izləyiciləri üçün "Youtube” kanalı da açıblar. Bu kanallarda onların izləyicilərinə nəzər yetirdikdə isə, həmin gənclərin kifayət qədər izləyicilərinin olduğunun şahidinə çevrilirik.
Bu yenilik bir çox yaradıcı gənclərə meydan açıb, onların tanınmasına bir vasitəçi olub. Bəlkə də onların sosial şəbəkələr vasitəsi ilə qazandıqlarına televiziya vasitəsi ilə bir neçə aya və yüksək ödəniş etməklə nail olmaq mümkün olardı. Məsələ bu günün əsas gündəm mövzularından biridir. Daha əvvəl mövzu ilə bağlı söhbət etdiyimiz tanınmış müğənnilərdən sosial şəbəkələrin TV və radioları arxa plana keçirdiyi fikirlərini səsləndirənlər də olmuşdu. Sosial şəbəkələrin yeniliklərə açıq olduğunu deyən bəzi televiziya aparıcıları isə onların heç bir müğənniyə "qadağa” qoymadıqlarını da bildirmişdilər. Sosial şəbəkə vasitəsi ilə məşhurlaşan ifaçıların nə titulları, nə də fəxri adları var. Burada reytinq anlayışı daha dürüstdür, üstündür. Bu gün sosial şəbəkələr tələbatlı müğənnilər də yetişdirir. Haradasa şou aləmində yaranan boşluğu doldurur. Onlardan məhz sosial şəbəkələr vasitəsi ilə məşhurlaşan Çinarə Məlikzadəni, Nigar Muharremi, Sadiq Hacını, Sürahini, Rübail Əzimovu və başqalarını misal gətirmək olar.
Bəli, sosial şəbəkə bəzən ən böyük reklam meydanına çevrilir. Ancaq bu məsələdə reklamın da öz üsulu və formatı var. Biz də bu mövzu ilə bağlı ekspertlərlə danışdıq. Onlardan bu gün sosial şəbəkələrin gənclərin həyatındakı rolunu xəbər aldıq. Öyrənməyə çalışdıq ki, gənclər bu vasitələrdən düzgün şəkildə istifadə etməyi bacarırmı? Özünü reklam etməyə çalışarkən anti-reklamın qurbanına necə, çevrilmək mümkündürmü?
"Ənənəvi media sosial şəbəkələrlə rəqabət aparmaqda çətinlik çəkir”
Media məsləhətçilik xidmətinin rəhbəri, PR mütəxəssisi Azər Nəzərovbizimlə söhbətində internet və sosial şəbəkələrin maariflənmə, ünsiyyət qurulması ilə yanaşı, həm də istedadlı gənclər üçün əlavə imkanlar yaratdığını dedi: "Danılmaz faktdır ki, internetin, sosial şəbəkələrin inkişafı həyatımızın hər sahəsinə təsir edib. Ona görə də bu təsirin özünü incəsənət sahəsində də göstərməsinə təəccüblənməyimiz lazım deyil. Əvvəl hər hansı xüsusi istedadı olan bir gənc hansısa bacarıqlarını geniş ictimaiyyətə nümayiş etdirmək üçün əziyyət çəkirdisə, müsabiqələrdən keçib TV və radioda çıxış etmək imkanı qazanırdısa, indi bunu sadəcə özünə "Facebook” səhifəsi və ya "İnstagram” hesabı açaraq dostlarının köməyi ilə edə bilər. Sosial şəbəkələrin quruluşu da buna imkan verir ki, insanlar daha geniş kütləyə mesajlarını daha tez ötürə bilsinlər. Biz sosial şəbəkə istifadəçiləri olaraq müxtəlif zamanlarda qarşımıza çıxan zövqoxşayıcı, maraqlı video və məlumatları izləyir, ətrafımızla bölüşürük. Bu bölüşmə sayəsində bəzən bir video milyonlara gedib çata bilir. Sosial medianın və texnologiyanın inkişafı nəticəsində istedadlı gənclər artıq televiziyaya çıxmaq üçün sponsor axtarmağa, müsabiqələrdə iştirak etməyə ehtiyac duymurlar. Onlar sadəcə öz ağıllı telefonları və dostlarının köməyi ilə məşhurlaşa bilərlər. Ölkəmizdə olduğu kimi, dünyada da sosial şəbəkələrin vasitəsi ilə məşhurlaşan gənclər çoxdur. Məsələn, Justin Bieber "Youtube” kanalı vasitəsi ilə tanınmağa başlamışdı və ya hamımızın "Gangnam Style” mahnısı ilə tanıdığımız Psy. 2001-də musiqi ilə məşğul olmağa başlayan musiqiçini biz 2012-ci ildə "Youtube” portalı vasitəsi ilə tanımışıq. Bu gün sosial şəbəkələrə bir-birindən fərqli elə imkanlar əlavə edilir ki, ənənəvi media adlandırdığımız TV və radiolar onlarla rəqabət aparmaqda çətinlik çəkirlər. Misal üçün, canlı yayım xidməti. Bu gün hər hansı bir şəxs istədiyi zaman sosial şəbəkədə olan öz hesabında bir düyməni basaraq istədiyi yerdən canlı yayım etmə imkanına sahibdir. TV-də canlı yayım etmək isə daha çox xərc və texniki imkanlar tələb edir”.
Ekspertlə söhbət əsnasında onun sosial şəbəkədən yetişməkdə olan yeni ifaçıları izləyib-izləmədiyini də xəbər alırıq: "Düzünü desəm, peşəm etibarı ilə xüsusi bir şəxsi deyil də, bu tendensiyaı həyata keçirən hər kəsi izləməyə, strategiyalarını öyrənməyə çalışıram”.
"Sosial şəbəkə insanlara auditoriyanın fikrini ala bilmək imkanı yaradır”
Mövzumuzla tanış olan Media və PR mütəxəssisi Vüqar Baba deyir ki, sosial medianın auditoriyası günü-gündən böyüyür və danılmaz faktdır ki, ənənəvi mediadan istifadə edənlərin sayı azalır: "Artıq daha az insan televiziyaya baxır, qəzet oxuyur. İnsanlar hər şeyi özünün sosial mediası içində tamamlamağa etməyə çalışır. Bu nöqteyi-nəzərdən, təbii ki, sosial medianın gücündən istifadə edən nəinki şou-biznes nümayəndələri, hətta böyük şirkətlər az deyil. Belə olan halda, səsinə güvənənlər arasında məşhurlaşmaq və gündəmdə qalmaq istəyi daha çox olur. Onlar bu vasitə ilə daha tez məşhurlaşır və gündəmdə qalırlar. Həm də ənənəvi media ilə müqayisədə, bu daha az maliyyə ilə başa gəlir. Televiziyaya çıxıb məşhurlaşmaq istəyən kimsə daha çox pul xərcləməlidir, nəinki bunu sosial mediada bunu edənlər. Sosial media üzərindən çıxış edərkən hər kəsin imkanı var ki, ona lazım olan auditoriyaya hədəflənsin. Belə ki, bu vasitədən istifadə edən gənclər öz reklamlarını özlərinə lazım olan şəkildə verirlər. Ancaq televiziyaya çıxan insan bilmir ki, ona neçə nəfər baxır, onlardan neçəsi kişi, neçəsi qadındır. Sosial mediada isə bunu müəyyən etmək mümkündür. Eyni zamanda, sosial şəbəkə insanlara auditoriyanın fikrini ala bilmək imkanı yaradır. Həmin fikirləri nəzərə alaraq hərəkət etmək, fəaliyyət göstərmək daha sərfəlidir. Və yaxud da ki, ifaçı həmin fikirlərə yerində cavab verərək auditoriyasının daha çox hörmətini qazana bilir”.
Ekspert sözlərinə onu da əlavə etdi ki, sosial şəbəkədən istifadə edən şou-biznes nümayəndələri də daha az büdcə ilə gündəmdə qalmaq imkanı əldə edə bilirlər: "Sosial şəbəkənin məşhurlaşdırdığı o qədər insanlar var ki, tezliklə xəbər saytlarının diqqət mərkəzinə düşürlər, barələrində daha çox məlumat paylaşılır. Adi vətəndaşlar belə, sosial şəbəkə vasitəsilə öz sözlərini çatdırmaq və istedadlarını göstərmək imkanı qazanırlar, nəinki xidmətləri baha olan televiziya avadanlıqlarının köməyi ilə. Elə əllərindəki telefon vasitəsilə harada olduqlarını və ya nə geyindiklərini göstərə, rahat şəkildə sözlərini çatdıra bilirlər”.
V.Babadan gənclərin sosial şəbəkələrdə yaratdığı kanala üzv olub-olmadığını soruşduq: "Heç bir kanala abunə olmamışam. Başqa ölkələrdə yayımlanan verilişlərdə azərbaycanlı çıxış edirsə və o, əks-səda doğuracaq bir verilişdirsə, o zaman sosial şəbəkə vasitə ilə həmin verilişi tapıb izləyirəm”.
"Müsabiqələr sosial şəbəkənin qazandırdığı uğuru verə bilmədi”
Sırf sosial şəbəkə vasitəsilə məşhurlaşan və qısa bir zamanda televiziyaların da ulduzuna çevrilən Çinarə Məlikzadə də mövzumuzla bağlı öz fikirlərini bildirdi: "Sosial şəbəkənin həyatımda rolu danılmazdır. Məxsusən də mənim həyatımda. Çünki mən məhz sosial şəbəkə vasitəsilə məşhurlaşdım. Təbii ki, bu işdə mətbuatın da rolu az olmadı. İndiyə qədər bir neçə səs yarışmalarında iştirak etsəm də, onların heç biri sosial şəbəkənin mənə qazandırdığı uğuru verə bilməmişdi. Hər kəsə bəllidir ki, məni məhz sosial şəbəkə məşhurlaşdırdı. Televiziyanın təbii ki, öz yeri var. Bizim çox reytinqli verilişlərimiz var ki, hər bir müğənni üçün bunun yaxşı tərəfləri çoxdur. Ancaq danılmaz faktdır ki, sosial şəbəkə də böyük meydandır. Sosial şəbəkənin öz izləyiciləri var”.
Şərhlər