"İP problemi insan taleyindən üstün tutulur"

31.07.2015 17:52     Sosreaksiya     3035

Bu gün daha bir qadının qətli barədə mediada tükürpədici xəbər yayıldı. 25 yaşlı gənc qadının  keçmiş həyat yoldaşı tərəfindən amansızlıqla qətlə yertirildiyi barəsində yazdı bir çox saytlar. Bu tipli olaylar son vaxtlar cəmiyyətimizdə daha çox aktuallaşıb. Hadisələrin qaranlıq tərəflərindən biri də odur ki, qadınlar işgəncələrə məruz qaldığı ərlərindən boşansa belə yenə də təqib edilirlər, narahat edilirlər hətta öldürülürlər belə. Buradan belə anlaşılır ki, cəmiyyətimizdə boşanmaq mədəniyyəti yoxdur. Və ya hadisələrin kökündə başqa səbəblər durur. Bütün bunlara Təmiz Dünya Qadınlara Yardım İctimai Təşkilatın sədri Mehriban xanım Zeynalovayla aydınlıq gətirməyə çalışdıq.

- Mehriban xanım, yəqin ki, bu gün baş vermiş hadisədən xəbəriniz oldu. Çünki bir çox xəbər portalı hadisəylə bağlı məlumat yaydı. Mediada bu tip hadisələrin yayılmasına necə baxırsız?

- Baş vermiş hadisələr hər kəsdən çox bəlkə də məni hiddətləndirir. Çünki insan başı kəsmək adi bir şey deyil. İlk öncə baş kəsmək məsələsinə münasibət bildirmək istəyirəm. Bu gün İP yığmaq üçün öldürülən qadınlar haqqında “başı kəsildi” başlığının verilməsi insanların bu cür olaylara adi yanaşmasına gətirib çıxarmaqla yanaşı cinayətə marağı da artıra bilir. Heç bir sayt sonradan (çox az kimsə izləyə bilər) baş vermiş cinayətə görə verilmiş cəza haqqında geniş məlumat vermir. Bu isə cəmiyyətdə cəzasızlıq fikrini formalaşdırır. Qətiyyətlə belə başlıqların verilməsini pisləyirəm. Etiraf edək ki, indiki halda saytlarda İP problemi insan taleyindən daha üstün tutulur. İP xətrinə hansı başlıqlar verilimir ki. Burada müsbət tərəf odur ki, medianın şəffaflığı təmin edilir. Lakin digər tərəfdən də bu tip xəbərlərin manşetə çıxarılması yol verilməzdir. Belə ki, ümumiyyətlə cinayətlər üçün saytda kriminal xronikası mövcuddur və mütəxəssislər üçün bu bölümdə hadisələr verilə bilər. Mən bir mütəxəssis kimi əgər maraqlıyamsa ki, qadın cinayətlərini öyrənim o zaman zəhmət çəkib həmin bölməyə baxacağam. Amma manşetə çıxarmaq sisal psixoloji vəziyyəti kəskinləşdirir. Hər kəs üçün psixoloji baxımdan əl çatanlığı təmin edir.

- Qadınların öldürülməsi halları getdikcə artmaqdadır. Gerçəkdən belədirmi, yoxsa bizə elə gəlir?

- Bəli, bu məsələ ciddi şəkildə artmaqdadır. Müqayisə etdikdə bu il əvvəlki illərə nisbətən daha çox artım görünür. Bu da medianın ictimailəşdirilməsi hesabınadır. Namus cinayətləri adı altında bu cinayətlər adi hala çevrilməyə başlayıb. Qadınların təhlükəsizlik indeksi hazırlanmalıdır. Biz təşkilat olaraq bu təhlükəsizlik indeksi barədə tez-tez danışırıq və birgə hazırlamağa hazır olduğumuzu bəyan edirik.

-Mehriban xanım, son dönəm cinayətlərinə nəzər saldıqda görürük ki, daha çox qadınlar keçmiş həyat yoldaşları tərəfindən qətlə yetirilib. Bizdə boşanma mədəniyyəti mövcud deyil eləmi?

- Bu yeni hadisə deyil. Mən sizə mətbuatın 2012-2013-cü illər üzrə monitorinqini göstərsəm həmin hadisələr həmin dövrədə də vardır. Sadəcə indi ötən illərə nisbətən artıb. Boşanma mədəniyyəti bizim xalqa məxsus deyil, çünki bizim xalq adətən boşanmaq üçün evlənmir. Bütün baş verən boşanmalar, intiharlar və qətllər heç də boş yerə baş vermir. Bütün bunların səbəbi geniş şəkildə kompleksli araşdırılmalıdır. Hesab edirəm ki, araşdırma mərkəzləri siyasi məsələlərlə yaanşı qadın məsələləri üzrə də mövcud olmalıdır. Və bu cür problemlərin kökü diqqətlə araşdırılmalı, öyrənilməlidir. Bu məsələlərlə bağlı psixoloqlar, sosial işçilər, sosioloqlar, dindarlar, alimlər ciddi rəy verməlidir. Problem virus halını alıb artıq.  

- Bildirilirdi ki, son hadisə azyaşlı uşağın gözü qarşısında törədilib. Təminat vermək olarmı ki, belə uşaqların psixoloji durumunda pozuntular yaşanmayacaq? Ümumiyyətlə belə bir uşaq cəmiyyət üçün təhlükəli sayıla bilərmi?

- Uşaqların gözü qarşısında baş vermiş cinayətlər artıq başqa mövzudur. Biz təşkilat olaraq hər zaman bu məsələ barədə səsimizi qaldırırıq ki, gözünün qarşısında anası öldürülən uşaqlar daha böyük travma alırlar. Azərbaycanda hələ də bu tip cinayətlər nəticəsində travma almış uşaqlar üçün xidmət paketi yoxdur. Yəni həmin uşaq dərhal psixoloji xidmətə istiqamətləndirilməlidir. Bu uşaqların gələcəkdə daxili aqresiyanın artması və cinayətkara çevrilməsi labüddür. İkinci bir məsələ də odur ki, belə uşaqlar mütləq şəkildə qəyyumluq komissiyaları tərəfindən dövlətin himayəsinə verilməlidir. Bizdə nə baş verir? Bizdə cinayəti törədənin və ya zərərçəkmişin valideyinləri uşağı himayəyə götürür. İkinci bir travma da burada başlayır. Kin və qəzəb hissi ilə yaşayan valideyinlər həmin uşağa heç bir humanist hisslər aşılamır. Sadəcə öz ağır psixoloji yüklərini uşağa yükləyirlər.

Rumiyyə MİRASLAN

Şərhlər

Çox oxunanlar