DYP rəsmisi Ermənistan bayrağı olan avtomobildən danışdı

21.10.2017 12:48     Sosreaksiya     1327

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) araşdırması nəticəsində Bakı küçələrində hərəkət edən “Mercedes” markalı, 10-UU-550 dövlət nömrə nişanlı avtomobilin üzərindəki emblemin Ermənistan bayrağı olduğu təsdiqlənib.

Reaksiya.az xəbər verir ki, bunu Report-un sorğusuna cavab olaraq idarənin Yol Hərəkətinin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. 

Onun sözlərinə görə, həmin avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib: “Araşdırma nəticəsində məlum oldu ki, “Mercedes” markalı, 10-UU-550 dövlət nömrə nişanlı avtomobil Şahin Xanaliyev adlı şəxsə məxsusdur. Həmin sürücü xaricdə yaşayır. Mənə dediyinə görə, avtomobili Bakıdakı avtosalonların birindən alıb. Özünün də avtomobilin üzərindəki bayrağın Ermənistan bayrağı olmasından xəbəri olmayıb. İddia etdi ki, guya bu, Ermənistanın deyil, Kolumbiyanın bayrağıdır. Avtomobilin üzərindəki nişanın şəklini mənə göndərməsini istədim, o da göndərdi. Sonra araşdırdıq, məlum oldu ki, avtomobil Ermənistanda olan şirkət tərəfindən tüninq edilib. Həmin avtomobil Azərbaycana necə gəlib, məlum deyil. Çox güman ki, Azərbaycana Gürcüstandan gətirilib. Bu barədə onun özünə də dedik. Bildirdi ki, emblemi özü taxmayıb. Həmin emblemi qoparacağını bildirdi”.

V.Əsədov qeyd edib ki, müvafiq dövlət qurumları məsələ ilə bağlı araşdırma aparır.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar